İlham Əliyevin yeni müttəfiqləri

Avropadan qaçan Azərbaycan hansı ölkələrə sığınır?

Azərbaycan “Bloklara Qoşulmayan Dövlətlər Hərəkatı”na qoşulur. Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Indoneziyanın paytaxtında olacaq və Azərbaycanın bu bloka qoşulması ilə bağlı sənədi imzalayacaq. Mətbuatda artıq məlumat verilib ki, Azərbaycan bu bloka Fici adlı dövlətlə eyni gündə qoşulacaq. Fici hərbi xuntanın hakimiyyətdə olduğu bir ölkədir.
Yəqin oxuculara bu bitərəflər hərəkatı barədə bəzi məlumatlar vermək lazımdır ki, vətəndaşlar bizim indən belə kimlərlə yaxın qonşuluq və dostluq edəcəyimizi bilsinlər.
Tərəfsiz Dövlətlər Hərəkatı (Non-Aligned Movement-NAM) özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.
Hərəkatın yaradılması ideyası ilk dəfə 1955-ci ildə Bandonq konfransında (Indoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal Iosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.
Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Sonuncu sammit 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçirilmişdi. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. Hərəkatın 16-cı sammiti 2012-ci ildə Iranda keçiriləcək.
Yarımrəsmi təbliğat vurğulayır ki, Azərbaycan bu bloka qoşulmaqla Isveçrə ilə təqribən eyni status əldə edir, daha dünya bizi də neytral ölkə kimi tanıyıb qəbul edəcək və daha bizim “daxili işlərimizə” heç kim burnunn soxa bilməyəcək.
Amma bu məlumat çox ötəri və məhdud bilginin nəticəsidir. Bu, bizə təqdim edilən şəkildə neytralitet deyil.
Neytralitet statusunu qəbul edən dövlət başqa dövlətlərlə müharibə edə və sülh şəraitində də hərbi blokların üzvü ola bilməz.
Bir çox ölkələr Ikinci Dünya savaşı zamanı özlərinin neytrallığı haqqında bəyanatlar səsləndirmişdilər. Amma onların əksəriyyəti işğal altına düşdü. Müharibədən sonra Irlandiya, Portuqaliya, San-Marino, Ispaniya, Isveç və Isveçrə (Lixtenşteynlə bərabər) neytral dövlətlər kimi tanındılar.
Indi neytrallıq edən ölkələrin heç də hamısı bu tələblərə cavab verən ölkələr deyil. Onların bəziləri demokratikləşmə prosesindən yayınaraq özlərini bu tipli ölkələrin klubunda daha rahat hiss edirlər. Bir çox ölkələr isə, məsələn, Əfqanıstan, Hindistan, Pakistan, Iraq,.. daxili münaqişələrdən əziyyət çəkir. Başqa tipli “neytral” ölkələr heç bir halda daxili inkişaf yolu tapa, əhalinin rifahını təmin edə bilmirlər.
Bütövlükdə isə, neytrallar hərəkatı çağdaş dünya siyasi səhnəsində aktuallığını itirmiş, amorf və heç bir ciddi prosesi yarada və apara bilməyən mənasız bir “blok”dur.
Bu blok barədə “Azadlıq”ın oxucularına təqdim etdiyimiz “Turan” informasiya agentliyinin şərhi geniş təəssürat yaradır. Bu materiala əlavə olaraq isə, Ilham Əliyevin Qərbin acığına üz tutduğu ölkələr blokuna daxil olanların siyahısını da təqdim edirik.
Bizim yeni müttəfiqlərimiz bunlar olacaq:
Əfqanıstan, Əlcəzair, Anqola, Baham, Banqladeş, Bəhreyn, Barbados, Belarus, Beliz, Benin, Butan, Boliviya, Botsvana, Bruney, Burkino-Faso, Burundi, Kamboca, Kamerun, Kare-Verde, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Komorro, Konqo, Kot d’Uvara, Kuba, Kipr, Cibuti, Dominikan Respublikası, Ekvador, Misir, Ekvatorial Qvineya, Eritreya, Efiopiya, Qabon, Qambiya, Qana, Qrenada, Qvatemala, Qvineya, Qvineya-Bissau, Qiyana, Honduras, Hindistan, Indoneziya, Iran, Iraq, Yamayha, Iordaniya, Keniya, Koreya, Laos, Lesoto, Liberiya, Liviya, Madaqaskar, Malaviya, Maldiv, Mavritaniya, Maurutius, Monqolustan, Mərakeş, Mozambik, Myanma (Birma), Namibiya, Nepal, Nikaraqua, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Panama, Papua-Qvineya, Peru, Filippin, Qətər, Ruanda, Sant-Lusiya, Sao Toma və Prinsip, Səudiyyə Ərəbistanı, Seneqal, Seyşel, Syerro-Leona, Sinqapur, Somali, Şri-Lanka, Sudan, Surinam, Tanzaniya, Toqo, Tailand, Trinidad və Tobaqo, Tunis, Türkmənistan, Uqanda, Vanuatu, Venesuela, Vyetnam, Yəmən, Zambiya, Zimbabve.

