Dövlət başçısı Rusiya telekanalına müsahibəsində bunu etiraf etdi
Dövlət başçısı İlham Əliyev Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində “İraq-Şam İslam Dövləti” təhlükəsi, radikal meyllərin yayılmasından danışıb. Müsahibədə diqqət çəkən məqam dövlət başçısının terror və radikalizmlə mübarizədə təhsilin ciddi rol oynadığını deyib. “Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz” deyən Əliyev ölkədə təhsilin yüksək səviyyədə olduğuna işarə vurub.
Ancaq dövlət başçısının bu fikirlərinı nəinki real faktlar, heç Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu yaxınlarda keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər də təsdiq etmir. Prezident Administrasiyasının rəhbəri Elmlər Akademiyasının bazara çevrildiyini deyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyində PA rəhbəri məhz təhsildəki problemlərə, savadsızlığın miqyasına diqqət çəkmişdi. “Etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Sovet dövründə bu tədqiqat mərkəzində daha samballı işlər aparılırdı”- deyə Ramiz Mehdiyev bildirib. Ramiz Mehdiyev bununla etiraf edib ki, bugün Azərbaycan təhsilinin səviyyəsi sovet dövründən də geridə qalır.
Azərbaycanda təhsilin səviyyəsinin getdikcə aşağı düşdüyü hər il orda məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri də təqsdiqləyir. Bu il təkcə Bakıda 9-11 -ci siniflər arasında keçirilən imtahan nəticələrinə görə 89748 nəfər “3″, 50472 nəfər ”2″ almışdı.
Qəbul imtahanlarında hər il balların aşağı salınması, orta məktəbi əla qiymətlərlə bitirənlərin ali məktəbə imtahan zamanı pis nəticə göstərməsi, bəzən 0-100 bal toplaması da təhsilin necə acınacaqlı səviyyədə olduğunu göstərir.
Təhsili belə acınacaqlı durumda olan ölkənin hər hansı təhlükə, terrorla mübarizə aparmaq gücündə olmadığını dövlət başçısı özü də təsdiqləyir. Təhsilin radikalizmə qarşı başlıca qarant olduğunu deyən İlham Əliyev hansı təhsillə bu təhlükəyə qarşı mübarizə aparacağına aydınlıq gətirsə, yaxşı olar.
Fizzə


