AXCP-dən İlham Əliyevin ittihamlarına cavab

Fuad Qəhrəmanlı: «İlham Əliyevin tolerantlıqdan, siyasi dözümlükdən danışmaq haqqı yoxdur»

Nemət Əliyev: «İlham Əliyev hazırkı durumda Rusiyaya investisiya yatırtmaq niyyətindədirsə, bu, Azərbaycan xalqının maraqlarına uyğun deyil»

İlham Əliyev “Rossiya-24″ telekanalına müsahibəsində bir sıra maraqlı açıqlamalarda bulunub. Rusiya ilə Azərbaycan arasında sıx iqtisadi əlaqələrin olduğunu deyən I.Əliyev Azərbaycanın bu əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu bildirib. I.Əliyev bundan başqa bəyan edib ki, Rusiyanın üzləşdiyi problemlərə baxmayaraq Azərbaycan bu ölkə ilə iqtisadi əlaqələri inkişaf etdirərək Rusiyaya investisiya yatırtmaq da niyyətindədir:

”Rusiyaya gəlincə, biz bank sektoruna yatırım qoymuşuq, VTB-nin səhmlərini, habelə daşınmaz əmlak və istehsal sahələri əldə etmişik. Odur ki, Rusiya bazarı bizim üçün perspektivlidir və hər hansı situasiyaya, sanksiyalara baxmadan bu bazara aktiv şəkildə sərmayə qoyacağıq. Birinci ona görə ki, bütün bunlar müvəqqətidir, ikinci isə, biz elə işləməliyik ki, münasibətləri möhkəmlədə bilək”. 

Iqtisadi məsələlərə gəlincə, dövlət başçısı neftin qiymətinin dünya bazarında durmadan düşməsinə də münasibət bildirib. Neftin qiymətinin enməsinə toxunan dövlət başçısı deyib ki, bu, iqtisadiyyata mənfi təsir göstərəcək, lakin “müxtəlif ssenarilər hazırlanıb və neftin 60 dollar hesabı ilə də iqtisadiyyat stabil inkişaf edəcək”: “Neqativi onda görürəm ki, biz bir il ərzində yerinə yetirməyi planlaşdırdığımız işi iki ilə edəcəyik. Sadəcə, infrastruktur layihələr üzrə büdcə xərclərini azaldacağıq”.

“Neftin dəyərinin 60 dollara enəcəyi halda iqtisadiyyatın sabit qalacağı haqda hesablamalar nə dərəcədə əsaslı ola bilər” sualına cavaba gəlincə isə, I.Əliyev bu suala birmənalı cavab verməkdən yayınıb.

I.Əliyev eyni zamanda Xalq Cəbhəsi hökumətini millətçilikdə və yerli olmayan əhalinin sıxışdırılmasında ittiham edib: “Biz cəmiyyətin belə vəziyyətinin üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı, müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, I.Əliyev növbəti dəfə həqiqəti təhrif edir. AXC hakimiyyətinin məhz Azərbaycan xalqının iradəsini təmsil etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Əbülfəz Elçibəy hökuməti Azərbaycanda bu günə qədər demokratik yolla seçilmiş yeganə hakimiyyətdir: “Əbülfəz Elçibəy demokratik yolla seçilmiş prezident idi. AXC hakimiyyəti məhz Rusiyanın dəstəklədiyi daxili qiyam nəticəsində devrildi. Bu qiyamın da nəticəsindən Heydər Əliyev istifadə edərək hakimiyyəti ələ keçirdi. AXC hakimiyyəti dövründə Azərbaycanda demokratik ənənələrin əsası qoyuldu. Bu özünü həm siyasi, həm müxtəlif dinlərə münasibətdə özünü göstərdi. Ilk dəfə Əbülfəz Elçibəy Azərbaycanda yaşayan etnik qrupların milli-mədəni muxtariyyətinin təmin olunması, inkişafı ilə bağlı sərəncam vermişdi”.

