Aslan İsmayılovdan ədliyyə nazirinə açıq məktub

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycan məhkəmələrindəki acınacaqlı vəziyyətlə bağlı ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazıb. Özünün facebook səhifəsində yerləşdirdiyi məktubda o, yazır:

“Hörmətli Fikrət müəllim,

Tam bir həftə bundan əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə ünvanladığım açıq məktubdan sonra Sizə də eyni cür müraciət etməyim təsadüfi deyil. Siz sıradan bir nazir deyilsiniz. Tək ədliyyə sisteminə deyil, həm də məhkəmə, prokurorluq sisteminə həlledici təsirinizi bildiyimdən, adı çəkilən məktubda sadalanan bəzi problemlərdə məhz bu orqanların xüsusi rolu olduğundan Sizə də açıq məktubla müraciət etmək qərarına gəldim. Başqa Nazirlərin daim təkrarladığı “mənlik deyil” bəhanəsini Sizə heç cür aid etmək olmaz. Sizin ölkədəki səlahiyyətinizlə bağlı bircə faktı qeyd etmək kifayətdir. 1999-cu ildə ilk dəfə vəkillikdən xaric olunmağımla bağlı sonradan dünyadakı insan haqları təşkilatlarının, o cümlədən BMT rəhbərliyinin ölkəmizə olan çoxsaylı müraciətlərinə son qoymaq üçün ölkə rəhbərliyi vəkillik problemimin həlli ilə bağlı Sizə tapşırıq versə də buna əməl etmədiniz. Sadəcə, Ədliyyə Nazirliyinin kollegiya üzvlərinin iştirakı ilə, məni yerimdə oturtmaq, mətbuatda başçılıq etdiyiniz sistemin tənqidi ilə yox, tərifi ilə bağlı fikir bildirməyimi dolayısı ilə başa salmaq üçün qəbul etdiniz. Sizi 1989-cu ildən Respublika Prokurorluğunda birgə işlədiyim dövrdən tanıdığımdan profilaktik söhbətiniz alınmadı. Əksinə, Sizin qəbuldan üç gün sonra keçirdiyim mətbuat konfransında başçılıq etdiyiniz sistemdəki nöqsanlarla bağlı daha ciddi tənqidi fikirlər səsləndirdim.

Sizin Baş Prokurorun müavini kimi, təxminən 1999-cu ildə Cenevrədə BMT-nin İnsan Haqları Komitəsində ingilis dilindəki sərbəst, kifayət qədər obyektiv çıxışınızdan sonra, Bakıya qayıdan kimi keçirdiyim digər mətbuat konfransında ünvanınıza kifayət qədər müsbət fikirlər də səsləndirmişdim. Siz Ədliyyə Naziri təyin ediləndə isə çox ümidliydim ki, bu sistemdəki qanunsuzluqlara son qoyacaqsınız. Yadınızdadırsa, oğlunuz hüquq fakültəsini bitirib, başqalarının balaları kimi hüquq mühafizə orqanlarında məmur yox, vəkil kimi fəaliyyətə başlayanda da öz müsbət fikrimi mətbuatda bildirmişdim. Bu halları Sizə hansısa qərəzimin, umacağımın olmamasını göstərmək üçün qeyd edirəm. Çünki, bilirəm ki, Siz çox iddialı, tənqidə isə dözümsüzsünüz.

Ölkəmizdəki qanunsuzluqlara görə, birinci növbədə, illərdir islahat apardığınız, məhkəmələr günahkardır. Əgər Azərbaycanda müstəqil, qanuna tabe olan, rüşvətə yer olmayan məhkəmə sistemi olsa idi, insan haqları, sahibkarlıq, təhsil, səhiyyə və digər sahələrdə özbaşnalıqlar baş verməz, korrupsiya çiçəklənməzdi.

1999-cu ildə ABŞ-da olarkən daxili hava uçuşlarının birində salonda sərnişinlərə, səhv etmirəmsə Havay adalarını reklam edən buklet payladılar. Turistləri, iş adamlarını ora cəlb etmək üçün mənzərəli şəkillərdən başqa tək bir cümlə var idi. “Sizi müstəqil məhkəmə sistemi, stabillik və güzəştli vergi olan məkana dəvət edirik”. Bəli, insanları cəlb edəcək ilk söz müstəqil məhkəmə ifadəsi idi.

