Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Xədicənin həbsi gözlənilməz deyildi. Gözlənilməz olan həbsin bu qədər gecikməsi idi.
Onu hansı ittihamla tutmağın isə heç bir anlamı yoxdur, bunu müzakirə etmək belə gülməlidir. Xədicə rejimin tabuya çevirməyə çalışdığı mövzularda yazırdı. Üstəlik, təxəyyül əsasında, mücərrəd və təyinatsız şəkildə yox – təkzibolunmaz faktlarla!
Təkzib etmək mümkün deyilsə, deməli, həbs etmək lazımdır.
Xədicəyə elan edilən ittihamın nə qədər gülməli olduğunu isə Siyavuş Novruzovun dünənki açıqlamasından aydın görmək mümkündür. Sitat: “Xədicə Ismayılın törətdiyi əmələ sabah cavabdeh ola biləcək təşkilat varmı ki, buna etiraz edirlər? Bu, bir daha göstərir ki, artıq o təşkilatlar narahat olmağa başlayıb ki, onların özünün də bu əməllərdə suçu var və öz günahlarının aşkara çıxacağından qorxurlar”.
Cümlənin bu hissəsinə daha yaxşı fikir verin: “Beynəlxalq təşkilatlar narahat olmağa başlayıb ki, onların da bu əməllərdə suçu var?” – hansı əməllərdə? Beynəlxalq təşkilatların məsələyə nə dəxli? Bəs deyirdilər bu həbsin kökündə sırf şəxsi məsələ dayanır? Əgər söhbət intihar həddinə çatdırma kimi Azərbaycanın hüquq təcrübəsində demək olar ki, işləməyən, tətbiq olunmayan, amma bir tənqidçi jurnalistə, özü də xanım jurnalistə isə dərhal, özü də gülməli əsaslarla şamil edilən bir maddədən gedirsə, beynəlxalq təşkilatların hansı suçundan danışmaq mümkündür? Bəlkə bütün planet Xədicə ilə birləşib həbsə qədər heç kimin tanımadığı bir nəfəri intihar həddinə çatdırmaqla məşğul olurmuş? Əlbəttə, yox, Siyavuş Novruzov əzbərçiliyə, ondan nə haqda soruşursunuzsa soruşun eyni sözləri təkrarlamağa o qədər aludədir ki, özü də bilmədən əslində həbsin kökündə Xədicənin jurnalist fəaliyyətinin dayandığını etiraf etmiş olur. Digər yaptokratların da Xədicəyə rəsmi şəkildə irəli sürülən “intihar həddinə çatdırma” maddəsini qoyub, yalnız onun müxalif mövqeyi üzərində dayanması bu növbəti repressiya, susdurma aktının siyasi intiqam duyğusunun nəticəsi olduğunu söyləmək kifayətdir.
Siyavuşu əzbərçilikdə qınaya-qınqaya birdən ağlıma gəlir ki, artıq bizim siyasi həbslərə münasibətimiz də əzbərçiliyə çevrilir. Bax elə yazının əvvəlindən buracan yeni heç nə yazmadığımı bilirəm. Bundan sonra yazacaqlarımda da yeni heç nə olmayacaq. Digər şərlənən dostlarımızın həbsi zamanı yazdıqlarımız da üç aşağı, beş yuxarı eynidir, bir-birinin təkrarıdır, olsa-olsa, adlar fərqlidir.
Qınamalı deyil, hər belə həbs hansı uydurma ittihamla, hansı əldəqayırma maddə ilə həyata keçirilir keçirilsin, səbəb birdir: ölkədə başdan ayağa, təpədən dırnağa həqiqətsizlik mühiti yaratmaq. Yalanın ayaq açması ilə kifayətlənməmək, onun yeriməsini də təmin etmək.
Hamıdan tələb olunan aydındır: həqiqətin deyil, yalanın gücünə inanmaq, həqiqətdən deyil, yalandan ilhamlanmaq. Həqiqəti deyil, yalanı normaya çevirmək.
Sovet dövrünün məşhur lətifələrindən birində deyildiyi kimi:
Pasient psixiatrın qəbuluna gələrək deyir:
– Həkim, məndə şəxsiyyətin pozulması var: bir şey düşünür, başqa şey deyir, üçüncünü edirəm.
– Bu, onu göstərir ki, tam normalsan!
Hə, indi də vəziyyət dəyişməyib – yaptokratların Azərbaycanında “normal” qəbul olunan və hər kəsdən tələb edilən məhz budur: bir şey düşünüb başqa bir şey deyib üçüncünü etməlisən. Bunu bacarırsansa, deməli, narahat olmağa dəyməz – səndə hər şey qaydasındadır.
Əks halda aqibətin həbsdir, mənəvi və fiziki işgəncələrdir, mühacirətdir, işsizlikdir, yoxsulluqdur. Iftiralara, böhtanlara “yem” olmaqdır.
Artıq yalansız yaşamaq mümkünsüzə çevrilir, möcüzə kimi görünməyə başlayır. Artıq yalansız yaşamaq – qanun və əxlaq pozuntusu kimi assosiasiya edilir.
Artıq sürətlə həqiqətsizlik illərinə doğru irəliləyirik.
Xədicənin həbsi həqiqətsizlik illərinə doğru atılmış növbəti və ən iri addımdır.
Bəs nə etməli?
Adam illərdir təkrarlayıb durduğu bu sualı özünə verməkdən də utanır daha. Daha bu suala cavab axtarmaq da yorucu və iyrənc bir işə çevrilir.
Bu yazıya belə bir bədbin, çarəsizlik və ümidsizlik dolu sonluq Xədicənin tükənməz optimizminə yaraşmır, bilirəm, amma indi bu ovqatdayam.
Odur ki, gərək bağışlayasınız.