
Antiterror komitəsindən bildiriblər ki, Qroznıda hökumət qüvvələrilə döyüşə girən silahlı dəstə tamamilə zərərsizləşdirilib. Bununla belə, şəhər sakinləri xəbərdar olunublar ki, ehtiyatlı davransınlar, silahlı dəstənin üzvlərindən Qroznıda hələ də gizlənənləri ola bilər.
Antiterror komitəsinin məlumatında deyilir ki, döyüşlərdə hökumət qüvvələrindən 10 nəfər ölüb, 28 nəfər yaralanıb. Silahlı dəstədən isə 8 nəfərin meyiti tapılıb. Çeçenistan prezidenti Ramzan Kadırov isə qarşı tərəfin 9 nəfər itki verdiyini bildirib.
Hərbçilərin və başqa təhlükəsizlik qüvvələrinin Qroznıda qəfil peyda olan bu qanunsuz hərbi birləşmə ilə savaşı təxminən sutka yarım çəkib. Dəstəyə qarşı aktiv hərbi əməliyyat isə 12 saata yaxın davam edib.
Təhlilçilər və Rusiya mediası Qroznıda lokal silahlı toqquşmanın məhz Rusiya prezidenti Vladimir Putinin xalqa müraciəti ərəfəsində baş verməsinə diqqət çəkirlər. Başqa qism ekspertlər isə Çeçenistanda kimlərinsə vəziyyəti əl altından gərginləşdirdiyi mülahizələrini inkar edirlər. Onlar xatırladırlar ki, bu son iki ayda Qroznıda törədilən ikinci teraktdır.



***
Youtube-da mücahidlərin nümayəndələrindən birinin videomüraciəti yayılıb. Mücahid bildirir ki, Qroznıya Qafqazın Əmiri Əbu Məhəmmədin göstərişi ilə giriblər. Məqsədləri "mürtətlərlə mübarizədir". Mücahid həmçinin bildirir ki, bu bir intiqam əməliyyatıdır. "Kavkazcenter.com"un məlumatına görə, mücahidlər 70 nəfər öldürüblər və 7 itki veriblər.
Çeçenistan prezidenti Ramzan Kadırov açıqlamalarından birində deyib ki, silahlı qruplaşma dekabrın 12-də – Konstitusiya günündə Qroznıda böyük terror aktları həyata keçirməyə hazırlaşıblar.
Kadırov antiterror əməliyyatının demək olar ki, başa çatdığını elan edib. Bildirib ki. silahlılar əsas etibarilə məhv ediliblər, lakin hardasa başqa dəstələrin qalması da mümkündür.
***


Çeçenistan parlamentinin sədri Dukuvaxa Abdurahmanov deyib ki, Qroznıda atışma törədən silahlıların Qərb xüsusi xidmət orqanlarının tapışırığını yerinə yetirdiyi istisna olunmur. Onun fikrincə, bu, “Rusiyanı iqtisadi və siyasi baxımdan zəiflətmək istəyən” ABŞ və NATO-nun maraqlarına uyğundur.
Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da hadisənin arxasında xarici qüvvələrin durduğunu istisna etməyib.

***
Çeçenistan mənbələri hərbçilərə istinadla xəbər verirlər ki, Qroznıda 100 nəfərlik silahlı dəstə hökumət qüvvələrinə qarşı hərəkətə keçib. Antiterror mərkəzinin rəhbəri isə bildirib ki, 10-11 silahlıdan söhbət gedir. Başqa rəqəmlər həqiqətə uyğun deyil.
***
Çeçenistan hökuməti antiterror əməliyaytı elan edib və silahlıların olduğu ərazilərdə əməliyyata başlayıb. Qadın və uşaqlar əməliyyat zonasından çıxarılıb. Əhaliyə təhlükəsizlik üçün küçəyə çıxmamaq xəbərdarlığı olub.
Məlumatlara görə, əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı həlak olub, 28 əməkdaşı isə yaralanıb.
.jpg)

Qroznının mərkəzində qəfil peyda olan silahlı dəstə şəhərin bir neçə istiqamətində hökumət qüvvələrilə atışmaya girib. Onlar "Mətbuat evi"ndən başqa orta məktəblərdən birinin də binasını tutublar. Bundan başqa şəhərin mərkəzi bazarı atışma nəticəsində yanıb.
***
Dekabrın 4-nə keçən gecə Çeçenistanın paytaxtı Qroznıda müharibə başlayıb. Şəhərin mərkəzində güclü partlayış baş verib və atəş səsləri eşidilib. Şəhər sakinləri sosial şəbəkələrdə atışmanı təsdiqləyən görüntülər yayıblar. Məlumatlarda şəhərə çoxlu sayda silahlı qüvvələrin və zirehli texnikaların yerləşdirildiyi də deyilir. Bunu yayılan fotolar da təsdiqləyir.
Təsdiqlənməmiş xəbərə görə şəhərdə polis maşını partladılıb və üç polis əməkdaşı həlak olub. Atışma “Mətbuat evi” həndəvərində eşidilib. Deyilənlərə görə, binanı bir qrup silahlı dəstə tutub.





azadliq.info



