aliyev-kerimli2

AXCP-yə qarşı üçtərəfli hücumun sirri

Rejimin 2015 planı indidən ifşa olundu; hakimiyyət siyasi rezervlərini niyə belə tez xərclədi?

Azərbaycan hakimiyyətinin daha bir mərhələdə öz siyasi rəqibinə uduzmasından yazacağıq. Əlbəttə, söhbət hansısa seçki yarışında məğlubiyyətdən getmir. Azərbaycanda seçkinin olmadığını hamı bilir. Hakimiyyət də ölkədə siyasi münasibətlərin seçkilərlə aydınlaşdırılması imkanını aradan qaldırdığı üçün rəqibi ilə daim aktiv mübarizə şəraitindədir və zaman-zaman gah irəliləyir, gah da geri gedir. Indi də irəli can atdığı halda, geriyə düşdüyü dövrdür.

2015-ə hazırlıq

Əlimizdə olan məlumatları və təhlilləri belə ümumiləşdirə bilərik ki, Azərbaycan hakimiyyəti 2015-ci ilə ölkənin ictimai-siyasi müstəvisini öz xeyrinə tamamilə hamarlamış şəkildə adlamaq istəyirdi. Ölkənin həqiqi vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı bu ilin əvvəlindən başlayan repressiya bu planın ilk həlqələrindən biriydi. Nüfuzlu ictimaiyyət nümayəndələri və xüsusən də prinsipial hüquq müdafiəçilərinin həbsi ölkədəki gerçək mənzərəni beynəlxalq auditoriyalara daha geniş şəkildə çatdırmağın qarşısını almalıydı. Buna paralel olaraq, siyasi təşkilat kimi hakimiyyətin yeganə başağrısına çevrilən AXCP və Milli Şura ilə məsələni həll etməliydilər. Bunun üçünsə həm AXCP, həm də Milli Şura təzyiq altında saxlanmalı, fəaliyyət imkanlarından məhrum edilməliydi. AXCP-nin icarəyə götürdüyü qərargahın partladılması da, Milli Şuranın ofis kimi istifadə etdiyi binalardan dolayı yollarla bir neçə dəfə çıxarılması da onların fəaliyyətinə mane olmaq cəhdiydi.

Ola bilər ki, hakimiyyətdəkilər AXCP-nin qərargahsız-filansız fəaliyyət göstərməyə öyrəncəli olduğunu nəzərə almayıblar. Unudublar ki, bu partiya icarəyə götürdüyü bina partladılana qədər də dəfələrlə qərargahdan məhrum edilib və qərargahsızlıq onun xalqdan oğurlanmış hakimiyyəti alıb xalqa qaytarmaq qərarını dəyişdirə bilməz.

Daş qayaya rast gəlib

Görünür, hədsiz varlanması və zorakılıq imkanlarının hüdudsuzluğu hakimiyyəti özünə qarşı olan bütün qüvvələri pul və dəyənək vasitəsilə zərərsizləşdirə biləcəyinə inandırıb. Lakin ortadakı mənzərə göstərir ki, necə deyərlər, daş qayaya rast gəlib. Nə həbs edilən və küncə sıxışdırılan vətəndaş cəmiyyəti fəalları ağ bayraq qaldırıb, nə də AXCP və Milli Şuranı siyasi səhnədən endirmək mümkün olub. Əksinə, siyasi məhbusların çoxu həbsxana divarları arasından belə, bu hakimiyyətə meydan oxuyur. Vətəndaş cəmiyyəti fəallarını susdurmaq cəhdi onunla nəticələnib ki, indi Strasburqdan Batumiyə qədər hər yerdə onların əvəzindən Azərbaycan hakimiyyətini mühakimə edirlər və hətta ölkə başçısı Ilham Əliyevin, onun xarici siyasət naziri Elmar Məmmədyarovun üzünə qarşı.

