Siz Novruz əmini tanıyırsınızmı?

…Türkiyəyə son səfərim zamanı qəribə bir əhvalata tuş gəldim. Qaldığım hotelin foyesində təsadüfən tanış olduğum Milliyyətçi Hərəkat Partiyasının bir neçə üzvü ilə təxminən on-on beş dəqiqə söhbətim oldu. Müxalifət yazarı olduğumu öyrənən türk qardaşlarımızın mənə ilk sualı belə oldu: “Siz Nevruz əmmiyi tanırsınızmı?”… Emmi, yəni əmi Türkiyədə həm də yaxşı mənada avtoritet deməkdir. Hər yoldan ötənə demirlər… 

Açığı duruxub, qaldım və dedim ki, yox, tanımıram. Çətinə düşdüyümü görən arkadaşlar mənə ipucu verdilər, dedilər ki, Azərbaycanda Əliyevə darbeni (hakimiyyətə qarşı silahlı üsyan, yaxud buna cəhd – X.Ə.) ilk dəfə başlayan Novruz əmidən bəhs edirik. Bildirdim ki, Azərbaycanda iki dəfə darbe olub, hər ikisində də prezidentin soyadı Əliyev olub, hansından söhbət gedir, lütfən söyləyin. 

Duruxub qalma növbəsi arkadaşlara çatdı. Novruz əminin Əbülfəz Elçibəyə, yoxsa Heydər Əliyevə darbe endirdiyini xatırlamırdılar. Bu zaman mən onlara ipucu verməyə başladım, soruşdum ki, yaxşı xatırlayın, sizinlə təmas zamanı o hansı prezidenti tərif, yaxud tənqid edirdi?.. 

Cavab orijinal idi – hər hansı birini… Dedim ki, arkadaşlar, siz mənimlə dalğamı keçirsiniz (məzələnmək deməkdir – X.Ə.)?

Nəhayət, onlardan biri son çarə kimi telefonunu mənə uzadaraq, oradakı fotoya baxmağımı xahiş etdi. Novruz əminin də olduğu dörd adamdan yalnız birini – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu tanıya bildim. Bir başqası olsaydı, həmən telefon açar, məsələni yerində çözərdim, lakin kəndisinin hazırda bizə düşmən kəsildiyindən bu “arzum” ürəyimdə qaldı. 

Bir daha onlara bildirdim ki, mən burada bütün Türkiyənin darbeçi və bir nömrəli “azeri bozqurd”u Novruz əmini yox, sifəti tanış gələn bir azərbaycanlı görürəm, heç olmasa soyadını söyləyin, lütfən. 

Novruz Bozalqanlı dedilər… 

Mən onlara dedim ki, bu adam mərhum Əbülfəz Elçibəy dönəmində bir müddət Tovuz rayonunda emniyyət müdiri (polis rəisi) işləyib. Əgər o darbeçi olubsa, bunu Elçibəyə qarşı edə bilməzdi. Qalır digər mərhum prezident Heydər Əliyev… Nəzərə alsaq ki, bu adam hazırda Azərbaycana sərbəst şəkildə gedib-gələ bilir, demək, ikinci “darbe”də də iştirakı qeyri-mümkündür. Hazırda hakimiyyətdə onun oğlu Ilham Əliyevdir və buraxın “darbe”nin başında durmağı, onlara patron daşıyan belə olsa, əfv etməz. Razılaşdılar və beləcə ayrıldıq. 

Mənim üçün maraqlı olan bu günə qədər Novruz Bozalqanlının Türkiyədə yaşayan azəri bozqurdlarının öndəri kimi qəbul edilməsindən xəbərsiz olmağımdır. Bu şansı mənmi qaçırdım, yoxsa Novruz Bozalqanlı fəaliyyətində açıq vermədi, çox mübahisəli məsələdir. Ümid edirəm ki, tezliklə bu məsələnin axırına çıxacam. Bu haqda bu qədər. Keçək mövzuya yaxın o biri məsələyə…

…Hamıya məlumdur ki, xaricdə sığınacaq almağın ən sınanmış yollarından biri orada özünü müxalifətçi kimi qələmə verməkdir. Mitinqdə çəkilmiş bir neçə şəkil, müxalifət partiyası üzvü olmağını sübut edən vəsiqə və oxşar üsulla xaricdə məskunlaşmış tanışın varsa, məsələ tamamdır. 

Bu gün doğrudan da anormal bir vəziyyət yaranıb. Siyasi mühacirlərimizin təxminən 45%-i mövcud iqtidarın xarici və daxili siyasətini dəstəkləyir. Digər 25% isə, ümumiyyətlə, səsini çıxarmamağa üstünlük verir. Yəqin siz də fərqindəsiniz, əksəriyyəti milli bayramlar zamanı sosial şəbəkədə fəallaşır, bayram süfrəsi ətrafında çəkdirdikləri şəkilləri paylaşır və dərhal qeybə çəkilirlər. Yadımdadır, bir dəfə “Şəkərbura mühacirəti” adlı yazı yazmışdım, mənə nələr yazmadılar…

Azərbaycandan olan siyasi mühacirlərimiz son vaxtlara qədər rejimə dəstəyi üstüörtülü şəkildə, yəni rejimin təşkil etdiyi tədbir və mərasimlərə qatılmaqla edirdi. Son vaxtlar isə vəziyyət tamam başqa cürdür. Mühacirət əhli “sıra”larından getdiyi müxalifətə böhtan və hədyanlar atmaqla məşğuldur…

Onların nədən belə etdikləri haqda müxtəlif versiyalar, açıqlamalar mövcuddur. Bu mülahizələrin biri ilə yazını tamamlamaq istəyirəm. Inanmayacaqsınız… 

Bəzi mühacirlərimiz belə düşünür ki, Əliyevlər rejimi Qərbdə nə qədər sərt tanınsa, Azərbaycandan o qədər də çox mühacir gəlib yerimizi dar edəcəklər. Bax belə, əziz oxucum…   

Razılaşın ki, bunlara baxanda “Nevruz emmi” daha təhlükəsizdir.