Putin Türkiyə səfərindən nə qazanacaq?

Vəfa Quluzadə: «Türkiyənin hazırkı durumda Rusiyaya kömək etməsi Ankaraya baha başa gələ bilər»

Dünən Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Yayılan məlumatlara görə, görüşdə əsas siyasi deyil, iqtisadi məsələlər müzakirə edilib. Putini səfər zamanı 10 nazir müşayiət edib. Dünyanın gündəmində olan səfərdə əsas mövzu enerji məsələsi olub. Iki ölkənin 2010-cu ildə açıqladığı 100 milyard dolarlıq ticarət dövriyyəsi hədəfini reallaşdırmaq üçün Türkiyəyə gələn Putin bu istiqamətdə geniş müzakirələr aparıb. 

Putinlə görüşdə Türkiyə vətəndaşları üçün bu ölkdə vizasız qala bilmə müddətinin 2 aya kimi uzadılması da müzakirə edilib. 

Onu da qeyd edək ki, Putinin səfərindən öncə Ərdoğan “Qazprom”un sədri Aleksey Milleri qəbul edib. Görüşdə Rusiya ilə Türkiyə arasındakı təbi qaz alğı-satqısı ilə bağlı müzakirələr aparılıb.ÿ

Səfər müddətində Türkiyə ekologiya nazirliyi bu ölkədə tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının (AES) ətraf mühitə təsirinin dəyərləndirilmə sənədini təsdiqləyib.ÿ

Rusiyanın sərmayəsi ilə tikiləcək AES üçün çox vacib sənədin məhz Putinin Türkiyəyə səfər etdiyi gün imzalanmasına xüsusi diqqət çəkir. 

Diqqət çəkən daha bir məqam Putinin Türkiyədə olduğu müddətdə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Ərdoğana zəng etməsidir. 

Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri də müzakirə ediblər.

Bəs iki dövlət başçısının bir araya gəlməsi Azərbaycan üçün nə vəd edir? Ərdoğan Putinlə görüşdə Azərbaycanla bağlı məsələləri də qabarda bilərmi? 

Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə Azərbaycanla bağlı önəmli danışıqlar apara və Qarabağla bağlı Putinə təsir edə bilər. Putinin hazırda ağır durumda olduğunu deyən V.Quluzadənin fikrincə, Türkiyənin hazırkı durumda Rusiyaya kömək etməsi Ankaraya baha başa gələ bilər: “Rusiya ilə Qərb qarşıdurma vəziyyətindədir. Əgər belə bir vəziyyətdə Türkiyə Putinə razılıq versə ki, Ankara Rusiyaya külli miqdarda ərzaq və başqa məhsullar çatdıracaq, bu, Türkiyəyə baha başa glə bilər. Türkiyə belə bir qərar qəbul edərsə, qəti şəkildə Rusiyadan Qarabağın azad olunmasını tələb etməlidir. Türkiyənin belə bir addım atıb-atmayacağı bilinmir. Bəlkə də Türkiyə yalnız öz maraqlarından çıxış edəcək. Düşünürəm ki, danışıqlarda toxunulan bir çox məsələlər mətbuata açıqlanmayacaq”.

Xəyal