“Hakimiyyətə o vaxt inanaram ki…”

Rüstəm İbrahimbəyov: “Qoy hakimiyyət öncə siyasi məhbusları buraxsın…”

İqtidar-müxalifət arasındakı dialoq məsələsinin son vaxtlar yenidən müzakirə mövzusuna çevrilməsi fərqli aspektlərdən şərh edilməkdədir. Belə ki,  müxalif düşüncəli siyasilərin böyük əksəriyyəti hesab edir ki, hakimiyyətin dialoqa hazır olması ilə bağlı səsləndirdiyi bütün bəyanatlar qeyri-səmimidir və gözdən pərdə asmaq məqsədi daşıyır.

Maraqlıdır, iqtidarın bu məsələdəki səmimiyyətinə inanmaq olarmı? Formal xarakter daşıyacaq bir dialoqla nəyəsə nail olmaq mümkündümü?

Bununla bağlı  Moderator.az saytı və “Hürriyyət” qəzetinin sualını cavablandıran məşhur kinorejissor Rüstəm İbrahimbəyov hesab edir ki, bu məsələdə səmimiliyini sübut etməsi üçün hakimiyyətin öncədən müəyyən addımlar atması vacibdir:

“Dialoqun gərəkliliyi, vacibliyi hər kəsə bəllidir. Lakin bunun üçün hakimiyyət öncə bütün siyasi məhbusları azad etməlidir. Hakimiyyətin dialoqla bağlı səmimiyyətinə o vaxt inanaram ki, bu insanlar öz azadlıqlarına qovuşsunlar. Yalnız bundan sonra hakimiyyətin bu məsələdəki səmimiyyətinə, ciddiliyinə inanmaq olar. Hakimiyyət belə bir addım atmayacağı təqdirdə dialoqdan müsbət nə isə gözləmək mənasızdır”.