ABU-nun dekanı ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq Azərbaycan Beynəlxalq Universitetinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə başlanmış cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaq edilən cinayət işinin materiallardan həmin universitetdə dekan vəzifəsində işləmiş Ismayıl Məmmədovun barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı yekunlaşıb.
Istintaq zamanı universitetin Dövlət və bələdiyyə idarəetməsi, Tarix və ictimaiyyət fakültələrinin dekanı vəzifəsində işləmiş Ismayıl Məmmədovun Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olub külli miqdarda rüşvət almaq məqsədi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərin Ukrayna və Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrində təhsil almaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədləri tərtib edərək Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin müxtəlif fakültələrinə II kursdan köçürülmələrini aparmaqla həmin şəxslərdən 68 min 300 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və qeyriləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


