Cəmiyyət bu mənəviyyatsız addımı atanlara çox qəzəblidir

Bu ölkədə ictimai rəy hələ də var. Şərəfsizliyi üzərinə götürəcək istənilən şəxsin üstündən dərhal qalın bir xətt çəkəcək

Dəyəri olmayan heç bir şeyin cazibəsi ola bilməz. Söhbət əlbəttə ki, nə bazardan, nə də fizikadan gedir. Söhbət ictimai-siyasi münasibətlərdən gedir. Bəli, dəyərləri, prinsipləri, mənəviyyatı olmayanlar inzibati, maddi və s. resurslarla insanları hansısa kampaniyalara cəlb edə, iqtidar olmalarını, hegomonluqlarını zorla digərlərinə qəbul etdirə bilərlər. Lakin heç vaxt insanların qəlbinə hakim kəsilə, gerçək rəğbətlərini qazana bilməzlər. 

Budur, cəmiyyətin baş verənlərdən xəbəri olan, danışa, fikrini ifadə edə bilən bütün təbəqələri Xədicə xanımın şərlənib həbs edilməsinə etiraz edir. Ona qarşı irəli sürülən ittihamlara inanmadığını bildirir (Bu həbsdən məmnunluğunu gizlətməyən kiçik bir qrupu isə nəzərə almaya bilərik. Həmin kiçik qrup itirilmiş adamlar artıq cəmiyyət deyil, cəmiyyətin tör-töküntüləridir). Üstəlik, Xədicə xanımın həbsindən sonra da nə cəmiyyətdə, nə də sosial şəbəkələrdə qorxu və ruh düşkünlüyü artdı. Əksinə, cəmiyyət bu mənəviyyatsız addımı atanlara çox qəzəblidir. Hər belə vicdansız həbsdən sonra rejimin azsaylı dəstəkçiləri də ətrafın qəzəbli nəzərlərindən yayınmaq üçün gözə dəyməməyə çalışırlar. Siz hansısa hörmətli, nüfuzlu adamın “Yaxşı edib Xədicə İsmayılı tutublar” dediyinə rast gəldinizmi? Mən rast gəlmədim. Çünki cəmiyyət belə bir şərəfsizliyi üzərinə götürəcək istənilən şəxsin üstündən dərhal qalın bir xətt çəkəcək.

Bilirsiniz, “Xədicə xanım, digər siyasi məhbuslar nahaqdan, şərlənərək həbs olunub” yazmaq, söyləmək nə deməkdir? Bu, həm də o deməkdir ki, həmin sözü deyən, bu fikri bölüşən adamlar bizim ölkənin yalanla, böhtanla idarə olunduğunu bilirlər, qəbul edirlər. Bu o deməkdir ki, adamlar bu ölkəni idarə edənlərin öz vəzifələrini, maraqlarını qorumaq üçün adamları şərləydiklərini bilirlər. Sadəcə, indiki repressiv mühütdə bu insanların imkanları yoxdur ki, ölkəni idarə edənlər haqda nə düşündüklərini açıq desinlər. Ona görə də biz bu insanları anlayışla qarşılamalıyıq. Amma özümüz üçün bunu da birmənalı aydınlaşdırmalıyıq ki, dövlət orqanlarının adından yayılan şərə, böhtana inanmayan, inanmadığını açıq deyən insanlar bununla da bu ölkəni idarə edənlərin yalançı və saxtakar olduqlarını qəbul etmiş olurlar.

Baxıram ki, müxtəlif vaxtlarda hətta rejimin Xədicə xanıma qarşı kampaniyasında rol almış, bu şərçi, böhtançı hakimiyyətin tapşırığı ilə nəinki Xədicə xanımı, bütövlükdə rejim əleyhdarlarını hədəf seçmiş bir çoxları da, üzdə olsa belə, Xədicə xanımın həbs edilməsinə qarşı olduqlarını deyirlər, yazırlar. Bəzilərinizi bu ikiüzlülük qəzəbləndirir. Mən isə bu mənzərədə olduqca müsbət bir məqam görürəm. Həmin adamların açıq və ya gizli dəstəklədikləri rejimin ittihamlarından məsafə saxlamalarının səbəbi toplumun, ictimai rəyin gücündədir. Deməli, hələ də cəmiyyəti məğlub edə bilməyiblər. Başa düşürlər ki, bütün yalan, şər, böhtan kampaniyasına baxmayaraq, cəmiyyət kimin kim olduğunu bilir. O cümlədən Xədicə xanımın da rejimi ifşa edən korrupsiya araşdırmalarının qurbanı olduğunu, şərlənərək həbs edildiyini bilir və bu həqiqəti qəbul etməyən istənilən məlumatlı insanı bəri başdan yalançı və saxtakar hesab edir. 

20 ildən artıq davam edən repressiyalara, total təbliğata baxmayaraq, bu ölkədə hələ də ictimai rəy var. Bu ölkədə bütün böhtanlara baxmayaraq hələ də dürüst, ədalətli, ləyaqətli adamlar sevilir. Bu ölkədə hələ də saxtakarlara, böhtançılara, onlara yaltaqlananlara, sifarişlə üzə duranlara ictimai rəy ikrah hissi ilə yanaşır. Rejimi isterikaya salan da rejim əleyhdarlarının bu mənəvi gücüdür. Biz dürüst, ləyaqətli, haqlı olduqca heç bir kütləvi həbslər, repressiyalar bu gücü bizdən ala bilməz”.