Şəxsən Sizə, Məhkəmə Hüquq Şurasının sədri kimi konkret işlərdə sübutlarla, təkzibedilməz faktarla hakimlər tərəfində yol verilmiş kobud qanun pozuntuları barədə onlarla məktub ünvanlamışam. Onların bir çoxlarında cinayət əməllərinin əlamətləri olsa da, heç biri araşdırılmamış, qanunun ziddinə olaraq, əksinə qərar qəbul etmiş hakimlərin özlərinə göndərilmişdir. Formal da olsa məktubuma cavab verməyi belə özünüzə rəva bilməmisiniz.

Bu cür yanaşmanı görən üst məhkəmələr qanunsuz qətnamələri ləğv etmək əvəzinə, onları qüvvədə saxlamış, hakim haqqında xüsusi qərar çıxarılmasını xahiş etdikdə isə bildirmişlər ki, “bu barədə artıq Məhkəmə Hüquq Şurasına müraciət etmisiniz və heç bir qanun pozuntusu aşkar edilməmişdir”. Belə münasibətdən daha da ruhlanan hakimləriniz isə öz qanunsuz əməllərini bu gün də davam etdirirlər. Yazdıqlarımı təkzib etmək üçün, bəzən mətbuatda elan etdiyiniz kimi, deyə bilərsiniz ki, çoxlu sayda hakim cəzalandırılıb, vəzifələrindən kənarlaşdırılıb, yaxud cinayət məsuliyyətinə cəlb ediliblər. Doğrudur, az da olsa belə hallar da var. Ancaq onların əksəriyyətinin qanun pozuntusu ilə bağlı heç bir əlaqəsi yoxdur. Onlar hansısa intriqaların qurbanı olublar, yaxud artıq həmin hakimlərin özbaşnalıqlarını ört-basdır etmək mümkün olmayıb. Yazı həcmini nəzərə alaraq çox misal çəkmək fikrim yoxdur. Əsasında “Sprut” serialını kölgədə qoyacaq film çəkmək mümkün olan, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan, hakim Həsən Əliyevin işini göstərmək kifayətdir.

İndi isə məhkəmələrdə, özümün icraatımda olan bir neçə işdə, baş vermiş qanunsuzluqları bu dəfə mətbuat vasitəsilə nəzərinizə çatdırmaq istəyirəm. Bu işlərin də hər biri barəsində Sizə sənəd, sübut əlavə etməklə məktub ünvanlamışdım.

Bu il 17 aprel 2014-cü il tarixdə qəbuluma gələn, Türkiyə və Azərbaycanda tanınmış iş adamı Mübariz Mənsimovun həyat yoldaşı, Tamara Mənsimova bildirmişdir ki, onun xəbəri olmadan Bakı şəhəri Nizami rayon məhkəməsində mülki işə baxılmış, 3 azyaşlı uşağı olmasına baxmayaraq qısa müddətdə nigahlarına xitam verilmiş və qüvvəyə minmiş qətnamə məlumat üçün Türkiyə məhkəməsinə göndərilmişdir. T. Mənsimovaya bu cür qanunsuzluğun ola biləcəyini zənn etmədiyimi bildirsəm də, elə həmin günü etibarnamə alaraq işimə başladım. Çox çətinliklə yalnız 24 aprel tarixdə mülki işin materialları ilə tanış ola bildim. İş materiallarında olan qanunsuzluqlar, uzun illər hakimlik, prokurorluq, vəkillik təcrübəsi olan şəxs kimi, məni də təəccübləndirdi. Oradan görünürdü ki, iddia ərizəsi, tələb olunan sənədlər əlavə olunmaqla məhkəməyə 18 dekabr 2013-cü il tarixində daxil olmuş və elə həmin gün də təqdim olunmuş materiallar qanuna uyğun hesab edilərək icraata qəbul edilmişdir. 18 dekabr 2013-cü il tarixdə hakim İmran Burcayev tərəfindən yoxlanılmış və qanuni hesab olunmuş sənədlərə baxdıqda gördüklərimə inanmaq istəmirdim. Axı iddia ərizəsində qoşma kimi göstərilmiş sənədlərin hamısı ən azından 18 dekabr 2013-cü il tarixə qədər tərtib olunmalı, təsdiqlənməli idilər. Bu işdə isə bütün əlavələr 18 dekabr 2013-cü il tarixdən sonraya təsadüf edirdi. Necə ola bilər ki, 18 dekabrda qəbul olunmuş iddia ərizəsi üzrə 21 dekabr 2013-cü il tarixli dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi, 20 dekabr 2013-cü il tarixli MKİS Arayışı, 19 dekabr 2013-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş Nikah və Doğum Şəhadətnamələrinin surətləri təsdiq edilsin. İddia ərizəsini, guya 18 dekabrda məhkəməyə təqdim etmiş şəxsin etibarnaməsi isə sənədlər məhkəməyə təqdim edildikdən 6 gün sonra, 24 dekabr 2013-cü il tarixdə təsdiq edilmişdir.
Açıq görünürdü ki, 18 dekabrda məhkəməyə iddia ərizəsindən başqa heç bir sənəd təqdim edilməmiş, ancaq iddia ərizəsi əsasında, qanunsuz olaraq, mənə məlum olmayan maraqlar ucbatından, hakim tərəfindən tələsik iş icraata götürülmüş, qoşma kimi göstərilən sənədlər isə sonradan toplanmışdır. Mülki işə cavabdeh Tamara Mənsimovanı xəbərdar etmədən baxılmış, qəbul edilmiş qətnamə isə ona göndərilməmişdir.

