Əliyevdən parlamentə absurd təklif

Mediaya şamil olunan qərar nazirliyə, icra hakimiyyətinə, deputatlara, prezidentə niyə şamil olunmur?

Hakimiyyət müstəqil medianı susdurmaq üçün əlindən gələni əsirgəmir. Belə ki, Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilir. Milli Məclisdən verilən məlumata görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib. Layihə dekabrın 16-da parlamentin iclasında müzakirəyə çıxarılacaq.

Başqa vaxt mətbuata qayğıdan, fərqli fikrə hörmətdən, söz azadlığına yaradılan şəraitdən danışan hakimiyyət, bu addımla sübut edir ki, onun əsas məqasədi həqiqəti yayan media quruluşlarını sıradan çıxarmaqdır.

Təbii ki, media mütəxəssisləri bu addımın konstitusiyaya, beynəlxalq hüquqa zidd olduğunu bildirdilər və medianın müstəqilliyini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirdilər. 

Amma məsələnin başqa bir tərəfi də var. Hakimiyyət bu yeni “icad”ını niyə yalnız mətbuata şamil edir? Axı bu ölkədə fəaliyyət göstərən, məhkəmə prosesi ilə üzləşmək ehtimalı olan struktur təkcə mətbuat deyil.

Niyə, iki dəfədən artıq məhkəməyə verilən icra başçısı, bələdiyyə sədri, komitə rəhbəri də eyni cəza ilə üzləşməməlidir.

Tez-tez eşidirik ki, hansısa bankı müştəri məhkəməyə verib, hansısa “JEK” müdirinin əməllərindən dəfələrlə şikayət olunub. Bu adamların yol verdiyi qanun pozuntusu niyə eyni qərarla tənzimlənmir.

Azərbaycanda prinsipial mövqeyi olan qəzeti nəinki 2 dəfə, 22 dəfə də məhəkəməyə vermək, məğlub etmək mümkündü. 

Amma Avropa Məhkəməsi xeyli sayda deputatın seçki saxtakarlığı nəticəsində mandat aldığını sübut edib. Niyə, bu deputatların fəaliyyətinə xitam verilmir?

Məqsəd ədaləti təmin etmək, obyektivliyə nail olmaqdırsa, nazirlər haqqında da eyni qərar qüvvəyə minsin. Hansısa nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, onlarla şirkətə sahib olması barədə məhkəməyə müraciət ediləndə də, həmin nazir vəzifədən azad edilsin.

Elə bu sərəncamı verən prezidentin özü haqqında xeyli sayda korrupsiya ittihamları var və bugünə qədər bu ittihamlarla bağlı təkzib verilməyib. Yaxşı olar ki, bu qanun prezidentə də şamil edilsin və məhkəmədə məğlub olduğu təqdirdə istefa versin.

Göründüyü kimi, bu qərar yalnız mətbuata şamil olunub. Çünki, azad mətbuat həmin nazirdən, icra başçısından, deputatdan, prezidentdən hesabat tələb edir, onların qanunsuz əməllərini ifşa edir.

Bir sözlə, hakimiyyət qanunun başına “ip” keçirərək növbəti qanunsuzluqlar üçün “yaşıl işıq” yandırır.

S.Novruz