3 nazir Əli Kərimliyə necə işləyir?

Rauf Arifoğlunun qəzeti bu “fakt”ı aşkar edib

Son günlər ölkənin ictimai-siyasi həyatında xeyli maraqlı hadisələr baş verdi. Hökumətyönlülərin “Batumi uğuru”ndan sonra isə hadisələrin dinamikası daha da artdı. Bu prosesdə “Yeni Müsavat” qəzeti və onun redaktoru Rauf Arifoğlu xüsusi canfəşanlıq  göstərdi və bu canfəşanlıq “bumeranq” effekti verdi. Belə ki, Batumi biabırçılığından sonra  Rauf Arifoğlu ictimaiyyətin ciddi qınağı ilə üz-üzə gəldi və “beyin silkələnməsi” nəticəsində absurd “analiz”lər istehsal etməyə başladı.  

 

Bəli, “Yeni Müsavat” qəzeti baş verənləri AXCP-nin qərəzli mövqeyi, Əli Kərimlinin qarayaxması kimi təqdim etməyə başladı.  Bütün bu “sehrbaz”lığın nəticəsində  “aşkar”olundu ki, dövlətin güc orqanları Əli Kərimliyə işləyir.

1. Rauf Arifoğlu sübut etməyə çalışdı ki, AXCP-dəki həbslər partiya daxilindəki müxtəlif qanadların qarşıdurması ilə bağlıdır.  Sən demə, Seymur Həzinin, Asif Yusiflinin, Sənan Daşdəmirlinin həbsi  Fuad Qəhrəmanlının  sifarişi əsasında həyata keçirilib. Bu analizdən aydın olur ki, DİN AXCP-nin nəzarətindədir  və partiyanın rəhbərliyindəki şəxslərin göstərişi ilə istənilən adamı həbs etdirmək olar. 

Bəli, Rauf Arifoğlu Ramil Usubovun Əli Kərimliyə işlədiyini  tirajladı.

2. Proselərin gedişi  “qan təzyiqi”ni o qədər qaldırdı ki, “Yeni Müsavat”  Əli Kərimlinin  “ikinci sirri”ni də açdı.  Belə ki, AXCP-nin partladılmış qərargahının sahibi Azər Əsgərov  “Yeni Müsavat”ın  ekspertinə çevrildi  və bu adam bildirdi ki, Əli Kərimli partladılmış mülkə görə 2 milyon manat pul alıb.  Təbii ki, “Yeni Müsavat” qəzeti bu xəbəri başlığa çıxartdı və saytın müxtəlif künclərində  “rəqs”elətdirdi.  Heç kimə sirr deyil ki, Azər Əsgərov mülkünün partladılmasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu ittiham edirdi və bütün çıxışlarında,  “facebbook”  statuslarında,  məhkəmə proseslərnidə bu adamdan pulunu tələb edirdi.  “Yeni Müsavat” qəzeti isə israrla nümayiş etdirdi ki, Kəmaləddin Heydərov 2 milyon manatı Əli Kərimliyə verib.  Təsəvvür edin ki, heç bir maliyyə mənbəyi olmayan partiya üçün 2 milyon manat nə deməkdir.  Bəli, “Yeni Müsavat” qəzeti  “isti izlər”lə  aşkar etdi ki, Kəmaləddin Heydərov  AXCP-ni hakimiyyətə gətirir.

3. Görünür, Əli Kərimlinin 2 nazirə “rəhbərlik” etməsi  “Yeni Müsavat”ı qane etmədi. Ona görə də AXCP sədrinin “əlaqə”lərini daha “şəffaf” araşdırdı və məlum oldu ki, Nəqliyyat Naziri  Ziya Məmmədov da Əli Kərimliyə işləyir. 

Qeyd edək ki, Ziya Məmmədovla  “Yeni Müsavat” arasında  uzun müddətdi  “müharibə” gedir.  Amma Rauf Arifoğlunun yaddaşı o qədər korşalıb ki, 10-15 gün əvvəl  Anar Məmmədovla   bağlı materialları “Yeni Müsavat”ın “Azadlıq”a istinadən tirajladığını da unudub.  Görünür, Rauf Arifoğlu Ziya Məmmədovu da AXCP-yə “qaynaq” etməklə, anlaşa bilmədiyi  nazirdən  qisas almaq istəyir. Qəzet yazır ki, Ziya Məmmədova məxsus saytlar Əli Kərimlnin tərəfini tutur. 

Bir sözlə, Rauf Arifoğlu ilkin mərhələdə 3 nazirə  “sübut” etdi ki, siz Əli Kərimliyə işləyirsiniz.

Proseslər belə davam etsə, Prezident Aparatında Əli Kərimliyə işləməyən adam qalmayacaq.

İlham