Dövlət Sərhəd Xidmətindən aldığımız arayışdan isə görünürdü ki, Tamara Mənsimova son iki ildə, 17 aprel 2014-cü il tarixə qədər Azərbaycana gəlməmişdir.
Açıq saxtakarlıq faktları ilə bağlı 25.04.2014-cü il tarixdə saat 19:20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “qaynar xətt”inə yazılı surətdə müraciət etdim. Heç bir tədbir görülmədiyindən, verdiyim şikayətə baxılmadığından, təkrarən ətraflı şəkildə 08.05.2014-cü il tarixli Ərizə ilə Sizə müraciət etdim. Heç cavab da vermədiniz.

Çox çətinliklərlə təqdim etdiyim apellyasiya şikayətinə, göstərdiyimiz qanunsuzluqlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cəmi bir gün ərzində baxdı və 10 oktyabr 2014-cü il tarixdə apellyasiya şikayətimizi təmin etmədən, Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

Bundan əlavə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının 22.10.2002-ci il tarixli 369-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin tələblərini kobud şəkildə pozdu, çünki Mübariz Mənsimovun iddia ərizəsi Nizami rayon məhkəməsinə daxil olmamışdan xeyli əvvəl, Türkiyə məhkəmələrində məhz tərəflər arasında nikahın pozulması barədə işə baxılmasına başlanmışdır.

Fikrət müəllim, bu günə qədər də Tamara Mənsimovanı Azərbaycan məhkəmələrində baş verən özbaşnalıqları dünya mətbuatına çıxmarmamasına, bizim məhkəmələrdə qanunun tələblərinə riayət olunacağına inandırmağa çalışıram, hərçənd ki, buna ümidim çox azdır. Göstərdiyim qanunsuzluqlar dünya mətbuatına çıxacağı təqdirdə dövlətin nüfuzuna vurulan zərərin cavabını kim verəcək? Axı bu sıradan bir iş deyil. Söhbət həm də birgə nigah dövründə qazanılmış 8 milyard ABŞ dolları dəyərində əmlakın bölünməsindən gedir. Sizə ünvanladığım məktublarda da bu halı xüsusi vurğulamışdım.

Digər işdə isə gözümüzün önündə mühüm sübut olan sənədlərin məhkəmə işçilərinin iştirakı ilə mülki işdən oğurlanmasından gedir. Nümayəndəsi olduğum A.Məmmədovun Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədov tərəfindən baxılan mülki iş materiallarında cavabdeh Faiq Nağıyev tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin saxta olduğunu bilən kimi hakimə və məhkəmə sədri Hilal Xəlilova həmin sənədlərin toxunulmazlığını təmin etmələrini xahiş etdim. Bu işdə məhkəmənin marağını bildiyimdən Sizə 13.03.2014-cü il tarixdə rəsmi Teleqramla müraciət etsəm də, bununla bağlı heç bir tədbir görülmədi, əksinə saxta sənədin iş materiallarından çıxarılması və digər sənədlə əvəz edilməsi üçün tam şərait yaradıldı. Sənədlərin saxtalığının aşkar olunduğunu bilən kimi cavabdeh, sənədlərin qaytarılması üçün vəsatətlə məhkəməyə müraciət etdi. Bizim təkidimizlə məhkəmə qərar qəbul etdi ki, sənədlər qaytarılmasın. Məhkəməyə əmin olmadığımızdan telefonla həqiqi sənədin şəkilini də çəkdik. Bunlara baxmayaraq, 16.04.2014-cü il tarixdə iş materialları ilə tanış olduqda məlum oldu ki, həqiqi sənədlər saxta sənədlərlə əvəz edilib.

