Korrupsiya layihələrinə milyardlar xərcləyən hakimiyyət şəhid ailələrinə icbari sığorta pulunu niyə vermir?
Bir qrup şəhid ailəsinin Milli Məclisin binası qarşısında keçirdiyi etiraz aksiyası barədə “Azadlıq”ın ötən saylarında da məlumat vermişdik. Bir daha qeyd edək ki, şəhid olmuş hərbçilərin ailələri dövlətdən icbari sığorta pulunu ala bilmələri üçün deputatlardan dəstək istəyirdilər. Təsəvvür edin ki, şəhid ailələri 1994-cü ildən bu günə qədər təyinatı üzrə sığorta pulunu ala bilməyiblər.
Təkcə bu fakt kifayət edir ki, hakimiyyətin hansı mənəvi dəyərlərə sahib olduğunu, şəhidə və şəhid ailəsinə verdiyi dəyəri açıq şəkildə müşahidə edək.
Biz başa düşürük ki, bu hakimiyyət üçün insan amili sonuncu dərəcəlidir. Ona görə də şəhidin xatirəsinin əbədiləşdirilməsi, şəhidlərə qarşı cəmiyyətdə rəğbət aşılanması, şəhid böyüklüyünün tərənnümü kimi mənəvi öhdəlikləri hakimiyyətdən gözləmirik. Heç olmasa, şəhid ailələrinə maddi dəstəyi təmin edin. Icbari sığorta pulu nə böyük problemdir ki, bunun həlli reallaşmır. Niyə vətən üçün canını fəda etmiş insanların yaxınları qanuni haqqını almaq üçün harın millət vəkillərinə elçi düşməlidir.
Heç olmasa öz yazdığınız, təsdiq etdiyiniz qanunlara tüpürməyin.
Ölkədən oğurladığınız 48 milyardın qarşısında, olimpiadaya xərclədiyiniz milyardlarla müqayisədə, Azərbaycanın bütün bölgələrində tikdirdiyiniz villaların müqabilində, şəhidin sığorta pulu qəpik-quruş deməkdir.
Niyə bu ölkədə şəhidin dəyəri Rövnəq Abdullayevin oğlunun dəyərindən 100 dəfə aşağıdır? Necə olur ki, məmur oğlu 21 yaşında hotellərə, şirkətlərə, villalara sahib ola bilir, amma 21 yaşında şəhid olmuş gənc minimal sığorta pulunu ala bilmir.
Təkcə Heydər Əliyevin heykəlinin Meksika paytaxtında qoyulduğu yerdə qalması üçün həmin ölkəyə 4 milyard dollarlıq investisiya paketi təklif etmişdilər. Amma Bakıda uyuyan şəhidlərin yaxınlarına 10 dollar da təklif etmirlər.
Şəhidlər xiyabanı ilə üzbəüz tikilmiş “Alov qüllə”lərinə milyard dollar xərcləndiyi halda, Şəhidlər xiyabanında uyuyan insanlara cüzi məbləğ çox görülür. Hansıki, ən böyük alov qülləsi həmin valideynlərin ürəyindədir. Hakimiyyət bu qədər laqeydliklə, bu qədər hörmətsizliklə şəhid ailəsini ikinci dəfə yaralayır.
Yəqin ki, şəhid ailələri növbəti aksiyaları keçirmək qərarına gəlsə, bu adamlar sığorta pulu əvəzinə polis dəyəniyi ilə “mükafat”landırılacaq.
Axı, onlar “Assosasiya sazişi” imzalanmasını, “Rəqabət məcəlləsi”nin təsdiq olunmasını, “Gəlir deklorasiya”sının qüvvəyə minməsini tələb etmirlər ki, hakimiyyətin xoşuna gəlməsin. Onlar halal haqlarını tələb edirlər. Haram yeyənlər isə halallıqdan anlamadıqları üçün şəhidi deputatın ayağına gətirirlər.
Əslində sözün bitdiyi yer, elə bu yerdir.
Akif