AXCP və Milli Şura isə oktyabr-noyabr aylarındakı mitinqlərlə sübut etdi ki, təqib oluna-oluna, cari iclaslarını keçirməyə belə, yer tapa bilməyə-bilməyə öz gücünü qoruyub və hələ üstəlik, artırıb da. Yeri gəlmişkən, hakimiyyət 2015 planının baş tutmadığını məhz Milli Şuranın oktyab-noyabr mitinqlərindən sonra daha aydın dərk etdi və sonrakı addımları göstərir ki, bunun qisasını almağa tələsdi. Burada söhbətin nədən getdiyinə qayıdarıq. Hələliksə, hakimiyyətin 2015 planını bir az da təfərrüatı ilə təsvir edək.

Baş tutmayan plan

Plan bundan ibarət olub ki, həqiqi müxalifət (AXCP və Milli Şura) və vətəndaş cəmiyyəti institutları tamamilə küncə sıxışdırılaraq meydan psevdomüxalifətə və GONGO-lara (hökumətyönlü QHT-lər) verilir. Sonra da onlarla ən yüksək səviyyələrdə dialoq qurulur, siyasi məhbuslardan isə bir neçə nəfər bu işin imitasiyası üçün yaradılan Işçi Qrup vasitəsilə azadlığa buraxılır və problemin həll olunduğu görüntüsü yaradılır. Mütləq çoxluq etibarilə hakimiyyətin nəzarətində olan media orqanlarının dominantlığı altında KIV üçün yeni bir “liberal layihə” işlənir və beləliklə, ölkədə “mətbuat azadlığı” təmin edilir. Bununla da ölkədə “qurd quzu ilə otlayır”. Biz bu planı şərti olaraq “idarə edilən demokratiyaya keçid” adlandıra bilərik.

Hakimiyyəti belə bir plana təhrik edən başlıca səbəb dünyanda və regionumuzda, hətta Qazaxıstan prezidenti Nazarbayevin də, öz sözlərilə desək, hissiyyatı ilə dərk etdiyi “siyasi arxitekturanın” ciddi şəkildə dəyişməkdə olmasıdır. Azərbaycan hakimiyyəti onun və onun kimi başqa avtoritar rejimlərin dayağı olan Rusiyanın beynəlxalq təcrid sayəsində uğradığı tənəzzülü görməyə bilməz. O, batmaqda olan Putin rejiminə nə qədər təpər və qüvvət arzulasa da, “qara gününü qablaşdırmaq” qayğısına da qalmamış deyil. Ilham Əliyev komandası bir sıra amillərə görə Qərblə üzülüşüb, Rusiyanın yanında birmənalı mövqe tutmaq imkanında görünmür. Ona demokratiya və insan haqlarına görə təzyiqlərə əl atmayan Qərbə sığınmaq daha sərfəlidir. Qərb isə göründüyü kimi, bu mövzularda getdikcə daha güzəştsiz mövqe tutur və bu həm də Rusiya heydən düşdükcə Ilham Əliyev hökumətinin iki qütb arasında manevr imkanlarının sıfıra yaxınlaşması ilə bağlıdır.

“Nə yardan doyur, nə əldən qoyur”