27.04.2014-cü il tarixdə kütləvi informasiya vasitələri ilə ölkənin hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Masallı rayon prokurorluğu tərəfindən cinayət işi qaldırıldı, mülki iş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayev və digər vəzifəli şəxslərin adından tərtib olunmuş sənədlərdə imzaların və möhürlərin saxta olduğu müəyyən edildi və cavabdeh Faiq Qarayev cinayət məsuliyyətinə cəlb olundu.

Bütün bu qanunsuzluqlara baxmayaraq, Şirvan Apellyasiya məhkəməsi öz kolleqalarını sığortalamaq üçün açıq aşkar qanunsuzluqlara göz yumdu və məhkəmə qərarını qüvvədə saxladı. Hərçənd ki, bu barədə Sizdən başqa da bütün səlahiyyəti olan vəzifəli şəxsləri xəbərdar etmişdim. Sadaladıqlarımdan ayrı, bir vəkil kimi nə edə bilərdim? Əvəzində, vəkillikdən xaric edilmə prosesim daha da gücləndi.
Əgər istəyiniz olarsa, Sizə ünvanladığım, yuxarıdakı qanunsuzluqlara oxşar halları özündə əks etdirən, digər onlarla ərizələrin surətlərini yenidən təqdim edə bilərəm.
Etiraz əlaməti olaraq intihar edənlərin, artıq əhali arasında “İntihar körpüsü” kimi tanınan məkana çıxanların əksəriyyəti məhz məhkəmələrdə haqlarını qoruya bilmədiklərindən bu addımları atdıqlarını hər yerdə bəyan edirlər.

Fikrət müəllim, göstərdiyim hər bir hala görə hakimlər cinayət məsuliyyətinə cəlb olunmalı idilər. Ancaq bu günə qədər heç bir tədbir görülməyib. Əvəzində, məhz bu hakim korpusu tərəfindən, ancaq tənqidi fikirlərinə görə onlarla insan azadlıqdan məhrum olunublar. Əminəm ki, əgər qanunsuzluğa yol vermiş hər bir hakim məsuliyyətə cəlb olunsa, ölkədə siyasi məhbus olmaz və Azərbaycan bütün dünyada insan haqlarını kobud pozan ölkə kimi tanınmazdı.

Tabeliyinizdə olan Penitensiar Xidmətində cəza çəkənlərin, xüsusilə gənclərin, ölkə rəhbərliyinə ehtiram dolu ərizələri və YAP-a üzv olmaq ehtirasları isə heç bir qanuna və əxlaqa sığmır. Bunları bilməmiş olmazsınız, çünki Sizin təhsiliniz və dünyagörüşünüz digər rəhbər şəxslərdən çox üstündür.

Məhkəmə sistemində olan qanunsuzluqları bəzən Siz və digər məsul şəxslər hakimlərin iş yükünün yüksək olması ilə əlaqələndirirlər. Başçılıq etdiyiniz Məhkəmə Hüquq Şurası və Ədliyyə Nazirliyinin məhkəmələrlə məşğul olan kifayət qədər savadlı, təcrübəli hüquqşünasları var. Əgər istəyiniz olsa, onlara tapşırıq verə bilərsiniz ki, rayon və apellyasiya məhkələrinin qərarlarının neçə faizindən şikayət verildiyini ümumiləşdirsinlər. Görəcəksiniz ki, hər iki məhkəmələrdə baxılan işlərin az qala 90 faizindən şikayət verilir. Dünya praktikasında isə bu göstərici beş faizdən yüksək deyil. Bu isə onun göstəricisidir ki, vətəndaşlar onların haqlarını qorumalı olan məhkəmələrə inanmırlar. Əgər Siz bu inamı bərpa etsəniz, əmin edirəm ki, məhkəmələrdə baxılan işlərin həcmi ən azından yarıya qədər azalar.

Məhkəmə qərarlarının icrasında olan problemlər hamıya məlumdur. Bircə halı diqqətinizə çatdırım. Azərbaycan Dövləti adından çıxarılan, icrası hamı üçün məcbur olan yüzlərlə məhkəmə qərarları, yüksək rütbəli məmurların istəkləri ilə illərdir icrasız qalmışdır. İcrasız demişkən, bir halı da vurğulayım, Azərbaycan hakimiyyəti beynəlxalq qanunlara əsasən Avropa İnsan Haqları məhkəməsinin qərarlarını icra etməlidir. Bizim məhkəmələr isə bəzən cürbəcür bəhanələrlə onları da icra etmir.

