Mandata yerikləyənlər

Yaz-yay aylarında “üzünə belə baxmadığımız” turş alçanın mövsüm bitdikdən sonra qiymətinin qalxmasını yəqin ki, bir çoxlarınız bilir. Qışda “Meyvəli” bazarda göy alçanın qiyməti təxminən 300 manatdan başlayır. Səbəb çox sadədir. Hamilə qadınlarımız dünyaya gətirəcək körpəsi üçün qeyri-ixtiyari olaraq, təbii olaraq çatışmayan vitaminlər toplayır. El arasında buna “yerikləmək” deyirlər. Yəni gələcək ana haradasa narkotik aludəçisi istəyi ilə turş alçadan dadmaq istəyir. 

Son on ilə qədər turş alça o qədər də baha deyildi, kilosu 20-30 manata satılırdı. Lakin sonradan monopoliyaya alındı və hazırda kosmik qiymətlərlə satılır. Bəzi kişilərimiz(!) anladılar ki, hamilə qadınlarımız bunsuz keçinə bilmirlər və alçanı monopoliyaya aldılar. Düzdür, qonşu dövlətlərdə turş alça bizdəkindən təxminən 30 dəfə ucuzdur. Lakin yuxarıda qeyd etdik ki, qışda bunu yalnız hamilə qadınlar istəyir, özü də təcili, razılaşın ki, alça dalınca Irana və Gürcüstana qaçmağın mənası yoxdur. Yəni anlayacağınız alça gələnə qədər, hamilə qadının bu istəyi başqa bir istəklə əvəz oluna bilər ki, bu, gələcək körpənin bu lazımlı vitamindən məhrum olması deməkdir… 

Turş alça haqqında bu qədər, keçək əsas məsələyə, yəni mandata… 

Nə gizlədək, bəzi kişi xeylaqlarımızın bətnində də bir mandat bəslənir. 

Bəri başdan deyim ki, hamilə qadınların turş alça istəyi bunun yanında toya getməlidir. Məhz bu səbəbdən mandatın qiyməti də günü-gündən qalxır. Çünki hamilə qadınlardan fərqli olaraq, bəzi kişi xeylaqlarımızda bu istək daimidir və hər beş ildən bir pataloji bir həddə çatır.

Azərbaycanda mandat almağın demokratik seçki yolu xaric cəmi bir-iki yolu var. Bir-iki ona görə deyirəm ki, 125 yerin, demək olar, 100-ü əbədidir, yəni bu 100 deputatı Milli Məclisdən yalnız ölüm ayıra bilər.

Qalan yerlər üçün ölüm-dirim savaşı başlanır. Hamilə qadınların turş alça istəyindən fərqli olaraq, burada əsas məsələ iqtidara yarınmaq, müxalifət və vətəndaş cəmiyyətinə çamur atmaq, bütün etik və digər sərhədləri aşaraq, onlara söyməkdir. Hər kəs bacardığını edir və seçki günündə mandat adlı körpənin dünyaya gələcəyini gözləyir. Dediyim kimi, yer az, namizəd çox… Körpədən fərqli olaraq, mandat çox çətinliklə gəlir. Bəzən heç “zəlzələ” də kömək etmir. Zəlzələ demişkən…

Yadınızdadırsa, illər öncə hazırda həbsdə olan, zəlzələ üzrə mütəxəssis hesab etdiyimiz Elçin Xəlilov deputat seçilməyəndə bir açıqlama vermişdi. Demişdi ki, bundan sonra zəlzələnin nə vaxt olacağını gedin Əliməmməd Nuriyevdən(səhv etmirəmsə – X.Ə.) soruşun. 

Elçin Xəlilova elə gəlirdi ki, rejimin zəlzələ qorxusu, onun isə “zəlzələ duyumu” olduğundan boş yerin birini ona verəcəklər. Əslində rejim zəlzələdən o qədər çəkinmirdi və gözəl bilirdi ki, E.Xəlilova maraq zəlzələdən əvvəl yox, ondan sonra artmışdı. Rejimə müxalif cəbhədə zəlzələ lazım idi…

20 ildir ki, qarşısına müxalifəti, eləcə də vətəndaş cəmiyyətini məhv etməyi qoyan iqtidar oradan yalnız ayrı-ayrı fərdləri deputat etməklə məşğuldur. Rejim bunun fərqindədir. Çoxları “müxalifəti parçalayacam” deyərək, Milli Məclisə mərhaba dedi, amma müxalifət və vətəndaş cəmiyyətindən öz pıl-pırtından başqa heç nə apara bilmədi. Yəqin ki, fərqindəsiniz, məhz bu səbəbdən son bir neçə ildə iqtidarın zor aparatı yüzdən artıq müxalif və vətəndaş cəmiyyəti fəalını şərləyərək həbs etdi. Həbslər bu gün də dünya ictimaiyyətinin çağırışlarına məhəl qoyulmadan davam edir.

Bu gün rejim heç kimin “müxalifəti dağıdacam” vədinə görə heç kəsə deputat mandatı vermək niyyətində deyil. Amma görünən budur ki, yox da demir. 

…Odur ki, gözləyin, 2015-ci ilin parlament seçkilərindən sonra (əlbəttə, iqtidara nəsib olarsa – X.Ə.) mandata yerikləyən bir baş redaktor Elçin Xəlilovsayağı bir bəyanat verəcək. Deyəcək ki, “zəhmət çəksin, bundan sonra Əli Kərimli və vətəndaş cəmiyyətini… Elşən söysün…”

Ad şərtidir, elşənlər həvəslənməsin…