Batum badalağından boylananlar

Azərbaycan bu gün demokratik dünyanın başlıca sorunlarından birinə çevrilib. Ölkə durmadan avtoritarizmdən totalitarizmə yuvarlanmaqdadır. Rüşvətin-korrrupsiyanın-oğurluğun-soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrilməsi axarında aparılan siyasi repressiyalar Azərbaycanı təkcə regionun deyil, bütün dünyanın ANALOQU olmayan SIYASI DUSTAQ ölkəsinə çevirib. Kürü-dollar diplomatiyasını işə salmaqla indiyədək birbaşa hakimiyət adamlarından yararlanan rejim indi durumun dəyişməsi üzündən daha çox müxalifətdəki gizli əlaltılarından, bir də özünün əlaltı “QHT”-lərindən yararlanmalı olur. Bunu son çağlarda keçirilən Varşava, Praqa, Batum forumları bütün çılpaqlığı ilə göstərdi. 

M.Ə.Rəsulzadə adına bağlı qəzetin baş redaktorunun Batumdakı badalağı bugünədək ölkəni qarışdırmaqdadır. Onun Batumda etdiyi yenilik deyil, illərdən bəri yürütdüyü yarımgizli qəzet siyasətinin uzantısıdır. Bunu görməyənlər, görmək istəməyənlər daha çox özlərini görməzliyə vurmaqla rejim siyasətlərilə birgəlik sərgiləyənlərdir. Rauf Arifoğludan tutmuş Sabit Bağırova, Vüqar Bayramova, rejimin ən aqressiv qoruyucu-“QHT”-çilərindən olan Umud Rəhimoğluyadək bu adamlar Batum Forumunu az qala erməni forumu olaraq tanıtmağa çalışdılar, çalışırlar. “125-lər siyasi klubunun” sədri Ilhamiyyə Rza Batumda nə baş verdiyini, nədən baş verdiyini, nələrə bağlandığını bilməyirmiş kimi R.Arifoğlunu qorumağa qalxır. Eləcə də bir çox başqaları. Iki il qabaq R.Arifoğlunun rejimə daha bir qulluq faktı ortaya çıxanda I.Qəmbər onu qorumağa qalxaraq partiya tribunasından demişdi: “Rauf Arifoğluya hücum Müsavata hücum deməkdir”. Bugünsə bir çoxları başqa bir tutarqaya əl atır: “Yeni Müsavat” kimi bir qəzetə hücum etmək, onu gözdən salmaq olmaz”. Kimlərsə R.Arifoğlunun özünün yardımıyla trayektoriyanı dəyişməyə çalışmaqla xalqa kələk gəlirlər. Ancaq onlar burasını düşünmürlər: Rəsulzadəyə bağlı ad altında antiRəsulzadə rejiminə qulluq edən qəzet olsun, adam olsin – nə dəyişir?!

U.Rəhimoğlu başqalarından daha qabağa gedərək Batumda baş verənlərlə bağlı bildirgə yayıb. O da bildirgəsində Batum Forumunu “erməni işi” kimi tanıtmağa çalışır. Forumdakı stendlərlə bağlı deyir: “Stendlərdə Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyət tənqid olunur və hətta təhqirlərə də yer verilirdi (”Azərbaycan – Əliyevlərin ailə biznesi”! – Red.). Azərbaycan nümayəndə heyəti buna etiraz olaraq foruma qatılmaqdan imtina etdi. Biz bildirdik ki, insan haqlarının pozulmasına dair hallar başqa ölkələrdə, məsələn, Belarusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir”. Görürsünz, bunlar necə dəyərli, yüksək kateqoriyalı patriotlardılar – Azərbaycanın adının pisliyə çəkilməyini istəmirlər. 

Ortada bir incəlik var: gerçəkdən Azərbaycanın adının haralardasa pisliyə çəkilməyini istəmirsənsə, pula satılmamalı, korrupsiya-repressiya axarında Azərbaycanı dünyanın PIS ölkələrinin liderinə çevirən bir rejimə qulluq yolu tutmamalısan. Ermənilər bizim toprağımızı tutmuş, Göyçə-Zəngəzurdan Qarabağadək xalqımızı qırmış düşmənlərimizdir – burası bəlli. Bəs Azərbaycanı soyub-yağmalamaqla xalqa diz çökdürən, Təhsil, Sağlamlıq sistemlərini bilərəkdən dağıdan, xalqın dəyərli oğullarını qondarma suçlamalarla türməyə basan recim bizim nəyimizdir?!  Diz çökdürülən, dəyərli oğullarından edilən, aydınları çörəklə sınağa çəkilən bir xalqla hansı yağıya üstün gəlmək olar?! Başqa ölkələrdə də siyasi dustaq olmasına gəlincə, bunu kimsə danmır, ancaq Azərbaycan hara, başqaları hara: diktator Lukaşenkonun Belarusunda vur-tut 4 siyasi dustaq var, Əliyevlər Azərbaycanında az qala 147! Kimlərsə balanslaşdırılmış siyasət sərgiləyərək, bir yandan siyasi dustaqlara arxa durur, o biri yandan bu sorunu yaradan rejimə qulluq yolu tuturlar – satılmışların BALANS siyasəti!