Bu təşkilatın baş katibi hələ də Hüsnü Mübarəkdir

Azərbaycanın “Bloklara Qoşulmamaq Hərəkatı” adlı amorf təşkilata qoşulmaq niyyəti barədə xəbər daxili siyasi mühiti bir qədər hərəkətə gətirdi, amma Qərbdə heç bir reaksiya doğurmadı. Görünür, hökumətin belə bir addım atacağı əvvəldən gözlənilirmiş.
Azərbaycanın Xarici Işlər Nazirliyi 25-27 mayda Balidə keçiriləcək konfransda Azərbaycanın “Bloklara Qoşulmamaq Hərəkatı”nda müşahidəçi statusundan tam üzvlüyə keçəcəyini istisna etməyib.
Əgər bu baş versə, Azərbaycan 1961-ci ildə “soyuq müharibə” nəticəsində yaranan bu təşkilatın 119-cu üzv-dövləti olacaq. SSRI bu təşkilatdan ABŞ-a qarşı mübarizəsində yararlanmaq istəyirdi. SSRI dağılandan sonra təşkilat praktik olaraq nüfuzunu itirib. Amerikalılar da bu təşkilatdan yararlanmağa çalışıb.
Təşkilatın üzvləri dünya ağalığının iki tərəfi arasında balans yaradır, beynəlxalq münasibətlər sistemində neytral qalmağın əvəzində özləri üçün dividend xahiş edirdilər.
Rəsmi Bakı öz xalqından icazə istəmək və ya seçicilərin xeyir-duasını almaq bir yana, bu təşkilata daxil olmağın motivləri barədə də heç bir məlumat vermir.
Bu “tapmaca” KIV-ə sızandan sonra vətəndaşlar özləri Bakını bu qeyri-adi arxaik addıma təhrik edəcək iki mümkün motiv ətrafında cəmləşib. Mətbuatda səsləndirilən versiyalardan birinə görə, Azərbaycan bunu Rusiyanın xətrinə edir. Məqsəd NATO və Avropa Birliyi ilə əməkdaşlıqdan onun qıcıqlanmasını yumşaltmaqdır. Başqa bir versiyaya görə, məqsəd “Bloklara Qoşulmamaq Hərəkatı”nın içində itib-batmaq, demokratik islahatların sürətləndirilməsi barədə Qərbin güclənən çağırışlarından qurtulmaqdır.
Rusiya amili az ehtimal edilir. Azərbaycan indiyədək öz maraqlarından çıxış edərək uğurla manevrlər edib, Rusiya ilə Qərb arasında ziddiyyətlərlə oynayıb. Bakını Amerikanın təhlükəsizlik çətiri altında Moskvanın mədəni-iqtisadi maraqları təmin edib. Bu çətirin altına o, 1994-cü ildə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı imzalayaraq girib və neft strategiyasında liderliyi amerikalılara verib.
Digər tərəfdən, Moskva bu gün xüsusi konturlar cızır, NATO və Avropa Birliyi ilə birgə layihələr imzalayır, Qərbi Avropa dəyərlər sisteminə daxil olmaq istəyir. Bu mənada ruslar azərbaycanlılardan daha uzağa gediblər və Azərbaycana görə ABŞ və Avropa Birliyi ilə münasibətləri korlamaqda maraqlı deyillər.