Elçibəyin hakimiyyəti dövründə heç kimin siyasi əqidəsinə görə basqıya məruz qalmadığını deyən F.Qəhrəmanlı bildirdi ki, AXC-nin bir illik hakimiyyəti elə demokratik ənənə formalaşdırdı ki, ondan sonra 20 il ərzində Heydər Əliyev hakimiyyəti həmin iqtidarın əldə etdiklərini məhv etməklə məşğul olsa da, buna nail ola bilməyib: “Ilham Əliyevin tolerantlıqdan, siyasi dözümlükdən danışmaq haqqı yoxdur. Ona görə ki, məhz onun hakimiyyəti tərəfindən Azərbaycanda elə bir siyasi repressiyalar həyata keçirilir ki, ölkəmiz dini dözümsüzlüyə görə dünyada ilk sıraları tutur. Azərbaycan beynəlxalq hesabatlarda insan hüquqlarının tapdanmasına görə ən irticaçı rejimdir. Azərbaycanda nəinki siyasi dözümsüzlük özünü dövlət siyasəti səviyyəsində göstərir, siyasi baxışlarına görə insanlar siyasi repressiyalara məruz qalır. Hətta vətəndaş cəmiyyəti belə hakimiyyətin ciddi repressiyalarına məruz qalır. Bu gün Azərbaycan dindarları öz dini inanclarının təmin olunmasını tələb etdiklərinə görə həbsxanalarda yatırlar. Azərbaycan siyasi məhbusların sayına görə MDB məkanında liderlik edir”.

I.Əliyevin Azərbaycanın Rusiyaya investisiya yatıracağı və neftin qiymətinin aşağı düşməsinin ölkəmizə heç bir təsir etməyəcəyi ilə bağlı dediklərinə gəlincə isə, bu məqamlara iqtisadçı Nemət Əliyevin münasibətini öyrəndik. N.Əliyev bildirdi ki, Rusiya sosial və iqtisadi cəhətdən özünün ən ağır günlərini yaşayır. Bunun əsas səbəbinin Qərbin tətbiq etdiyi sanksiyalar olduğunu deyən N.Əliyev vurğuladı ki, Qərb bundan sonrakı dövrdə Rusiyaya tətbiq olunan sanksiyaların daha da gücləndiriləcəyini bəyan edib: “Artıq rəsmi şəkildə elan olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatını çox iri maliyyə vəsaitlərindən məhrum edib. Bir saat müddətində rublun məzənnəsinin aşağı düşməsindən Rusiya böyük maliyyə əvəsaiti itirir. Rus rublunun dəyərdən düşməsinin fonunda Rusiya dövlətinin itirəcəyi daha çox olacaq. Belə bir vəziyyətdə Rusiya iqtisadiyyatı öz investisiya cəlbediciliyini itirir. Belə bir durumda hansı ağılı başında olan investor ağır şərtlərin mövcud olduğu Rusiyaya pul yatırar. Bu heç cür ciddi səslənə bilməz. Düşünmürəm ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri bunu bilmirlər. Azərbaycan rəsmiləri və Ilham Əliyev bunun fərqindədir”.

N.Əliyev hesab edir ki, əgər dövlət başçısı hazırkı durumda Rusiyaya investisiya yatırtmaq niyyətindədirsə, bu, Azərbaycan xalqının maraqlarına uyğun deyil.

Neftin qiymətinin aşağı düşməsinin Azərbaycana təsiri olmayacağı ilə bağlı söylənilənlərə gəlincə isə, N.Əliyev bildirdi ki, neftin qiymətinin daha da aşağı düşəcəyi proqnozlaşdırılandır: “Əgər hər hansı rəsmi şəxsin, dövlət məmurunun fikri varsa ki, neftin qiymətinin düşməsi Azərbaycana təsir etməyəcək, o yanılır. Bu hadisə birbaşa Azərbaycanın dövlət büdcəsinə, iqtisadiyyatına, vətəndaşların dolanışığına təsir edir. Azərbaycanda sosial duruma təsir edən faktor təkcə dünya bazarında neftin qiymətinin aşağı düşməsi deyil. Eyni zamanda rublun məzənnəsinin də aşağı düşməsi də Azərbaycandakı duruma təsir edir”.

Xəyal