Fuad Qəhrəmanlı: «G20 sədrliyi Türkiyənin bir dövlət kimi öz problemlərinin həllində hər hansı konkret fayda əldə etməsinə təsir göstərməyəcək»
Dekabrın 1-də dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrlik Türkiyəyə keçdi. Sədrliyi Avstraliyadan təhvil alan 2015-ci il boyu G20-yə sədrlik edəcək və növbəti il sərliyi Çinə təhvil verəcək. Türkiyə baş nazirinin müavini Ali Babacan deyib ki, sədrliyi dövründə Türkiyə qeyri-bərabər gəlirlərlə mübarizə aparacaq. Onun sözlərinə görə, Türkiyə aşağı gəlirli ölkələrlə varlı ölkələr arasında körpü olacaq.
Qeyd edək ki, Türkiyə Azərbaycanı da sammitə dəvət edib.
Xatırlatmaq lazımdır ki, G20-nin Avstraliya sammitində Vladimir Putin kəskin tənqidlə üzləşmişdi və Ukraynadakı böhrandakı roluna görə hədəfə gəlmişdi. Bugünlərdə isə Rusiya prezidenti Türkiyəyə səfər etdi və Ərdoğanla bir çox məsələlər müzakirə mövzusu oldu.
Indiki məqamda G20-də sədrliyin Türkiyəyə keçməsi bundan sonrakı proseslərə necə təsir edəcək və hər hansı ciddi dəyişiklik müşahidə oluna bilərmi?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, bu qrupa sədrlik daha çox koordinatorluq funksiyası daşıyır və sədrlik edən dövlətin beynəlxalq səviyyədəki nüfuzuna müsbət təsir edir: “Türkiyənin G20-yə sədrliyi bu ölkənin bu gün qarşılaşdığı problemlərin həlli baxımından elə bir əhəmiyyət daşımır. Çünki, G20 formatı çərçivəsindəki əməkdaşlıq mexanizmi qlobal problemlərin həlli və müzakirəsinə xidmət edir və alınan qərarlar G20 formatına daxil olan ölkələrin uzun müddətli müzakirəsi və razılaşması çərçivəsində qəbul edilir. Dünya iqtisadiyyatının və syasətinin əsas aparıcı dövlətlərinin bu formatı daha çox qlobal tendesiyaları müəyyənləşdirmək missiyasını həyata keçrir. Bu baxımdan bu qrupa sədrlik daha çox koordinatorluq funksiyası deməkdir və sədrlik edən dövlətin beynəlxalq səviyyədəki nüfuzuna müsbət təsir edir, sədrlik edən ölkə üçün hər hansı siyasi və iqtisadi üstünlüklər yaratmır. Türkiyənin sədr olaraq əsas məqsədi, Babacanın da qeyd etdiyi kimi, daha çox ikinci qrup ölkələrin problemlərini daha mötəbər qurum çərçivəsində müzakirəyə çıxarmaq, beynəlxalq səviyyədə bu problemlərə diqqəti cəlb etmək ola bilər. Bu baxımdan G20 sədrliyi Türkiyənin bir dövlət kimi öz problemlərinin həllində hər hansı konkret fayda əldə etməsinə təsir göstərməyəcək. Bu qurumun mandatı qlobal problemlərin həlli ilə bağlı təşəbbüs və səylər göstərmək olduğundan, Türkiyənin belə bir quruma rəhbərliyi beynəlxalq səviyyədə nüfuzunun artmasına, qlobal oyunçu kimi rolunun güclənməsinə təsir göstərəcək”.
S.Novruz


