Rejim təmsilçiləri onun güclü məntiqi qarşısında həmişə aciz qalıblar
Şərlənərək həbs olunmuş AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin bu gün məhkəməsində iştirak etdim. Seymur bəy ölkədə köklü dəyişikliklər üçün səmimiyyətlə, vicdanla və peşəkarlıqla çalışan dostlarımızdandır. Mübarizəyə çox gənc yaşlarından qoşulub. Cəmi 32 yaşı olan Seymur bəyin artıq 14 illik mübarizə təcrübəsi var.
Seymur bəyin çox müsbət keyfiyyətləri var. Zaman–zaman Seymur bəydən bəhs edəcəyik. Seymur bəyi tanıdığım bu 14 ildə o hər zaman mübarizənin öz cəbhəsində ola–ola, həm də təhsilini artırıb, oxuyub, özünü daha da inkişaf etdirib. İndi onun yüksək təhsilə, intellektə sahib olduğunu rəqibləri də etiraf edir. Onun “Azadlıq” qəzetindəki yazıları bir qayda olaraq qəzetin ən çox oxunan yazıları sırasında olub. Seymur bəy “Azərbaycan saatı” proqramının efirindən ölkədəki acı gerçəkliklərdən danışıb, eybəcərlikləri cəsarətlə ifşa edib, öz nümunəsilə insanları cəsarətləndirib. Rejim təmsilçiləri onun güclü məntiqi qarşısında həmişə aciz qalıblar. Başa düşüblər ki, onunla polemikada qalib gəlmək şansları yoxdur. Ona görə də onunla sözlə, yazı ilə, məntiqlə deyil, qandalın köməyilə mübarizə aparıblar. Bu bir həqiqətdir ki, Seymur Həzinin yazı və çıxışlarına rejimin əsəbləri dözmədi. Ona söz çatdıra bilmədikləri üçün, qoluna qandal vurdular.
Həbsxana belə Seymur bəyin optimizmini, özünəinamını, mübarizə gücünü azaltmayıb. Seymur bəy həbsdən göndərdiyi mesajlarla da müsbət nümunələr yaradır, nisbi azadlıqda olanları daha da mübariz olmağa çağırır.
Seymur bəy “Mənim bu ölkədə problemim təkcə İlham Əliyevlədir. Mən onu yaxşı tanıyıram, o da məni. Hamınız hər yerdə təkcə İlham Əliyevdən danışın. Mənim həbsimdə İlham Əliyevin və generallarının əli var.” deyəcək qədər dürüst və cəsarətlidir.
Seymur bəy “Başımızın uca olması üçün başımı heç nəyə görə əymədim, əymərəm də.” deyəcək qədər qürurludur. Seymur bəy “Tarixə uduzmuşlar bizə qalib gələ bilməzlər!” deyəcək qədər uzaqgörəndir.
Var ol, gənc dost! Allah qapını açsın!


