Bərdədə bir ay əvvəl intihar etmiş rayon sakininin qanını batırdılar…
Bu qətlin ört-basdır edilməsində daha kimlərin adı hallanacaq?
“Azadlıq”ın 24 aprel 2011-ci il tarixli sayında dərc olunmuş yazıların birində Bərdədə məmur özbaşınalığından qaynaqlanaraq baş vermiş bir dəhşətli hadisənin acı nəticələrindən bəhs etmişdik. Qısa olaraq xatırladaq ki, söhbət rayon sakini Cəmaləddin Paşayevin Bərdə rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri Vidadi Imanquliyevin iş otağında onunla mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırmasından gedir…
Ən dəhşətlisi bu idi ki, rayon Icra Hakimiyyətinin rəhbərliyi tərəfindən əvvəlcə Bərdədəki mərkəzi xəstəxanaya, daha sonra isə vəziyyəti ağır olduğundan Bakıya gətirilən zərərçəkmişin, hətta yaxınlarının hadisə ilə bağlı mediaya açıqlama verməsinə belə, qadağa qoyulmuşdu. Amma Bərdənin bütün sakinləri bilirlər ki, Cəmaləddin Paşayevin intihara əl atmasına səbəb onun ailəsinə ünvanlı sosial yardımın verilməməsi idi. Ailə uzun müddət dövlətin ayırdığı yardımı almaq üçün Bərdə Rayon Sosial Müdafiə Mərkəzində ən təhqiramiz süründürməçiliyə məruz qalmışdı.
“Belə də Allahsızlıq olarmı?”
“…Cəmaləddin Paşayev Bakıdakı xəstəxanada dünyasını dəyişmişdi. O vaxt bu hadisənin ört-basdır edilməsi üçün Rayon Icra Hakimiyyətinin başçısı Vidadi Isayev rayonun prokuroru Rəhim Əliyevə, rayon Polis Şöbəsinin rəisi Hikmət Quliyevə və digər rəsmi adamlara xüsusi tapşırıq vermişdi ki, bu məlumatlar mediaya yol açmasın. Amma ”Azadlıq” qəzeti bütün qadağalara baxmayaraq, araşdırma aparıb bu barədə yazı dərc etdi, məsələ ictimailəşdi. Ən maraqlısı isə bu idi ki, icra başçısı Vidadi Isayev məmurların əlindən intihar etmiş sadə Azərbaycan vətəndaşının qanını batırmaq istəyirdi. Və buna da nail oldu…”, – deyə dünən redaksiyamıza məlumat verən Bərdə sakini R.Həsənov bildirir.
Onun sözlərinə görə icra başçısı məmur özbaşınalığının ört-basdır edilməsi üçün hər şeyə getməyə razı idi: “Onun tapşırığı ilə əvvəlcə məlumatın mediaya ötürülməsinə qadağa qoyuldu. Sonra Bərdə rayon prokuroru Rəhim Əliyevə tapşırıb ki, cinayət işi başlayandan sonra istintaq başqa səmtə yönəldilsin… Lakin zərərçəkmişin yaxınlarının sərt etirazından sonra məsələ bir az səngiyib. Sonra polis rəisini işə qoşublar. Rəisin adamları intihar etmiş Cəmaləddin Paşayevin ailə üzvlərini ələ almağa başlayıblar. Sonu bu oldu ki, bu cinayət işinin istintaqının nə yerdə olduğunu indi kimsə bilmir. Bakıda hansısa rayonun komissarı 5-6 min manat rüşvət alan kimi həbs etdilər, amma bir insanın intihar etməsinə – üstünə benzin töküb yandırmasına, həyatına son qoymasına bais olmuş Bərdə rayon Sosial Müdafiə Mərkəzinin rəisi Vidadi Imanquliyevə ”gözün üstə qaşın var” deyən yoxdur. Çünki onun arxasında duranlar və onu müdafiə edənlər icra başçısının yaxın dostlarıdır. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən kimin başçıya zəng etdiyi də Bərdədə hamıya məlumdur. Belə də Allahsızlıq olarmı? Bir insanın qanı batırılır, hamı susur. Niyə belə bir səs-küylü hadisənin istintaqının nə yerdə olması barədə ictimaiyyətə bir aydır bir kəlmə də məlumat verilmir?
Hadisədən sonrakı ilk vaxtlarda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlandığını demişdi: “Hazırda iş üzrə hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir”. Vəssalam!
Məgər cinayət işinin başvermə səbəbləri məlum deyildi? Axı, Bərdə rayon Sosial Müdafiə Mərkəzinin rəisi Vidadi Imanquliyev Cəmaləddin Paşayevdən müavinət ayrılması üçün rüşvət istəmişdi. Bunu bütün media da yazmışdı. Bundan artıq nə demək lazımdır ki?!”
