Erik Drayser Rusiyanın ABŞ-dakı «5-ci kolon»udur
PA rəhbəri Ramiz Mehdiyevin ucsuz-bucaqsız “Ikili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində xeyli maraqlı məqamlar var. Məqalənin müxtəlif hissələrində Stiven Uolt, Bzejinski, Kant, Henri Kissincer və digər tanınmış simalardan sitatlar gətirilir. Akademik öz aləmində bu adamlardan sitatlar gətirərək haqlı olduğunu sübut edir. Təbii ki, bu adamların geniş mənada baş verənlərə münasibəti verilmir. Sadəcə olaraq hakimiyyətin maraqlarına uyğun olan fikirlər önə çəkilib.
Məqalənin bir yerində Ramiz Mehdiyev ABŞ-ı hədəf seçir və bu ölkənin mənfi imicini formalaşdırmaq üçün ABŞ-lı analitik Erik Drayserin mövqeyinə işıq salır: “Nyu-Yorkdan olan geosiyasi analitik Erik Drayserin fikrincə, ABŞ və onun müttəfiqləri Azərbaycanda vəziyyətin sabitliyini pozmaq məqsədilə ”insan hüquqları”, “vətəndaş cəmiyyətinin azadlığı” və “demokratiya” haqqında standart demoqoqluğa keçiblər. Məsələn, üzdəniraq “siyasi məhbuslar”dan biri Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəridir. Müəllif yazır: “Təşkilat 2002-ci ildə yaradıldığı andan ABŞ-ın ”yumşaq güc”ünün əlavəsi olub. O, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Demokratiyaya Dəstək Milli Fondunun bir qolu olan Milli Demokratiya Institutunun (NDI) maliyyə dəstəyi ilə QHT-nin və vətəndaş cəmiyyəti təşkilatlarının köməyi ilə bütün dünyada “yumşaq güc” yaymaq məqsədilə yaradılıb”.ÿErik Drayser hesab edir ki, Anar Məmmədli və onun “siyasi məhbus” həmkarları əslində ABŞ-ın və onun müttəfiqlərinin agentləridir, onların siyasi və ictimai həyatı bütünlüklə Qərb təşkilatlarına borcludur”-deyə Mehdiyev məqaləsində yazır.
Göründüyü kimi, Ramiz Mehdiyev bu “analitik”in fikirlərinə istinad edərək, ABŞ-ın portretini yaradır.
Bəs, bu Erik Drayser kimdir ki, akademikin diqqətindən yayınmayıb?
Qeyd edək ki, Rusiya hakimiyyətinin Qərb ölkələrində Rusiyapərəst mövqedən çıxış edən ekspertlər qrupu var. Son dövrlərdə Qərb mətbuatında belə bir qrupun mövcudluğu haqqında çoxlu material yayılıb. Bu qrupun fəaliyyəti üçün böyük vəsaitlərin ayrılması heç kimə sirr deyil. Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, Erik Drayser də bu qrupun üzvlərindən biridi. Özünün “Stop imperializm.com” saytı var. Erik Drayser Kremlin yaratdığı “Russian Today” inglisdilli telekanalın daimi ekspertlərindən biridir. “Russian Today” telekanalının saytına baxanda onun Rusiyanı müdafiə, Qərbi kəskin tənqid edən çoxlu sayda yazılarına rast gəlirik. Diqqətimizi cəlb edən faktlardan biri də, onun sərt antiUkrayna yazılarıdı. Erik Drayser bu tipli yazılarında Ukraynada faşizmin tüğyan etdiyini, hətta 3-cü reyxdən sonra Avropada bu tipli faşizmin olmadığını çəkinmədən qeyd edir.
Aydın görünür ki, Erik Drayser də YAP hakimiyyəti kimi Rusiyanın “çadır”ında düşərgə salıb. Ramiz Mehdiyevin təbili ilə desək, Erik Drayser Rusiyanın ABŞ-dakı “5-ci kolon”udur.
Ukrayna xalqının demokratiya savaşını ən iyrənc faşizm hadisəsi kimi qiymətləndirən bir ekspertə istinad etmək, xalqın iradəsinə və demokratiyaya nifrət edən bir hakimiyyət üçün məqbul görünür.
Bu adamlar anlamırlar ki, bəşəri dəyərləri gözdən salmaq üçün Erik Drayserlər tutarlı arqument deyil. Belə “arqument”lərlə seçki saxtakarlığına, anti-demokratik idarəetməyə haqq qazandırmaq olmaz.
Akif


