
Partiyadan çıxarılmış Kamil Xəlilbəyli Müsavatın qərargahında polislə hədələnib
«Bu insanlar kimə və nəyə güvənib etiraz edincə bizi polislə hədələyir?»
Müsavatın qurultayının nəticələrindən və hazırkı rəhbərliyin siyasətindən narazı qalaraq təşkilatdan istefa verən gənclər yeni partiya yarada bilər. Bu barədə APA-ya danışan Müsavat Gənclər Təşkilatının keçmiş sədri Əhliman Abbas bildirib ki, heç bir halda, Müsavata qayıtmayacaq. O, qeyd edib ki, istefa verən gənclərlə birlikdə yeni partiya yaradılması fikri var, ancaq bu istiqamətdə hələlik hər hansı müzakirə aparılmayıb.
Müsavatdan çıxarılmış şəxsi hədələdilər
Bu arada, Müsavatın Qaradağ rayon təşkilatının sabiq üzvü Kamil Xəlilbəyli partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) ərizə ilə müraciət edərək, partiyadan kənarlaşdırılması ilə bağlı qərara yenidən baxılmasını istəyib. Lakin partiyanın qərargahında MNTK üzvü Xuraman Bağırova onun ərizəsini qəbul etməyib.
“Qərargahda Xuraman Bağırovanın absurd açıqlaması ilə qarşılaşdım. O, mənə dedi ki, partiya üzvü olmadığım üçün MNTK ərizəyə baxa bilməz. Bunun Nizamnaməyə zidd olduğunu bildirdim. Xuraman Bağırova isə məni polislə hədələyərək ”MNTK hər yoldan keçənin ərizəsinə baxa bilməz” dedi. Illərini Müsavat üçün xərcləyən insanları “yoldan keçən” kimi görmək cürətini bunlar kimdən alır? Bu insanlar kimə və nəyə güvənib etiraz edincə bizi polislə hədələyir? Doğrudanmı artıq Müsavat Partiyası Nizamnamə ilə deyil, şəxslərin istək və arzularına görə idarə olunur? Bu adamların əsas məqsədi iclasdan bir ay vaxt ötürmək və bir ay keçdi deyib, məsələni bağlamaqdır”, – deyə Kamil Xəlilbəyli APA-ya açıqlamasında bildirib.
MNTK sədri Sevinc Hüseynova isə deyib ki, Nizamnaməyə əsasən, partiyadan çıxarılan şəxs yalnız 6 aydan sonra məsələyə yenidən baxılması üçün müraciət edə bilər.
“Fraksiyanın idarəetmə forması haqqında sənəd hazırlanır”
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı bildirib ki, partiya daxilində yaradılmış işçi qrupun növbəti iclasına qədər fraksiyanın idarəetmə forması haqqında konkret sənəd hazırlanacaq. Bu haqda “report.az”a danışan Tural Abbaslı qeyd edib ki, iclasda fraksiyanın idarəetmə forması sənəd üzrə müzakirə olunacaq.
Fraksiyanın kollegial idarəetmə formasının tərəfdarı olduğunu deyən Tural Abbaslı işçi qrup üzvlərinin Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqə qoşulacaqlarını da vurğulayıb: “Sonuncu iclasda mitinq məsələsi geniş müzakirə olundu. Qərəra gəlindi ki, işçi qrup tam tərkibdə mitinqə dəstək versin”.
Qeyd edək ki, Işçi qrup Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsilə bağlı təklifləri dəyərləndirmək məqsədilə yaradılıb.
“Proseslərdən asılı olaraq, istefa verə bilərəm”
Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli isə bəyan edib ki, partiya daxilində barışıq mümkün olmasa, istefa verəcək.