Buna nümunə olaraq 2009-cu ilin hadisələrini göstərmək olar. Onda Moskva özünü milli maraqlarına uyğun apardı. Söhbət Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramından gedir. Azərbaycan ona öz maraqlarına zidd olaraq daxil olmağa məcbur oldu. “Şərq tərəfdaşlığı” proqramı əvvəlki “Mehriban qonşuluq”dan fərqli olaraq, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizi prioritetlərinin əvəzinə demokratiya və insan haqlarına üstünlük verir. Avropa Birliyi ilə əməkdaşlıqda əvvəlki prioritetləri saxlamaq cəhdləri fayda verməyəndə Bakı Rusiya və Iranın dəstəyindən yararlanmağa çalışdı. Bu məqsədlə öz qaz marşrutunu Şimal və Cənuba dəyişməklə Qərbi hədələmək kimi uğursuz cəhd də edildi. Praktik olaraq eyni zamanda Rusiya “Qazprom”u və Iranın Dövlət Neft Şirkəti Azərbaycan qazını sərhəddə o vaxt üçün ən yüksək qiymətə – min kubmetri 400 dollara almağa hazır olduqlarını bildirdilər.
Bu blef Azərbaycan üçün sonradan acı zarafata çevrildi. Rusiya və Iran niyyətindən əl çəkdi və Qərb dünyası ilə öz problemlərinin həllinin hayına qaldı.
Islahatların aparılmasına Bakının məhz bu yöndəmsiz müqaviməti ABŞ və Avropa Birliyi ilə münasibətlərdə çətinlik yaratdı. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq üzrə indikativ proqramı qəbul etməyə məcbur olsa da, götürülən öhdəliklərin icrasının analizi göstərir ki, hakimiyyət deyilən kursdan yayınmaq üçün əlindən gələni edir. Son beynəlxalq hesabatlara görə, ölkədə gündəliyin bütün aktual məsələləri üzrə indekslər pisləşməkdə davam edir: demokratiya, insan haqları, qanunun aliliyi, korrupsiya, islahatlar…
Cari il beynəlxalq dövlətlərüstü strukturların və qeyri-hökumət təşkilatlarının Azərbaycanın antidemokratik hökumətinə sistemli hücumları ilə xarakterizə edilir. “Bloklara Qoşulmamaq Hərəkatı”na daxil olmaq barədə qərar da Bakını Qərbyönlü geosiyasi kursa sadiq qalmağa çağıran ABŞ və Avropa Birliyinin tənqidlərinin fonunda baş verir.
“Bloklara Qoşulmamaq Hərəkatı”na qoşulmaq Azərbaycana baha başa gələ bilər. Türkmənistan və Iranın başına gələnlər bunu göstərir. Saparmurad Niyazovun “Neytral Türkmənistan”ı öz statusunu qoruya bilmədi və kapitanını itirdi.
Hələ onu demirik ki, bu təşkilatın baş katibi hələ də Hüsnü Mübarəkdir və onun kimi diktatorların çoxluq təşkil etdiyi belə bir təşkilata üzv olmaq ölkəmizə və xalqımıza gələcəkdə nə qədər təhlükə vəd edir.
1979-cu ildə Islam inqilabından sonra “Bloklara Qoşulmamaq Hərəkatı”na qoşulan Irana gəlincə, bu təşkilat rejimi siyasi böhrandan heç cür xilas edə bilmədi. “Bloklara Qoşulmamaq Hərəkatı”nın bir çox ölkələri ABŞ-la qarşıdurmada Iranı sırf adi səbəblər üzündən dəstəkləmədi – onların Amerika və Avropa bazarlarındakı iqtisadi maraqları həmrəylik prinsiplərindən ağır gəldi.

İnformasiya şöbəsi