İlham Əliyev Rauf Arifoğlunu hələ də bağışlamayıb?

Keçmiş müxalifətçi baş redaktor neçə gündür hakimiyyət başçısına mesaj ötürür

Batumidə azərbaycanlı vicdan məhbuslarına dəstək aksiyası təşkil edən “People in need” təşkilatını “ermənipərəst” elan etməklə İlham Əliyev hökumətinin çörəyinə yağ sürtüb, tamam ifşa olunmuş şəkildə Bakıya dönən Rauf Arifoğlu neçə gündür özünə bəraət qazandırmaq istəyir. Səhv anlaşılmasın, o, bəraəti Batumi rüsvayçılığına görə onu haqlı olaraq tənə və tənqid atəşinə tutan vətəndaş cəmiyyəti nümayəndələrindən istəmir. “Yeni Müsavat”ın baş redaktoru özü üçün çoxdan müəyyən edib ki, belə mənəvi məsələlərə vaxt və enerji sərf etmək səmərəsizdir. İndi o, praqmatik və maddi qazancı artıra biləcək layihələrin arxasıncadır. Buna görə də Batumi rüsvayçılığını Bakıda AXCP-yə və onun sədri Əli Kərimliyə qarşı savaş açmaqla davam etdirdi. Batumidəki əməlinə görə onun üstünə gedən bütün ictimai fəalları “Əli Kərimlinin əhatəsi” adlandıraraq, cavab əvəzinə AXCP sədrinə şər-böhtanlar deməyə və özü kimilərə dedirtməyə başladı. Onu qınayan, ondan izahat tələb edən ictimai fəallar qaldı bir kənarda.

Bu, öz aləmində Rauf Arifoğlunun “dahiyanə gedişi” idi. “Yuxarılara” mesaj ötürürdü ki, hakimiyyətin dəstəkçisi kimi ifşa olunması daha onu narahat etmir, əksinə o, baş verənlərdən İlham Əliyevin bir nömrəli rəqibi Əli Kərimliyə qarşı savaş açmaq üçün bəhrələnir. Amma deyəsən, İlham Əliyevin administrasiyasında bu mesajı dərhal qeydə alıb, cavab siqnalı göndərmədilər. Odur ki, adam bir az da açıq danışamq qərarına gəldi.

Bu minvalla o, bir neçə gün qabaq hansısa saytlar üçün bəlkə də qəzetində hazırlanmış müsahibə verdi. Müsahibəsində, dediyinə görə, Əli Kərimli ilə aralarında baş vermiş bir söhbəti açırdı. Deyirdi ki, Əli Kərimli görüşlərinin birində onun İlham Əliyevi çətin vəziyyətdən çıxarmaq üçün gündəmi dəfələrlə necə dəyişdiyini xatırladıb və buna görə ona irad tutub. O da sual verib ki, görəsən, bunları İlham Əliyev bilirmi?

Biz deyə bilmərik ki, AXCP sədri ilə “Yeni Müsavat”ın baş redaktoru arasında belə bir söhbət həqiqətən də olub, ya yox. Bunu Əli Kərimli ilə dəqiqləşdirmək də mümkün görünmür, çünki indiyədək olan təcrübə göstərir ki, o, ikilikdə olan söhbətləri hətta öz xeyrinə ola biləcəyi halda da açıqlamır. Bu baxımdan Rauf Arifoğlunun dediklərinin həqiqiliyi üzərində mübahisə açmayacağıq. Sadəcə izah etməyə çalışacağıq ki, Rauf Arifoğlu belə bir söhbəti niyə tirajlayır. Bəli, məhz tirajlayır, çünki qəzetinin saytında və facebook səhifəsində onu dəfələrlə yayıb. Deməli, o, İlham Əliyevə düşdüyü çətin vəziyyətlərdən çıxmaqda kömək etdiyi üçün Əli Kərimlinin qınağına tuş gəldiyini daha çox eşitdirmək istəyir. Bəs kimə? Şübhəsiz ki, İlham Əliyevə.

“Yeni Müsavat”ın baş redaktoru istəyir ki, İlham Əliyev onun xidmətlərini qiymətləndirsin. Nəzərə alsın ki, ona ən böyük mətbuat dəstəyini, təbliğat köməyini “Yeni Azərbaycan”, “Səs”, “Azərbaycan” qəzetləri, “Lider TV” kimi hakimiyyətin əzəli dəstəkçiləri, deputat elədiyi Sahib Alıyev, Etibar Hüseynov kimi keçmiş “televizyonşik”-məddahlar yox, məhz Rauf Arifoğlu öz qəzeti ilə göstərib və bunu hətta onun bir nömrəli rəqibi, düşmən gözündə gördüyü Əli Kərimli də etiraf edir. Yəni, başqa anlamda, Rauf Arifoğlu AXCP sədrinin hesabına İlham Əliyevin yanında özünə bəraət qazanmağa çalışır.

Deyəsən, “Yeni Müsavat”ın baş redaktoru hesab edir ki, Prezident Administrasiyasındakı arxa-dayaqlarının, nazir dostlarının vderə biləcəyi təminatlara baxmayaraq, İlham Əliyev onu bağışlamır. Ya da onda belə bir dəqiq məlumat var. Ona görə də adını İlham Əliyevin “əfv siyahısına” salmaq üçün son günlər fəaliyyətini gücləndirib. Batumi rüsvayçılığını isə bunun üçün ələ düşmüş yaxşı imkan kimi görür.

İlham Əliyevin ortadakı bütün xidmətlərə baxmayaraq, onu bağışlamadığını düşünməkdə Rauf Arifoğlu haqlı da ola bilər. Hər halda ən azı 2003-cü ilə qədər İlham Əliyevin ünvanına nələr yazdığını, nələr yazdırdığını özü yaxşı bilir. Onu da bilir ki, bunları İlham Əliyev də yaxşı xatırlayır.

İndi hər iki tərəf üçün çətin vəziyyət yaranıb. İlham Əliyev Rauf Arifoğlunu bağışlasa, deməli, barəsində onun təxminıən 10 il əvvəl yazdıqlarını udmuş kimi görünə bilər. Buna görə də onun Rauf Arifoğlunu bağışlaması çətindir. Rauf Arifoğlu isə artıq dilə gəlib açıq şəkildə istədiyi deputat mandatını bu qədər özünüifşadan sonra da ala bilməsə, ciddi mənəvi-psixoloji sarsıntı keçirəcək. Belə çıxacaq ki, ona Sahib Alıyev, Etibar Hüseynov qədər də qiymət qoymadılar. O isə belə görünür ki, indi ən ikrah doğuracaq vəziyyətlətə düşməsinə də dözərək, 2015 seçkisində deputat mandatı ilə mükafatlandırılmasını, bundan sonra da “deputat sanbalını” əsas götürməklə yavaşca kənara çəkilməyi planlaşdırır.

Gözləyək, görək axırı necə olacaq – keçmiş müxalifətçi baş redaktor İlham Əliyevdən əfv ala biləcəkmi?

Azad Akifoğlu