Baş redaktor dostunun gözündən düşmək istəmir
“Batumi qalmaqalı”nda tutduğu mövqeyə görə ictimai qınağa tuş gələn “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun vəziyyətdən çıxmaq üçün atdığı addımlar nəticə vermir. Baş redaktor əvvəlcə jurnalist Əfqan Muxtarlıya qarşı hakimiyyətin başlatdığı kampaniyanı dərinləşdirməklə diqqəti “Batumi qalmaqalı”nda tutduğu mövqedən, ümumiyyətlə hakimiyyətin bu biabırçılığından yayındırmağa çalışdı.
Iqtidar mediasında Əfqan Muxtarlı ilə bağlı dərc olunan iftira dolu materialları rəhbərlik etdiyi qəzet və sayt vasitəsilə tirajladı. Amma Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş bir şəxsin “ermənipərəst” olması barədə iddia Rauf Arifoğlunun özünü hədəfə gətirdi. Hətta iş o yerə çatdı ki, vaxtilə “Rauf Arifoğluna hücum Müsavat Partiyasına hücumdur” deyən Isa Qəmbər də Əfqan Muxtarlını müdafiə etdi. Daha sonra Rauf Arifoğlu məsələni “Azadlıq” qəzetinə və AXCP-yə qarşı çevirdi. Biz “Azadlıq”a və AXCP-yə hücumların hakimiyyət sifarişilə edildiyi iddiasını bir kənara qoyaraq, daha yumşaq versiyanı önə çəkirik: Ola bilsin, baş redaktor düşünürmüş ki, bu addımla baş verənlərin iki qəzet, iki partiya arasında intriqa olması barədə rəy yarada bilər. Alınmadı. Çünki Rauf Arifoğlu artıq bütün kartlarının açıldığını hesablamamışdı. “Azadlıq” və AXCP ilə toqquşmanın nəticəsi olaraq baş redaktor daha bir yanlış addım atdı. Qəzeti və cəbhəçi fəalları məhkəməyə verəcəyini bəyan etdi. “Azadlıq” bu məhkəmədən narahat deyil. Qoy Rauf Arifoğlu narahat olsun ki, Tağı Əhmədov və Kəbirə Məmmədova ilə bir sırada dayanmaq istəyir. Bu addımı ilə hakimiyyətin söz azadlığına basqılarına haqq qazandırır. Digər tərəfdən “Azadlıq” qəzeti heç vaxt kiminsə barədə böhtan və təhqir yazmayıb. “Azadlıq” haqlı olduğunu arqumentlərlə sübut etməyə çalışıb. Bu, qəzetin başlıca prinspidir. Yeri gəlmişkən, Rauf Arifoğlunun 2015-ci ildə mandat almaq niyyəti var. Özü də müsahibələrində də deyib ki, deputat olmaq istəyir. Baş redaktor Azərbaycanda seçkilərin necə keçirildiyini bilməmiş deyil. Rauf Arifoğlu fərqindədir ki, seçkilərdə vətəndaşların səsi yox, Prezident Administrasiyasından gələn “səs” mühüm rol oynayır. O səsi qazanmaq üçün ən yaxşı halda qəzetini “Səs”ə çevirməlisən. Bunu bacarıb. Amma bir narahatlığı var. Qəzetində yazıb ki, Əli Kərimli onu ölkə başçısı Ilham Əliyevin gözündən salmağa çalışır. Baş redaktor həm də hər şey edir ki, dostunun gözündən düşməsin. Dost demişkən, dostunu göstər deyim kimsən…
Akif


