“Hər keçən günümüz əvvəlkindən daha ağır olur”

Dekabrın 24-də “Azadlıq” qəzetinin 25 yaşı tamam olur.

“Azadlıq” qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur (1989-91-ci illər). 1991-94-cü illərdə “Azadlıq”a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən “Azadlıq”ın baş redaktoru Qənimət Zahiddir. Hazırda Qənimət Zahid Fransada yaşadığından qəzetə baş redaktorun birinci müavini Rahim Hacıyev rəhbərlik edir. O, “Media forum” saytının 25 illik yubileylə bağlı suallarını cavablandırıb.

– “Azadlıq” yubileyi hansı əhvalda qarşılayır?

– Bütün çətinliklərə və ağlagəlməz problemlərə baxmayaraq “Azadlıq” qəzeti fəaliyyətini davam etdirir. Dərin təəssüflə qeyd etməliyəm ki, biz 25 yaşa sabaha ümidin çox az olduğu bir şəraitdə gedirik. Son illər hakimiyyətin qəzetimizə qarşı apardığı qısma-boğma siyasəti müəyyən nəticələr verib. “Azadlıq” çox ağır maliyyə böhranı yaşayır. Son üç ay ərzində maaş verə bilmirik. Əməkdaşlarımız hələ avqust ayının əməkhaqqını almayıb.

Metroda qəzet satışının qadağan edilməsi, əl yayımına imkan verilməməsi, eləcə də KİV-ə Dövlət Dəstəyi Fondunun bizimlə əməkdaşlığa son qoyması “Azadlıq”ı dərin böhrana sürükləyib. Müstəqillik tarixinin ən böyük qəzetinə qarşı belə mövqe ortaya qoyulub. Azərbaycanın beynəlxalq aləmdə “Azadlıq” qəzeti qədər tanınan ikinci bir qəzeti yoxdur. Amma Azərbaycanda azad mətbuata dəstəkdən, söz azadlığının təmin olunduğundan danışan hökumət nümayəndələrinin bilavasitə fəaliyyəti nəticəsində ölkənin çox tanınmış qəzeti belə bir ağır vəziyyətə düşüb. O qədər ağır ki, mən heç bir yubiley tədbirindən danışa bilmirəm.

– Ötən il 24 yaşınız tamam olanda demişdiniz ki, 2013-il qəzetin tarixində ən ağır il oldu. Bu ili keçən illə müqayisədə necə qiymətləndirirsiniz?

– Nəinki il ildən, hər keçən günümüz əvvəlkindən daha ağır olur. “Azadlıq” hakimiyyətə qarşı açıq-aşkar sərt tənqidi mövqedə durduğuna görə ona böyük dözümsüzlük var. Ona görə də 2014-cü il 2013-dən də ağır oldu. Bu il ərzində qəzetin imkanları hədsiz dərəcədə məhdudlaşdırıldı. Bundan başqa “Azadlıq”ın siyasət şöbəsinin müdiri Seymur Həzi həbs edildi, digər əməkdaşımız Natiq Ədilovun fəaliyyətinə görə qardaşı Murad Ədilov tutuldu. Başqa bir əməkdaşımız Xalid Qarayevə absurd ittihamla 25 sutka həbs cəzası verildi.

– Getdikcə ağır duruma düşən qəzetin yaxın illərini necə görürsünüz?

– Siz qəzetimizin taleyi ilə bağlı hədsiz dərəcədə optimist mövqedəsiniz. Buna görə təşəkkür edirəm. Reallıqda isə elə bir vəziyyət yaranıb ki, növbəti həftədə qəzetin çıxa biləcəyi proqnozunu verməyə də çətinlik çəkirəm. Çünki satışdan əldə olunan vəsait  mətbəə xərclərinə güclə çatır. “Azadlıq” qəzetinin əməkdaşları Azərbaycan mətbuatının tarixində olmayan bir fədakarlıqla işləyirlər. Onlara verilməli olan pul çap xərcinə gedir. Düşdüyümüz duruma baxmayaraq onlar söz azadlığı uğrunda vuruşur. Sağ olsunlar.

– Hər halda yubileyi necə keçirəcəksiniz?

– Adi günlərdən biri kimi. Qəzetdə bu barədə yazılar, müəyyən xatırlatmalar olacaq, qəzetin tarixinə nəzər salınacaq, keçdiyimiz yola dair materiallar çap olunacaq.