***
Qeyd edək ki, biz özümüz də Bərdə rayon Prokurorluğundan fakt üzrə qaldırılmış cinayət işinə dair istintaqın nə yerdə olduğunu öyrənə bilmədik. Amma bir müddət əvvəl mərhumun qardaşı Kəmaləddin Paşayev “Azadlıq”a bildirmişdi ki, Cəmaləddinin ailəsinin maddi durumu həddindən artıq pis olub. O, hadisə baş verən gün ünvanlı sosial yardım almaq üçün rayonun Sosial Müdafiə Mərkəzinə müraciət edib. Lakin onun ailəsinə sosial müavinət verməkdən imtina olunub. Daha doğrusu, ondan rüşvət tələb olunub. Cəmaləddin Paşayev maddi vəziyyətinin pis olduğunu izah etməyə çalışsa da, qarşı tərəfi fikrindən daşındıra bilməyib. Belə olan halda, ailə başçısı üç uşağını da götürərək, mərkəzin rəhbəri Vidadi Imanquliyevin görüşünə gedib. Onun kabinetində baş tutan söhbət zamanı Paşayev bir daha durumunun ağır olduğunu izah etməyə çalışıb. Yenə də vəziyyətin düzəlmədiyini görəndə isə uşaqları Vidadi Imanquliyevin otağında qoyaraq, “Bu uşaqlara mən baxa bilmirəm, onda siz baxın” deyib və çıxıb gedib. Vidadi Imanquliyev Bərdə Rayon Polis Şöbəsinin rəis müavinini mərkəzə çağırıb və uşaqlar altı polisin, o cümlədən rəis müavininin müşayiətilə evlərinə göndərilib. Həmin vaxt Cəmaləddin Paşayev evdə olub. Ailə başçısı rəis müavininin nəzərinə çatdırıb ki, artıq qanunsuzluqlardan, özbaşınalıqlardan bezib və özünü yandıracaq. Rəis müavininin reaksiyası isə belə olub: “Yandıranda bizə xəbər elə, benzin verək…”. Rəis müavini bununla da kifayətlənməyərək, yanındakı polisləri maşından benzin gətirməyə göndərib. Yaranmış durumdan bir qədər də əsəbiləşən Cəmaləddin Paşayev Tərtər çayının kənarında özünü yandırıb.
Bu da hadisəyə, daha doğrusu, sadə vətəndaşın acınacaqlı durumuna rayonun hüquq-mühafizə orqanı rəhbərlərinin mövqeyi.
Maraqlıdır ki, Cəmaləddin Paşayev Bakıda xəstəxanada ağır vəziyyətdə yatarkən, valideynləri Bərdə Rayon Icra Hakimiyyətinin başçısı Vidadi Isayevin yanında olublar. Icra başçısı isə vəziyyəti diqqətdə saxlayacağına söz veribmiş, amma indi məlum olur ki, əksinə, başçı zərərçəkənin ailəsinin başının altına yastıq qoyub.
Bərdə sakinləri onu bildirirlər ki, Tərtərin sabiq icra başçısı Vidadi Isayev Bərdəyə eyni vəzifəyə gətiriləndən sonra həmyerlisi və adaşı olan Vidadi Imanquliyev rayonda at oynatmağa başlayıb. Icra başçısı ilə Vidadi Imanquliyevin yaxın qohum olduqları da deyilir. Elə bu qohumluğun və ərköyünlüyün isə acısını sadə Bərdə sakinləri çəkir. Təsəvvür edin ki, istədiyini edən Vidadi Imanquliyev, hətta özünə xüsusi mühafizə də ayırıb, rayonda geniş torpaq sahələri, mağaza və dükanlar, mülklər alıb, özünə və ətrafına super şərait qurmaqla məşğuldur.
***
Onu da deyək ki, məlum faciəli hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlandığı və istintaq aparıldığı deyilsə də, bir aydır ki, ortada bir nəticə yoxdur.
Qeyd edək ki, həmin maddə üzrə (“Maddə 125. Özünü öldürmə həddinə çatdırma) Bərdə Sosial Müdafiə Mərkəzinin direktoru Vidadi Imanquliyevi 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir… Təbii ki, Bərdənin icra başçısı Vidadi Isayev imkan versə. Çünki Vidadi Imanquliyev nəinki vəzifəsindən kənarlaşdırılıb, hətta o, heç bir məsuliyyət daşımadığını açıqca deyir. Doğrudanmı belədir?
Mövzunu diqqətdə saxlayacağıq.
Seyid