O, sabiq başqan Isa Qəmbərin partiyanın noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsindəki çıxışından məyus olduğunu qeyd edib: “Təşkilatımızdakı müsavatçılar xəyal qırıqlığına uğrayıblar. Noyabrın 23-də partiyanın ümumrespublika müşavirəsində iştirak etdik. Ümid edirdik ki, sabiq başqan partiyada baş verənlərə münasibət bildirəcək və hamını barışığa çağıracaq. Lakin ümidlərimiz puç oldu. Isa bəy çıxışının sonunda ”Kim istəyir qalsın, istəməyənlərə də yaxşı yol” dedi. Bu, bizə təsir etdi. Illərdir ki, həyatımızı partiyanın yolunda qoymuşuq, amma bizə asanlıqla qapı göstərirlərsə, deməli, dəyər vermirlər. Bu çıxışdan sonra 3-4 nəfər istefa ərizəsini yazdı. Yenə də narazılar var. Proses bu cür davam edə bilməz. Çalışıram ki, üzvləri istefa qərarlarından çəkindirəm, onları qərarlarında tələsməməyə çağırıram, amma alınmır”.
Rövşən Dəmirli özünün də partiyadan istefa verəcəyini istisna etməyib: “Proseslərdən asılı olaraq, istefa verə bilərəm. Hər şey situasiyadan asılı olacaq. Hələ ki, gözləyirik”.
Arif Hacılı və Qubad Ibadoğlu görüşdü
Dünən Müsavat başqanı Arif Hacılı və başqanlığa sabiq namizəd, partiyadakı narazı qrupun lideri sayılan Qubad Ibadoğlu bir araya gəlib.
“Arif Hacılı ilə partiyadaxili vəziyyəti, perspektivləri, partiyanın bütövlüyünün qorunması üçün atılacaq addımları müzakirə etdik. Xüsusi müzakirə etdiyimiz məsələlərdən biri partiyadan istefa verən və xaric olunan şəxslər barəsində oldu. Partiyanın bütövlüyünü qorumaq üçün bu istiqamətdə hansı addımlar atmağın vacib olduğu haqda fikirlərimi bölüşdüm. Qərara gəldik ki, bu cür məsləhətləşmələri gələcəkdə də davam etdirək”, – deyə Qubad Ibadoğlu “mediaforum”a deyib.
Arif Hacılıya partiyanın hər hansı seçkili və ya təyinatlı orqanında təmsil olunmayacağı deyən Qubad Ibadoğlu Müsavatdan da istefa verməyəcəyini qeyd edib: “Indiyədək olduğu kimi partiyanın güclənməsi üçün yeni təkliflər, tövsiyələr hazırlayıb təqdim edəcəm, partiyanın güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Indiki mərhələdə barışıq paketi hazırlamışam. Proseslərin gedişi bunun necə dəyərləndirilməsi və icrasından asılıdır”.
“Sizə Məclis sədri olmaq təklif edildimi?” sualına Qubad Ibadoğlu belə cavab verib: “Bəli, Arif Hacılı təklif etdi, lakin mən razılaşmadım. Çünki seçkili və təyinatlı orqanlarda təmsil olunmamağa qərar vermişəm. Müsavatın işində iştirak etmək üçün vəzifə tutmaq vacib deyil. Biz təkliflərimiz, tövsiyələrimizlə partiyaya əlimizdən gələn köməyi edirik. Mən Müsavat Partiyasında şəxsi mənafe üçün çalışmıram. Hesab edirdim ki, bizim platforma və proqramımız Müsavat üçün daha məqbul idi. Bunları reallaşdırmaq üçün başqanlıq uğrunda seçkiyə qoşuldum. Təəssüflər olsun ki, seçki ədalətsiz keçdi və mən də heç bir vədimi reallaşdıra bilmədim”.
Qubad Ibadoğlu onu da bildirib ki, işçi qrup formatında müzakirələri davam etdirirlər.
Arif Hacılı Qubad Ibadoğlu ilə keçirdiyi görüş haqda “musavat.com”a açıqlamasında deyib: “Saat yarım ərzində bir çox məsələdən danışdıq. Həm ölkədə, həm də demokratik düşərgədə gedən proseslər barədə fikir mübadiləmiz oldu. Partiyanın qurultayından sonra müzakirəyə çıxarılan bəzi məsələlər və gəlişmələr barədə fikirlərimi bildirdim.
Qubad bəyin də müsbət dəyərləndirdiyim mesacları və maraqlı təklifləri oldu.
Düşünürəm ki, görüşümüz partiyadaxili gərginliyin azalması, partiya nizamnaməsindən kənara çıxan bəzi neqativ davranışlara son qoyulması baxımından çox faydalı oldu”.


