Narazı müsavatçılar yeni hərəkat yaratdılar

Keçmiş müsavatçıdan partiya rəhbərliyinə qarşı pul ittihamı

«2003-cü ildə 3 milyon manatdan çox pul ortalıqda olub…»

Gülağa Aslanlı: «Özlərini hakimiyyətə göstərmək istəyənlər bizə qarşı kampaniya ilə məşğul olurlar»

Müsavat başqanlığına sabiq namizəd Qubad Ibadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının yaradılması haqqında Bəyannamə yayıblar. Sənədi Qubad Ibadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, Ibrahim Ibrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, Ismayıl Yusifov və Əlövsət Talışxanlı imzalayıb.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

“Ola bilər ki, bu hərəkat Müsavata rəqib olsun”

“Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı ola bilər ki, Müsavata rəqib olsun” – bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, partiya daxilində narazıların yaratdığı Işçi Qrupda təmsil olunan Tural Abbaslı deyib.

O bildirib ki, Qubad Ibadoğlu Işçi Qrupun iclasında belə bir hərəkat yaradacağını bəyan etmişdi. Tural Abbaslının sözlərinə görə, bu hərəkatın yaradılması Nizamnaməyə zidd deyil: “Onlar bəyan ediblər ki, bütün hallarda Müsavat Partiyasında qalacaqlar. Eyni zamanda, bu hərəkatın yaradılması Nizamnaməyə ziddi deyil. Çünki hər bir üzv partiyada qalaraq, ictimai hərəkat yarada və orada təmsil oluna bilər. Bu baxımdan hərəkatın yaranmasına təbii yanaşıram. Ancaq yenə də hər şeyi zaman göstərəcək. Ola bilər ki, bu hərəkat Müsavata rəqib olsun. Eyni zamanda, partiyaya dividend də qazandıra bilər. Indidən bir fikir söyləmək istəmirəm. Ancaq mən və tərəfdarlarım fraksiya yaradılmasının tərəfdarıyıq. Buna görə də hərəkatın yaradılmasında iştirak etmədik”.

Müsavatdan kənar bir hərəkatın yaradılması tapşırıqdır?

Müsavat başqanının müavini Nüşabə Sadıxlı isə hesab edir ki, başqanlığa sabiq namizəd Qubad Ibadoğlu və tərəfdarlarının yaratdığı hərəkat siyasi sifariş əsasında yaradılıb: “Belə düşünürəm ki, ”Azərbaycan Demokratiya və Rifah” Hərəkatının yaradılması ancaq tapşırıq ola bilər. Yoxsa, buna nə ehtiyac vardı?..”

Nüşabə Sadıqlı bildirib ki, Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur: “Bu hərəkatın yaradılması da təbii ki, Nizamnamənin əleyhinədir. Partiyanın içindən çıxan şəxslərin yaratdığı qurumların axırını zaman-zaman görmüşük. Məni maraqlandıran odur ki, onlar bu qurumun yaranmasına nə ehtiyac görürlər? Nə ilə bağlıdır bu qurum? Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də bu qurumun yaradılmasının əleyhinəyəm”.

“Bunu istənilən müsavatçı edə bilər”

“Müsavat Partiyasından kənar hərəkat yaradılması partiyanın Nizamnaməsinə zidd deyil. Bunu istənilən müsavatçı edə bilər” – bunu isə “report”a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O, qeyd edib ki, yaradılacaq hərəkat Müsavat Partiyasının strukturlarına paralellik təşkil etmir: “Hərəkatın necə fəaliyyət göstərəcəyi bəlli deyil. Həmin hərəkatda da Müsavat ideologiyalası təbliğ oluna bilər. Bu da normal haldır”.

Müsavat rəhbərliyinə qarşı pul ittihamı

“Müsavat Partiyasının 500 nəfərdən çox üzvü bizim qoşulmaq üçün müraciət edib” – Sülhəddin Əkbərin sədrlik etdiyi Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclis sədri Tapdıq Abbas səsləndirib.

Onun sözlərinə görə, Müsavatın bir neçə rayon təşkilatından kollektiv şəkildə AzDP-yə qəbul olunanlar var: “Artıq Müsavat faktiki olaraq parçalanıb. Orada bizim dostlarımız hələ mübarizəni davam etdirirlər. Onlara ”qurultaydan narazılar” deyirlər, əslində onlar narazı deyillər. Onlar pozulmuş qaydaların bərpası üçün yollar axtarırlar. Belə görünür ki, yolları ayrılacaq və yeni partiya yaranacaq. Sadəcə olaraq müsavatçı dostlarımızın mübarizəsinə xələl gəlməsin deyə, partiyamıza üzv olanları elan etmirik. Elə rayon təşkilatı var ki, oradan 200 nəfər, eləsi var 70, bəzi rayonlardan 150 nəfər sıralarımıza qoşulmaq üçün ərizə veriblər. Biz də ideoloji olaraq müsavatçıyıq. Onlar hərəkatda, Müsavatda 25 illik dostlarının yanına gəlirlər”.

