Ən pis müdafiə

Yaşadığımız ölkənin acı reallığı özünü vətəndaş hesab edən hər kəsi narahat edir. Insanlar “qara bulud”ların mənfi enerjisindən xilas olmaq istəyir. Amma bu “qara bulud”lar səmanın ağlığını məhdudlaşdırmaqdan çəkinmirlər və bacardıqca şərin “təam”ından insanlara dadızdırmaq istəyirlər.

Yəni haqsız olduqları halda, bütün arqumentlərinin  “intihar” etdiyi bir reallıqda, utanmadan “hücum planı” hazırlayırlar.

Bəlkə də “ən yaxşı müdafiə hücumdur” taktikası hansısa məqamda özünü doğrulda bilər. Amma ölkədəki qanunsuzluqlara etiraz edən, qondarma həbsləri üsyanla qarşılayan, zülmün qarşısında mərdliklə dayanan insanlara “müharibə” elan etmək, “ən yaxşı müdafiə” deyil. Əksinə, ən xəyanətkar hücumdur. Çünki, qarşıdakı “düşmən postu”nu deyil, düşməni hədəf seçən dəstəni nişan alırsan.

Son günlər AXCP-yə və “Azadlıq” qəzetinə qarşı “Yeni Müsavat” “tabor”unun hücuma keçməsi tarixin ən pis səhifəsi kimi xatırlanacaq.

Təbii ki, bu hücumlar zamanı bizim məğlub olmaq şansımız yoxdur. Çünki, bütün “yüksək”liklər bizim əlimizdədir və düzənlikdə irəliləyən dəstəni zərərsizləşdirmək çətinlik yaratmır.

Sadəcə olaraq haqsız mövqedən çıxış edib, haqlı olanı məğlub etmək israrı təəssüf doğurur.

“Yeni Müsavat”ın yazarları guya bu qəzeti müdafiə edən, Əli Kərimlini borclu çıxaran məqalələr yazırlar. Bəlkə də bu məqalələr Rauf Arifoğlunun xoşuna gəlir. Amma ictimaiyyət bu bibarıçı müdafiəyə ikrahla yanaşır.

AXCP və “Azadlıq” qəzeti “Şamu-qəriban”dan sonra “xeymə”də qala bilib. Indi bu adamlar Kərbəla meydanına çıxmağa da,  şəhidlik libasını geyinməyə də hazırdılar. 

Belə bir məqamda bu adamları məhkəmə ilə qorxutmaq, həbslə hədələmək, özünümüdafiə də deyil. Sadəcə olaraq, Yezidin ordusuna piyadalıq etməkdir.

21 illik YAP hakimiyyəti “Əli Kərimli xaricdən maliyyələşir” deyə bildi. “Yeni Müsavat” isə “Əli Kərimlinin Isveçrə bankında 2 milyon pulu var” deyəcək qədər enə bildi. Yəni şərin konkretləşdirilmiş formasını “Səs”ə, “Yeni Azərbaycan”a deyil, “Yeni Müsavat”a uyğun gördülər.  

Çox maraqlıdır. Bəlkə də “Yeni Müsavat”ın AXCP üzrə ixtisaslaşmış kadrları “Azadlıq” qəzetinin kollektivi kimi aylarla maaş almamaq imtahanından qorxduqları üçün, şərin “ixtira”larına haqq qazandırırlar.

Bu gün “Azadlıq” qəzeti “Yeni Müsavat”ın missiyasını yerinə yetirsə, şəxsən mən 1 dəqiqə də bu redaksiyada dayanmaram. 

AXCP-nin və “Azadlıq” qəzetinin missiyasının nədən ibarət olduğunu, “Yeni Müsavat” qəzetinin haqqında yazmağa “tövbə” etdiyi ideoloqlar da etiraf ediblər.  

Bu gün “Azadlıq”ın və AXCP-nin müxalifət düşərgəsinin yeganə alternativi olduğunu danmaq, “dənizdə su olmur” demək kimidir. Vicdanlı insanlara ləkə atmaq isə təyyarəyə daş atmağa bənzəyir. 

Bəlkə də “Yeni Müsavat”ın lüks redaksiyasından “Azadlıq” qəzetinin nimdaş otaqlarına “palçıq” atmaq cazibədar görünür. Bəlkə də qərargahsız, maliyyəsiz, üzvləri həbsdə olan AXCP-yə qarşı döyüşmək uğur vəd edir.

Amma nə “Azadlıq”ı, nə də “AXCP”ni məğlub etmək mümkün deyil. Çünki, “Azadlıq” da, AXCP də məhrumiyyətlərin, çətinliklərin məngənəsində bərkiyib. 

Yəni sizi qorxudan gələcəyi biz uzun illərdi yaşayırıq. Sizin qorxduqlarınız bizim başımızdan əksik olmayıb.

Bu haqda çox söz yazmaq olar. Amma qısa xatırlatma ilə demək istədik ki, özünüzü çox pis müdafiə edirsiniz.

Nə qədər ağıllı cümlələr qurmağa çalışsanız da, qərəzli olduğunuzu gizlədə bilmirsiz.

Kaş topunuzun lüləsini o biri tərəfə yönəldə biləydiz. Çünki, bu tərəfi nişan ala bilmirsiniz. Bütün “mərmi”lər  hədəfdən yayınır.

Dostlar, siz əsgər kimi yox, fərari kimi hərəkət edirsiz.

Səngərdən qaçmaq qərarına gəlmisinizsə, bunu səngərdəkiləri  xain adlandırmaqla sığortalamayın.