Dünyaca nüfuzlu jurnal Əliyev hökumətinin qadın jurnalist və hüquq müdafiəçisinə qarşı qəddarlığından yazır
Almaniyanın dünyaca nüfuzlu “Der Spiegel” jurnalı tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi fonunda Azərbaycandakı repressiyalardan bəhs edən geniş məqalə yayımlayıb. “Azərbaycandakı rejimin sərt tənqidçisi həbs olundu” başlığıyla dərc olunan məqalənin tərcüməsini təqdim edirik:
***
“Azərbaycanda siyasi məhbusların çox uzun siyahısı var. Bu siyahıda 98 nəfərin adı öz əksini tapıb. Onlar hüquq müdafiəçiləri, bloggerlər və siyasətçilərdir. Əliyev hakimiyyətini tənqid etdiklərinə görə onlar qurama ittihamlarla həbs olunublar.
Ötən cümə günündən bu siyahı bir qədər də genişləndi. Siyahıya çox məşhur bir adamın adı əlavə edildi. Azərbaycandakı rejimin ən sərt tənqidçilərindən biri olan jurnalist Xədicə Ismayıl həbs edildi. Jurnalistin vəkili ittihamı absurd hesab edir. Ittihama görə, Xədicə Ismayıl vaxtilə onunla birlikdə işləmiş Tural Mustafayevi özünü öldürmə həddinə çatdırıb. Belə əmələ görə, qanunda 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xədicə Ismayıl qətiyyətli, qorxmaz, fəaliyyətində dəqiqlik prinsipinə sadiq bir jurnalistdir. Son illər ərzində o, hakim ailənin şəffaf olmayan biznes praktikası haqqında çoxlu məqalələr dərc edib. Onun hər məqaləsi hakimiyyətin ciddi qəzəbinə səbəb olurdu.
Xədicə Ismayılın həbsi heç kimi təəccübləndirmədi. Ilin əvvəlində onu ABŞ Senatının əməkdaşları ilə görüşə görə ittiham edirdilər. O, Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak edərkən Azərbaycanda insan haqları sahəsindəki acınacaqlı vəziyyətdən danışırdı. Xədicə Ismayıla tez-tez anonim mənbələrdən hədələr gəlirdi. Oktyabrın 12-də onun ölkədən çıxışına qadağa qoyuldu. 2012-ci ildən başlayaraq, ona qarşı qarayaxma kampaniyası aparılır.
“Xədicə Ismayıla qarşı ittiham bizi qəzəbləndirir”, – deyə
“Azadlıq” radiosunun baş redaktoru Nenad Peciç bildirib.
Dərhal dünyanın ən müxtəlif nöqtələrindən hüquq müdafiəçiləri bu həbsə reaksiya verdilər. Onlar bəyan etdilər ki, Xədicə Ismayılın həbsi sırf jurnalist fəaliyyətilə bağlıdır.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bildirib ki, onun həbsi Azərbaycanda fərqli düşünənlərə qarşı aparılan repressiyaların tərkib hissəsidir.
“Human Rights Watch” da Azərbaycan hökumətini dərhal jurnalisti azad etməyə çağırıb.
Azərbaycan Söz Azadlığı Indeksində 180 ölkə arasında 160-cı yeri tutur.
Xədicə Ismayılın həbsindən bir neçə gün əvvəl Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 60 səhifəlik məqaləsi dərc olunmuşdu. Məqalədə Xədicə Ismayıla xüsusi diqqət yetirilirdi. Qeyd olunurdu ki, “Xədicə Ismayıl Azərbaycan hökumətinə qarşı aparılan kampaniyada xüsusi rolu olan bir şəxsdir. O, Azərbaycanda tanınmış şəxslərə qarşı qarayaxma kampaniyasında fəal iştirak edir”.
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus da hazırda həbsxanadadır. O, siyasi məhbuslar siyahısını hazırlayan şəxslərdən biri idi. Qızı Dinara deyir ki, anasına görə dəhşətli dərəcədə narahatdır: “Məndə olan məlumata görə, anam 15 kq. arıqlayıb. Anam müxtəlif xəstəliklərdən əziyyət çəkir. Vəkilin onu həbsxananın tibb müəssisəsinə köçürməklə bağlı müraciətləri cavabsız qalır”.
Bu yaxınlarda Leyla Yunus yazdığı məktubda bildirir ki, məqsəd onu fiziki və psixoloji cəhətdən məhv etməkdir”.
Siyasət şöbəsi