Tapdıq Abbasın parlament seçkiləri ərəfəsində Arif Hacılı ilə mübahisə yaşadığını açıqlayıb: “Məclisin iclasında Arif Hacılı dedi ki, Tapdıq Abbas namizədliyini verməsin, bizim başqa tələbimiz yoxdur. Mən də dedim ki, məsələni müzakirəyə qoyun, mən parlamentə gedəcəm. Onlar Isa Qəmbərin köməkliyi ilə mənim parlament seçkilərində Müsavatdan namizəd olmağımı əngəllədilər. Məclisdə mənə töhmət vermişdilər. Sonra MNTK-ya ərizə verdim və həmin töhmət ləğv edildi. Mustafa Hacıbəyli qəzetdə haqqımda böhtan danışmışdı. Onun məsələsinə MNTK-da baxıldı, Mustafanı ünvanıma səsləndirdiyi saxta ittihamlara görə partiyadan çıxarırdılar. Isa Qəmbər məsələyə qarışdı və həmin iclası pozdu, Mustafanın Müsavatda qalmasına şərait yaratdı. Həmin iclas çox gərgin keçmişdi, hətta Mustafanı əzişdirdilər. Mən bu əngəllərə rəğmən parlament seçkilərinə qatıldım, dairəmdə Arif Hacılıdan da, Isa Qəmbərdən də 3 dəfə çox səs topladım və bir daha partiyaya geri dönmədim. Bu insanların hamısı partiyaya mandat da, pul da bizim olsun demək üçün yığışıblar. 2003-cü ildə 3 milyon manatdan çox pul ortalıqda olub. Onu mənimsəyiblər, amma bunun hesabatını verən yoxdur. 2005-ci ildə tələb etdik ki, partiyanın maliyyə mənbəyini açın, bunu gizlədiblər. Biz şəffaflıq uğrunda mübarizə aparırdıq”.

Müsavatdan 3 milyon ittihamına cavab

“Müsavatdan indiyə qədər 500 nəfərin o partiyaya müraciəti ilə bağlı heç yerdə məlumat yoxdur. Bu cür yanlış məlumatlarla Müsavat Partiyasından qopmaların olduğu bir vaxtda, müəyyən mənfi təəssürat yaratmağa ehtiyac yoxdur”, – deyə Müsavat başqanının müavini Gülağa Aslanlı “modern.az”a açıqlamasında Tapdıq Abbasın ittihamlarına cavab verib.

“Kimsə öz partiyasını gücləndirmək istəyirsə, bunun demokratik yolları var. Böhtandan istifadə etmək lazım deyil. Tapdıq Abbaslının dedikləri tamamilə iftira və yanlış məlumatlardır. Həmin fikri söyləyən insan həmin vaxt partiyanın üzvü olub. O, həqiqətən ürəkli və doğru adam olsaydı, həmin dövrdə bunu açıqlayardı”, – deyə Gülağa Aslanlı qeyd edib.

Onun sözlərinə görə, bu cür məlumatlar zaman-zaman müəyyən insanlar tərəfindən yayılsa da, bunların həqiqətə uyğunluğu yoxdur: “Onlar ”qaralama kampaniyası”na xidmət edirlər.  Özlərini hakimiyyətə göstərmək istəyənlər o cür kampaniya ilə məşğul olurlar. Müsavat Partiyasında seçkilərlə bağlı məlumatlar həmişə şəffaf olub. 2003-cü il seçki kampaniyasında nə qədər vəsaitin xərclənməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına məlumat verilib. Komissiyadan həmin məlumatın yanlış olduğuna dair etiraz gəlməyib”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər məsələyə münasibət bildirərkən, Müsavatdan daxil olan müraciətləri açıqlamaq istəməyib: “Tapdıq Abbasın verdiyi məlumata görə, rayon təşkilatlarından çox müraciət daxil olub. Biz partiyalardan, xüsusən də Müsavatdan daxil olan müraciətləri açıqlamırıq. Bu indi Müsavat, ümumiyyətlə, müxalifət daxilində olan xoşagəlməz durumla bağlıdır. Əlavə gərginlik yaranmasını istəmirik. Müsavat Partiyasının daxilində baş verən hadisələrlə bağlı da şərh vermək istəmirəm”.