
İranda tanınmış vəkil, hüquq müdafiəçisi Nəsrin Sütudə yoldaşı ilə birlikdə yenidən tutulub.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) Tehran şöbəsinin əməkdaşları dekabrın 10-u sübh saatlarında küçədə Nəsrin Sütudə və yoldaşı Rza Xəndanın avtomobilini saxlayaraq onları Ettelaat idarəsinə aparıblar. Nəsrin və yoldaşının insan hüquqları ilə bağlı Vəkillər Ocağının qarşısında keçirilən bir toplantıya qatılmaq istərkən tutulduğu bildirilir.
Rza Xəndan tutulduqdan bir neçə saat sonra azadlığa buraxılsa da yoldaşı Nəsrin həbs edilib. Jurnalistlərə açıqlamasında Rza Xəndan Ettelaat əməkdaşlarının onlarla rəftarından danışıb: “Biz yolda gedərkən birdən-birə mülki geyimli şəxslərin idarə etdiyi bir neçə avtomobil bizim maşınımızı mühasirəyə aldı. Hər hansı bir məhkəmə qərarı göstərməyən həmin şəxslərin bizimlə davranışı adam oğurluğuna bənzəyirdi. Nəsrin Vəkillər Ocağının qarşısında peşə fəaliyyətinə qoyulan qadağaya etiraz əlaməti olaraq etiraz aksiyası keçirmək istəyirdi”.
Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.
Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.


