Məzən olsun, Məzahir bəy!

MSK bələdiyyə seçkilərini «alman dəqiqliyi» ilə keçirəcək

Dekabrın 1-də Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, 23 dekabr bələdiyyə seçkilərində 8 siyasi partiya namizədlərini irəli sürüb və fərdi qaydada namizəd olan partiya üzvləri nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərinə qatılıb.

“Media forum” saytı dekabrın 1-dən bəri dəfələrlə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədliyə müraciət edərək 23 dekabr seçkilərində namizəd olmuş 30 siyasi partiyanın siyahısını istəyib və hansı partiyanın neçə namizədinin qeydə alındığını soruşub. Təəssüf ki, MSK sözçüsü sualı cavablandırmayıb. MSK sədrinin müavini Natiq Məmmədovdan da bu barədə heç nə öyrənmək mümkün olmayıb.

Eyni zamanda MSK sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda seçki ilə bağlı seçki komissiyalarından daha çox səlahiyyətli, eyni zamanda məsuliyyətli orqan yoxdur: “Səsvermə günü bizim hamımız alman dəqiqliyi ilə işləməliyik. Hamınızı bir gün alman dəqiqliyi ilə işləməyə dəvət edirik”- deyə Məzahir Pənahov bildirib.

Əvvəla, bu 30 siyasi partiyanın kimliyi həqiqətən də maraqlıdır. Bugün ölkə ictimaiyyətinə tanış olan partiyalar barmaqla sayılacaq qədərdi. Görünür, bələdiyyə seçkilərində adı olub özü olmayan, yalnız sədrlərdən ibarət partiyalar da təmsil olunacaq. 

Əslində, Azərbaycan reallığında 30 partiyanın peyda olması təəccüblü deyil. Bir halda ki, 5000-ə yaxın KIV-in, 4000-dən artıq QHT-nin fəaliyyət göstərdiyini iddia edə bilirlər, 30 partiyanın varlığını da sübut edə bilərlər. 

Ümumiyyətlə, Azərbaycanda bələdiyyə seçkilərinin “Yeni ulduz” seçkisi qədər önəmi yoxdur və bu seçkinin necə keçirilməsi ölkə ictimaiyyəti üçün maraqlı deyil.

Amma MSK sədri Məzahir Pənahovun “alman dəqiqliyi” ifadəsi çox maraqlıdır. Görünür, deputat Qalib Salahzadənin “mən bilirəm bələdiyyələrə kimlər seçiləcək” etirafından sonra Məzahir Pənahov dəqiqlik məsələsinə xüsusi önəm verir. Əslində, Qalib Salahzadənin bu fikirləri Azərbaycanda seçkilərin hansı vəziyyətdə olduğunu bir daha ortaya qoydu.

Başqa maraqlı məqam ondan ibarətdir ki, Məzahir Pənahov cəmi 1 gün alman dəqiqliyi ilə işləməyi xahiş edir. Yəqin prezident və parlament seçkilərində “Azaərbaycan dəqiqliyi”nə daha çox ehtiyac duyulur.

Məzahir Pənahov həm də başa düşür ki, “Azərbaycan dəqiqliyi ilə işləyək” desə, adamlar gülməkdən ölə bilərlər.

MSK sədri onu da qeyd edib ki, Azərbaycanda MSK-dan məsuliyyətli orqan yoxdur. O, haqlıdır və bunu sübut da edib.

Həqiqətən də Cəmil Həsənlinin səsini Ilham Əliyevin adına yazmaq məsuliyyət tələb edir. Yaxud, 40000 imza toplamış adama 15000 səs yazmaq da məsuliyyətli işdir. Məhz bu məsuliyyətin nəticəsidir ki, ATƏT-in müşahidə missiyası seçkiləri “58 faiz pis və ya çox pis” kimi qiymətləndirdi.

Indi MSK alman dəqiqliyi ilə işləyib, qeyb olmuş 30 partiyanı da tapacaq və “məsuliyyət”ini davam etdirəcək. Biz də yeni partiya adı öyrənmiş olacağıq. 

Bir sözlə, Bələdiyyə seçkiləri Azərbaycansayağı “alman dəqiqliyi” ilə baş tutacaq.

Akif