Əli Kərimlidən sərt reaksiya: “İlham Əliyev şəxsən məsuliyyət daşıyır”
Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus kamerada növbəti dəfə hücuma məruz qalıb. Bu barədə o, məktubunda yazıb. Leyla Yunusun mənəvi təzyiqlərdən, kameraya soxulan qara paltolu kişilərin onu alçaltmasından, təhqir etməsindən bəhs edən məktubunu qızı Dinara yayıb. Hüquq müdafiəçisi məktubda yazır:
“Noyabrın 25-i saat 17.30 radələri idi, hava qaralmağa başlayır, mən kameradakı taxçada mürgüləyirdim. Qəflətən qapı dəhşətli zərbə ilə açıldı və bir neçə kişi tələsik kameraya soxuldu.
Dəqiq xatırlamıram, neçə nəfər idilər. Hamısı gənc idi, mülki geyimdəydilər, hamısının əynində palto vardı.
Dəhşətli dərəcədə qorxdum – sentyabrın 23-də başıma gələnlər gözlərim önündə canlandı. Həmin gün də beləcə içəri soxulan kişilər məni kameradan bayıra itələyib ayrıca bir otağa, mayor Yaqubovun yanına apardılar. Onun başıma endirdiyi zərbələrdən sentyabrın 23-dən bəri hər gün başımda elə güclü ağrılar olur ki, gəzə bilmirəm, başımı isti yaylıqla bağlamasam da, yatmaq mümkün olmur.
Bu dəfə içəri girən gənclər kameraya səpələndilər, onlardan biri – qara paltolu kişi mənim taxçama yaxınlaşdı, iyrənc şəkildə gülümsəyib, qəflətən dodaqları və əlləri ilə mənə ədəbsiz işarələr verməyə başladı. Bu işarələri küçə qadınlarına, fahişələrə göstərirlər.
Bədənim əsdi, qışqırdım: “Siz kimsiz?”
O, əvvəlkindən də iyrənc təbəssümlə o biri kişilərə tərəf boylanıb, mənə bir qədər də yaxınlaşdı.
Məni isterika götürdü, vəhşicəsinə çığırmağa başladım. Ömrümdə belə isterika ilə qışqırmamışdım. “Rədd olun! Əl vermərəm! Alçaqlar! Haramzadalar! Əclaflar!” – deyə hayqırır, əsəbdən çırpınırdım.
Onlar çəkilib kənarda nəsə danışandan sonra kameradan çıxdılar. Mənim isterika içində çırpıntılarım isə dayanmırdı. Yuxuya getmək olmurdu, sakitləşə bilmirdim.
Xəstə və yaşlı adama əziyyət verməkdən, onu təhqir etməkdən ləzzət alan belə kişiləri görəsən haradan tapırlar?
Ertəsi gün səhər əyinlərində forma daşıyan həbsxana işçiləri kameraya daxil oldular. Məni yenidən möhkəm qorxu tutdu. Nə dediklərini anlamırdım, elə hey ağlayırdım. Çıxıb getdilər. Günorta yenidən qayıtdılar və dedilər ki, həkimləri təhqir etdiyimə görə mənə töhmət verilib.
Məni fiziki cəhətdən tamamilə məhv ediblər. Indi də məqsədləri alçaltmaqla, təhqirlərlə mənəvi cəhətdən məni tam sıradan çıxarmaqdır”.
“Şəxsən İlham Əliyev məsuliyyət daşıyır”
AXCP sədri Əli Kərimli Leyla Yunusun bu məktubu yayılandan sonra baş verənlərə sərt etirazını bildirib O, facebook səhifəsində bu barədə yazaraq, hüquq müdafiəçisinin həyatına bilavasitə ölkə başçısının məsuliyyət daşıdığını bildirib. Eyni zamanda ölkə ictimaiyyətini də baş verənlərə səssiz qalmamağa çağırıb. Onun yazdıqlarını təqdim edirik:
“Rejim Leyla Yunusa qarşı cinayətlərini davam etdirir. Onunla bir əsir kimi davranırlar. Bu yaşlı, xəstə qadına qarşı mənəvi işgəncələrdən fiziki zorakılığa qədər hər cür alçaqlığı tətbiq edirlər. Son məktubundan isə məlum olur ki, gecə vaxtı dəstə ilə kamerasına girib, onu təhqir edib, qorxudublar. Ən dəhşətlisi isə səhhətinin çox ağır olmasıdır. Bu tanınmış ictimai xadimin, minlərlə azərbaycanlının hüquqlarını qorumuş hüquq müdafiəçisinin həyatına real təhlükə var.
Azərbaycan cəmiyyəti Leyla xanımın başına gələnlərə seyrçi qalmalı deyil. Leyla xanım minlərlə azərbaycanlının hüquqlarını cəsarətlə müdafiə etdiyi üçün hədəf seçilib. Onu Ermənistana işləməkdə suçlamaq da başqa bir mənəvi terrordur. Müstəqil informasiya vasitələrinə çıxışı olmayan, hökumət televiziyalarının gipnozu altına düşən sadə insanları qınamıram. Onlar Leyla xanımı yəqin ki, tanımırlar və rejimin də bu xanımla necə rəftar etdiyini bilmirlər. Amma ictimai–siyasi həyatın içində olub, Leyla xanıma qarşı törədilən bütün bu rəzalətlərdən xəbər tutan, özünü siyasətçi, ziyalı, vətəndaş cəmiyyəti, azad mətbuat təmsilçisi sayan adamların susması heç başa düşülən deyil.
Leyla xanım dərhal həbsdən azad edilməli, müalicəsinə imkan yaradılmalıdır. İlham Əliyev unutmamalıdır ki, Leyla xanımın həyatına görə şəxsən o özü məsuliyyət daşıyır”.
Leyla Yunus həbsxanadakı həkimlərə etibar etmir
Bu arada, vəkili Elçin Qəmbərov təcridxanada Leyla Yunusla görüşüb. Bu haqda “mediaforum”a danışan vəkil bildirib ki, Leyla Yunusun vəziyyəti pisdir: “Ümumi zəifləmə, iştahasızlıq və qusma halları müşahidə olunur. Keçmiş cərrahi əməliyyatların fəsadları özünü büruzə verir. Yerişində və danışığında çətinliklər var”.
Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin rəis müavini Iftixar Qurbanov ötən həftə bildirib ki, Leyla Yunusa tibbi xidmətlər və müayinələr təklif olunur, lakin o bundan imtina edir. Vəkil Elçin Qəmbərov bu məqama toxunaraq deyib ki, Leyla Yunusun tibbi xidmətlərdən imtinası məhbəs həkimlərinə etibar etməməsi ilə bağlıdır.


