Azərbaycanlıya “narkoman”, əcnəbiyə “alkaş” ittihamı

Hakimiyyət Martin Şultsu da «qara siyahı»ya saldı

Noyabrın 26-da Strasburqda Avropa Parlamentində 2014-cü il Saxarov mükafatının təqdimat mərasimi oldu. Mərasimdə çıxış edən Avropa parlamentinin spikeri Martin Şults bu mükafata digər namizəd Leyla Yunusun qanunsuz həbsindən danışıb və Azərbaycan hakimiyyətini bu qadını azad etməyə çağırıb. Daha sonra Şults deyib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu alınmayıb. O, Avropa Parlamenti üzvlərinə Azərbaycana getməyə imkan verilməməsinə etirazını bildirmişdi və bunu yolverilməz adlandırmışdı.

Bundan sonra Azərbaycan hakimiyyəti bütün komanda ilə Martin Şultsun üzərinə hücuma keçdi və bu adama qarşı görünməmiş ittihamlar səsləndirildi. Ilk növbədə XIN məlumat yaydı və cənab Şultsun səsləndirdiyi fikirlərin yalan olduğunu bildirdi. Daha sonra PA-nın xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bu məsələyə münasibət bildirdi və Azərbaycana qarşı ikili standartların tətbiqi kimi qiymətləndirdi. Parlamentin spikeri Oqtay Əsədov isə Martin Şultsu siyasi mədəniyyətsizlikdə qınadı və qərəzli adlandırdı. Bundan sonra növbə ilə deputatlar “estafet”i ələ aldı və kimin ağlına gəldisə, danışmağa başladı.

Amma bu qaralama kampaniyası bununla da yekunlaşmadı. Hökumətin nəzarətində olan media orqanları Martin Şultsun bioqrafiyasını araşdırmağa başladı və “ilginc” faktlar ortaya çıxardılar.

Sən demə, Martin uşaq vaxtından futbolçu olmaq arzusu ilə yaşayıb, sonra spirtli içkiyə qurşanıb. Guya ona “islah olunmuş alkoqolik” adı veriblərmiş. Hökumət mətbuatının araşdırmasına görə, Martin Şults iş yerinə içkili vəziyyətdə gəldirmiş, ailəsi və iş yoldaşları ondan üz döndəribmiş. Daha sonra Şults kitab ticarəti ilə məşğul olmağa başlayıb və uzun müddət kitab mağazasının müdiri işləyir. Bir müddət sonra Şults Avropa Parlamentində fəaliyyətə başlayır. Hökumətimizin qənaətinə görə, Martin Şults uşaq vaxtı davakar olub, emosiyalarına nəzarət edə bilməyib. Hətta qeyri-adi tapıntı kimi qeyd edilir ki, Martin Şultsun illik gəliri 200 min avrodur.

Göründüyü kimi, hakimiyyət Şultsun toxunduğu məqamlara münasibət bildirməyə çətnlik çəkir, konkret məqamlara aydınlıq gətirə bilmir. Azərbaycandakı real vəziyyətlə bağlı Martin Şultsun səsləndirdiyi fikirlərə qarşı heç bir arqumentləri olmadığı üçün onun bioqrafiyasına hücum çəkiblər.

Əgər bu adam uşaq vaxtı futbolçu olmaq istəyibsə, cavanlıqda içkiyə qurşanıbsa, kitab mağazasında müdir işləyibsə, bunun siyasi məhbus məsələsinə, Azərbaycandakı anti-demokratik ab-havayla nə əlaqəsi var? Kitab mağazasında müdir işləmək, futbolçu olmaq arzusu kompromatdırmı? Tutaq ki, bu deyilənlər həqiqətdir. Əgər bu adamın bioqrafiyası belədirsə, bu, Azərbaycana qarşı qərəzli olmaq zərurəti yaradırmı? Onun davakar olmasının, ailə münasibətlərinin, Leyla Yunus məsələsində israrlı olmasına nə aidiyyatı?

Tutalım Martin Şults “alkaş”dı. Axı Azərbaycandakı real vəziyyətlə bağlı tənqidi çıxışları yalnız Şults həyata keçirmir. Bütün beynəlxalq təşkilatlar, tanınımş ekspertlər, hətta ABŞ prezidenti Barak Obama da Azərbaycanla bağlı tənqidi çıxışlar edib. Indi bu adamların hamısı davakar və alkaqolikdir?

“Vətənpərvər” hökumətimizin diqqətinə çatdırmaq istəyirik ki, Martin Şults Avropa Parlamnetinə rəhbərlik etdiyi dövrdə Qarabağla bağlı 2 qətnamə qəbul edilib və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələb edilib.

Yəni bildirmək istəyirik ki, hakimiyyətin Martin Şultsa qarşı aqressiyası bu adamın biorafiyası ilə bağlı deyil. Sadəcə olaraq bu hakimiyyəti ölkə daxilində tənqid edənlər “narkoman” olduğu kimi, ölkə xaricində həqiqətləri səsləndirənlər də “alkaş”, “davakar” olur.

Avropa Parlamentində Azərbaycanla bağlı məlum qətnamənin qəbulundan sonra hakimiyyətin bu quruma nifrəti artdı. Ona görə də “alkaş”lar, “ermənipərəst”lər, “davakar”lar artmağa başlayıb.

Əgər həqiqətlərə təslim olmaq istəmirsənsə, ən böyük arqumentin “qara kampaniya” aparmaq olmalıdır. Bizim hökumətimiz də bu “xəstə”likdən əziyyət çəkir. Hansıki, bütün bu problemlərin həlli, beynəlxalq aləmlə səmimi münasibətlərin bərpası, demokratiya və insan haqlarına hörmətdən keçir.

S.Novruz