Beləliklə, Bakıda Qərbə qarşı hələ ki, nə qədər ötkəm bəyanatlar versələr də, bu ritorikanı uzun müddət davam etdirə bilməyəcəklərini anlayırlar. Qərb Ilham Əliyevin özünə və yaxın ətrafına şamil oluna biləcəyini deməklə, çox mötəbər səviyyədə açıq sanksiya xəbərdarlığı edib. Azərbaycan hakimiyyətinə daxildə mövqelərini itirmədən Qərbin yanında etibarlı yer tutmaq getdikcə daha çox lazım olacaq. Bunun üçünsə Qərblə onun arasında körpüləri zədələyən mövzulara nöqtə qoymalıdır. “Nə yardan doyur, nə əldən qoyur” misalına uyğun yaşayan Ilham Əliyev komandası bunun həlli yolunu siyasi məhbuslar probleminin aradan qalxdığı, müxalifətlə və vətəndaş cəmiyyətilə dialoq və əməkdaşlıq ortamında olduğu görüntüsünü yaratmaqda görür. Siyasi məhbuslar üzrə Işçi Qrupun yaradılması da, parçalanmış Müsavatın hesabına sırası genişləndirilən “təkadamlıq partiyalar” blokunun hakimiyyətlə dialoq təşəbbüsü də, GONGO-ların fəaliyyətini canlandırmaq da, mətbuatın “Yeni Müsavat” kimi dünənədək cilddən cildə girən nümunələrini birmənalı loyal, mədhiyyəçi mövqeyə çəkmək də həmin qaçılmaz görünən imitasiya siyasəti üçün vacibdir. Azərbaycan hakimiyyətinin düşüncəsinə görə, bütün bu tədbirlər ona öz mahiyyətini dəyişmədən Qərblə pozulan münasibətlərini bərpa etmək imkanı yaratmalıdır. Doğrudan da, əgər Ilham Əliyev hökuməti ölkənin mətbuatı ilə də, vətəndaş cəmiyyətilə də, siyasi partiyalarıyla da “sülh və əminamanlıq” şəraitində olduğu, insan hüquqları, söz azadlığı və siyasi haqlarla bağlı bircə narazılığın belə qeydə alınmadığı görüntüsünü yarada bilərsə, niyə indiki üsul-idarədən və elan olunmamış monarxiya quruluşundan imtina etməlidir? Zahirən azad fəaliyyət göstərən mətbuat, hökumətdən qayğı və dəstək görən QHT-lər, hakimiyyətlə ən yuxarı səviyyələrdə dialoq və əməkdaşlıq içində olan siyasi partiyalar varsa, vaxtlı-vaxtında seçkilər keçirilir və onun nəticələrindən bütün ictimai-siyasi təsisatlar bayılırmışcasına razı qalırsa, sistemin bütün aktyorları birləşib mükəmməl bir demokratiya dekorasiyası yaradırlarsa, daha kimin nə sözü ola bilər? Burda planı yalnız həmin dekorativ sistemdən kənarda qalan güclü bir amil poza bilər. Indiki halda həmin amil, mübaliğəsiz demək olar ki, AXCP-dir.

AXCP – məhək daşı

Milli Şuranın qorunub saxlanması da, vətəndaş cəmiyyəti institutlarının öz missiyasından imtina etməyən hissəsinin dirəniş əzmini artıran da məhz AXCP-nin məhək daşı kimi mövqeyində möhkəm dayanmasıdır. Heç bir obyektiv müşahidəçi inkar edə bilməz ki, Xalq Cəbhəsi indi hakimiyyətlə mübarizə cəbhəsinin komandiri timsalındadır. Hakimiyyətin öz hücumlarında ağırlığı AXCP-nin üzərinə salması, özünə qarşı olanların hamısını bu partiyaya bağlaması və onun adı altında ümumiləşdirməsi də bu baxımdan təsadüfi deyil.

Belə görünür ki, Azərbaycan hakimiyyəti “idarə olunan demokratiyaya keçid” planı qurarkən bu amili sözün hər iki mənasında nəzərə almayıb. Bir anlamda onu “ram edilməsi mümkün olmayan” element kimi yeni sistemdə təsəvvür etməyib. O biri anlamda isə onun səfərbəredici gücünü hesaba ala bilməyib. Hakimiyyət bu amilin yeni sistem üçün dağıdıcı qüvvəsini Milli Şuranın payız mitinqlərində hiss edə bildi.

Amma buna qədər də hakimiyyət AXCP-ni və beləliklə, öz qəlibinə sala bilmədiyi bütün ictimai-siyasi qüvvələri planlaşdırdığı sistemə əngəl olmasın deyə, silkələməklə məşğul idi. Vətəndaş cəmiyyətinə qarşı bir neçə aylıq səlib yürüşünün ardınca da dərhal AXCP hədəfə alındı və partiyanın rəhbərliyi səviyyəsində həbslər başladı. Milli Şuranın bütün planları alt-üst edən 2 mitinqindən sonra isə aqressiya daha da artdı. Hazırda AXCP-dən 3-ü Rəyasət Heyətinin üzvü olmaqla, 5 nəfər repressiyaya məruz qalıb. Rəyasət Heyətinin üzvləri Seymur Həzi və Asif Yusiflinin özü, Natiq Ədilovun qardaşı, təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu və Naxçıvan şöbəsinin fəalı Hicran Qasımovun özü həbs olunub. Hələ partiyanın Ali Məclis üzvü Pərviz Həşimlinin həbsini və xeyli sayda fəalın bu aralarda bir neçə sutkalıq inzibati həbs cəzası almalarını bura daxil etmirik.

