“Onun həbsi Azərbaycanın beynəlxalq tərəfdaşları üçün səbr kasasının son damlası olmalıdır”
Human Rights Watch beynəlxalq insan haqları təşkilatı azərbaycanlı jurnalist Xədicə İsmayılın həbsilə bağlı bəyanat verib. Təşkilat Xədicə İsmayılı Azərbaycanın aparıcı təhqiqatçı jurnalisti və hökumətin ardıcıl tənqidçisi kimi tanıdır və bildirir ki, onun həbsi Azərbaycanda tənqidi səslərə vurulan dağıdıcı zərbədir.
Mehdiyevin məqaləsi həbsə siqnal olub
Təşkilatın Cənubi Qafqaz üzrə koordinatoru Giorgi Gogia deyib ki, bu həbs “Azərbaycan hakimiyyətinin fərqli səsləri susdurmaq üçün əlaqələndirilmiş cəhdlərinin ruhundadır”.
Gogia Azərbaycan hökumətini Xədicə İsmayılı dərhal azad etməyə çağırıb.
Human Rights Watch bəyanatında diqqəti belə bir məqama çəkir ki, həbs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyri-hökumət təşkilatlarını ölkənin “5-ci dəstəsi” adlandıran və açıq-aşkar xəyanətdə ittiham edən məqaləsinin dərcindən dərhal sonra həyata keçirilib.
Korrupsiya və hakim ailənin biznesi
Bəyanatda deyilir ki, Xədicə İsmayıl öz həbsini müəyyən müddət idi gözləyirdi və beynəlxalq partnyorların Azərbaycanla sakit diplomatiya aparmaqdansa, birbaşa hesabat tələb etməsini istəyirdi.
Human Rights Watch xatırladır ki, Xədicə İsmayıl hakim ailənin biznes maraqları da daxil olmaqla, hökumətin korrupsiyalaşması barədə geniş araşdırma və reporatajlarla çıxış edirdi.
Bəyanatda qeyd olunur ki, bu ilin fevral ayından başlayaraq polis bir neçə dəfə Xədicə İsmayılı dövlət sirlərinin sızdırılması ilə bağlı istintaqa şahid qismində dəvət etmişdi. Bundan bir qədər əvvəl hökumət yönlü qəzetlər jurnalistin Azərbaycan müxalifətinə dair məlumatları guya ABŞ kəşfiyyat agentliklərinə ötürdüyünü iddia edən yazılar dərc etmişdi. Bu iddialar ABŞ-ın Bakıdakı səfrilyi tərəfindən rədd edilmişdi.
Səbr kasasının son damlası
Human Rights Watch yada salınır ki, 2012-ci ildə jurnalistin şəxsi həyatına aid gizli çəkilmiş görüntülər internetə buraxılmaqla onun əlaqələndirilmiş qısnanması kampaniyası aparılıb.
“Son iki il yarımda Azərbaycan azı 50-dək müstəqil və ya müxalif siyasi fəala, jurnalistə, bloggerə və insan haqları fəalına qarşı əsassız ittihamlar qaldırıb və ya belə ittihamlarla təhdid edib. Onların əksəriyyəti artıq dəmir barmaqlıqlar arxasındadır”, deyə bəyanatda qeyd olunur.
Təşkilatın Cənubi Qafqaz üzrə rəsmisi Giorgi Gogia bildirib ki, aylardan bəridir Azərbaycanın beynəlxalq partnyorları insan haqları üzərinə hücumlardan narahatlıq ifadə edirlər, lakin Xədicə İsmayılın həbsi səbr kasasının son damlası olmalıdır.