Təsir imkanınız qeyri-məhdud olan Vəkillər Kollegiyasının fəaliyyətinə isə mətbuatda mütəmadi olaraq fikir bildirdiyimdən toxunmadan, sadəcə özümlə bağlı baş verənləri bir daha qısa olaraq nəzərinizə çatdırıram. 12 fevral 2012-ci ildə Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovun mənə qarşı etdiyi hörmətsizlik barədə KİV-lərə məlumat verdikdən dərhal sonra Sizə də müraciət etdim. Sizə müraciətimdən iki gün sonra 14 fevral 2012-ci il tarixdə E.Həsənov, az qala ona qarşı xuliqanlıq hərəkəti etdiyim barədə, Vəkillər Kollegiyasına məktub ünvanladı. “Xətrimi çox istəyən” Azər Tağıyevin başçılıq etdiyi Vəkillər Kollegiyası vəkillikdən xaric edilməyimlə bağlı məhkəməyə müraciət etdilər. Məhkəmələr də təbii ki, E.Həsənovu haqlı saydılar. Qaldırdığım heç bir hala diqqət yetirilmədi, hərçənd ki, məhkəmə üçün kifayət edərdi ki, qaldırdığım vəsatətlərin heç olmasa biri araşdırılsın. Hakim E.Həsənova qarşı, guya xuliqanlıq etdiyim məkanda 5 ədəd videokamera yerləşdirilib. Səbail məhkəməsi arayış verdi ki, videogörüntülər 5 gün ərzində silindiyindən təqdim edə bilmərik. Doğrudanmı, Siz də hesab edirsiniz ki, vəkil Aslan İsmayılov hakimə qarşı xuliqanlıq etsin və həmin hakimin çalışdığı məhkəmə də o videogörüntüləri məhv etsin?! Əvəzində, guya az qala xuliqanlıq etməyim barədə tərtib olunmuş saxta rəyə demək olar ki, Səbail məhkəməsinin bütün işçiləri imza atdı və məhkəmə iclasında üzümə durdular. E.Həsənov ərizəsində göstərmişdi ki, “dedektiv filmlərin qəhrəmanı” kimi, bütün maneləri dəf edərək, icazəsiz onun otağına daxil olmuşam. Məhkəmədən xahiş etdim ki, hadisə yerinə, yəni qapıya yerində baxış keçirsin və görsün ki, onun qapısı, həbsxanalarda olan kimi içəridən kilidlə açılan olduğundan onun icazəsi olmadan quş da otağına keçə bilməz. Məhz buna görə o, müraciətimdən dərhal sonra qapı qarışıq bütün çərçivəni dəyişmişdir. Ancaq yenə də yerində baxış keçirərkən o izləri asanlıqla görmək olardı. Dediyim bu halları məhkəmənin bütün işçiləri bilirdi, ancaq yenə üzümə durdular. İndi onlardan ədalət gözləmək olarmı? Sizə bu barədə etdiyim çoxsaylı müraciətlərimə heç bir cavab vermədiniz. Əvəzində E.Həsənov Bakı apellyasiya məhkəməsinin hakimi vəzifəsinə yüksəldildi. Oxşar hadisə 1999-cu ildə, mən vəkillikdən birinci dəfə xaric olunanda da baş vermişdi. Onda 5 nəfər vəkillikdən xaric olunmağımda canfəşanlıq edən vəkil hakim mantiyası, ən aktiv olan İnqilab Nəsirov isə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin sədri vəzifəsi ilə dəyərləndirildi. Bu cür hakimləri olan məhkəmələrə, ən azından mən heç vaxt etibar etmərəm.

Yeri düşmüşkən, nəzərinizə çatdırım ki, vəkillikdən xaric olunmağımla bağlı kassasiya şikayətimə 3 dekabr 2014-cü il tarixdə saat 15-də Ali Məhkəmədə baxılacaq.

Bu məktubları yazmaqda məqsədim kimlərəsə dərs vermək yox, sadəcə bir vətəndaş kimi göstərdiyim halların aradan qaldırılmasına köməklik etməkdir.

Əvvəlki məktubumun uzun olduğuna bildirilən iradları görə fikrimi yekunlaşdırıram və xahiş edirəm ki, başçılıq etdiyiniz digər sahələrə də nəzər salıb özünüz qərar qəbul edəsiniz”.