Bir Cəbhəyə qarşı üç cəbhə

Bütün bu həbslər hakimiyyətin AXCP-yə qarşı açdığı cəbhələrdən yalnız biridir. Buna paralel, xüsusi xidmət orqanlarının əməli olduğu şübhə doğurmayan kiberhücumlar və dünənədək müxalifət məclislərinin yuxarı başında otura bilən “Troya atı”nın hərəkətə keçməsi də ortadadır.
Sosial şəbəkələrdə AXCP-yə aid səhifələr, hətta rəhbərlik səviyyəsində fəal cəbhəçilərin hesabları qırılıb-oğurlanır və onlardan müxtəlif təxribatlar üçün istifadə olunur. Normalda belə kibertəxribatlarlı düşmən dövlətlər bir-birlərinə qarşı törədir. Azərbaycan hakimiyyəti isə əslində, Ermənistana qarşı törətməli olduğunu AXCP-yə qarşı edir.

“Troya atı”nın necə “şahə qaldırıldığını” isə hakimiyyətin Batumiyə göndərdiyi (“Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun toplantısına) GONGO dəstəsinin üzləşdiyi rüsvayçılıqdan sonra gördük. Indi hakimiyyətin özü yalan olub, “atı” gerçək. AXCP-yə qarşı hücumun önündə hazırda o gəlir. Bu hücumda həm də bir özünütəsdiq istəyi olduğu üçün bütün sərhədləri vurub keçmək, “yeddi dərənin suyunu bir-birinə qatmaq” əlamətlərini də görürük.

Hər zərərdə bir xeyir gizləndiyi kimi, bu üçtərəfli hücum dalğası da AXCP-yə öz aktivini artırmaq imkanı verdi. Partiya əvvəllər də çox gördüyü həbslərə mətanətlə sinə gərir, həbslər isə onun reytinqini artırır və hakimiyyəti əlavə beynəlxalq təzyiqlər qarşısında qoyur. Kibertəxribatlar da cəbhəçilərin sosial şəbəkələrdəki fəallığını azalda bilmir. Qırılıb-oğurlanan səhifə və profillər ya geri alınır, ya da yenidən yaradılır, Cəbhənin şəbəkə fəalları dominantlığı və müzakirələrdəki sərtliyi qoruyub-saxlayırlar. Demokratik düşərgənin 5-ci kolonuna çevrilmiş dəstənin hərəkətə gətirilməsi isə əslində, hakimiyyətin AXCP-yə və bütövlükdə real müxalif düşərgəyə xidmətinə çevrilir. Onsuz da real müxalifət bu maskalanmış dönüklərdən nə zamansa təmizlənməliydi. Indi hakimiyyət, başda “Yeni Müsvat”ın baş redaktoru Rauf Arifoğlu olmaqla bu dəstənin maskasını öz əlləri ilə çıxarıb, gerçək simasını xalqa göstərir. Əslində, hakimiyyət bunu bilməyərəkdən etmir. Sadəcə, daralan zaman və real müxalif düşərgənin hesaba ala bilmədiyi gücü onu sıxır, buna görə də sonra nə olacağını nəzərə almadan, bir ucu da deputat Iqbal Ağazadənin patronajlığı altında qurulmuş “125-lər klubu”nu əhatə edən bütün siyasi rezervləri işə salır. Özünü Arifoğlunun solistliyi altında göstərən bu “ansambl” əslində, 2015-ci ilin parlament seçkisində dövrəyə buraxılmalı idi. Amma görünür, köhnə resurslar təsir imkanını itirdiyi üçün 2015 rezervini indidən xərcləmək qərarı verilib. Bu isə qeyri-ixtiyari olaraq, ölkədə siyasi müstəvini təmizləyir və hakimiyyətin heç arzulamadığı ikiqütblü siyasi sistemə keçidi təmin edir. Beləliklə, Azərbaycan hakimiyyəti qarşıdakı yeni mərhələ üçün maksimum planlarla yola çıxıb, minimum nəticələr qazandı. Yazının əvvəlində qeyd etdiyimiz “irəli can atdığı halda, geriyə düşmək” də məhz budur.

İlham Hüseyn