Nardaranda etiraz aksiyası keçirildi FOTO

Qəsəbə sakinləri işsizlikdən, qaz və işığın olmamasından narazdırlar

Dekabrın 10-da Nardaran sakinləri sosial tələblərlə mitinq keçirib. Sakinlər işsizlik probleminə, qəsəbəyə qaz və elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz ediblər. Bildiriblər ki, tələbləri yerinə yetirilməsə yenidən aksiya keçirəcəklər. Məlumat azadliq.info-ya qəsəbədəki mənbələrdən verilib.

Nardaran ağsaqqallarından Hacı Natiq Kərimov “Azadlıq” radiosuna deyib ki. qəsəbəyə işıq vermirlər, qaz yoxdur. “Bu qışın soyuğunda evlərimizi isidə bilmirik. Danışıqlar da nəticə verməyəndən sonra kənd camaatı etiraz aksiyası keçirdi.

Azı bir həftədir kəndin işıqlarını kəsiblər. Sutkada 6-7 saat fasilələrlə işıq verilir. Qalan vaxtlar işıqları kəsirlər. Amma kəndəki boş villalarda çıl-çıraqlar yanır. Bizim etiraz aksiyasından sonra hələ ki, bütün gün işıqlar verilir. Biz də çalışacayıq imkanımız daxilində elektrik enerji haqqını ödəyək”, – deyə o qeyd edib.

N.Kərimov deyib ki, qaz idarəsi ilə danışıq aparıblar, kənd məhəllə-məhəllə qazla təmin edilir: “Düzdür, mənim yaşadığım məhəllədə hələ qaz yoxdur. Amma digər məhəllələr qismən qazla təmin olunur. Əsas problem işlizlikdir. Gənclərimiz əli cibində boş-bekar gəzirlər. Biz bu haqda azı 10 ildir danışırıq. Yenə əvvəllər kəndlilər Rusiyaya, Türkiyəyə alverə gedirdilər. İndi vəziyyət pisdir. Kənddə də su verilmir ki, camaat əkin-biçinlə məşğul olsun. Bizim əhalinin sosial durumu çox pisdir. Vəziyyət heç yaxşı deyil. Əgər camaat hardasa işləsəydi kommunal xərclərini də ödəyərdi. Yoxsa, bizə hansısa güzəşt olunmasa biz borcumuzu ödəyə bilmərik”.