Rauf Arifoğlu kimə müxalifətdədi?

İlham Əliyevdən yazmaq məqamı gələndə təbi intihar edən adamın, Əli Kərimliyə şər atmaq məqamı gələndə təbi şıllaq atır

 

Vəziyyət sürətlə aydınlaşır. İfşa prosesi elə start götürüb ki, finişə birinci çatacağı şübhəsizdir. Amma bizim “ifşa komandası” hələ də oynamağa davam edir. Görünür, həqiqətən də utanmayanda oynamaq asan olur. Görmüşük ki, adamın ayıbı üzünə vurulanda, oğurluq başında yaxalananda, qəbahəti təsdiqlənəndə dilinə qıfıl vurar. “Yeni Müsavat”ın  köhnə təfəkkürlü redaktoru isə ifşalara böhtanlarla cavab verir. İndi tutarlı arqument və faktlar Rauf Arifoğlunu elə heydən salıb ki, ağası Kəmaləddini söyən Azər Əsgərovdan “ilham” alır. Obyektivliyin atasını yandırmış “Yeni Müsavat” qəzeti tirajlayıb ki, Əli Kərimli Azər Əsgərovun mülkünə görə 2 milyon manat alıb. Rauf Arifoğlunun xüsusi təyinatlı “Yeni Müsavat” qəzetinin belə “isti izlər”lə əməliyyatlar aparması çox olub. İndi bu “xəfiyyə jurnalist”, mülküdağılmışın  “təcrübə”sindən istifadə eləmək qərarına gəlib. Bəli, Rauf Arifoğlu düşünür ki,  Azər Əsgərovun köməyi ilə legitimləşəcək.  İnsafən, Rauf əfəndi bu istəyinə nail olub. İndi hamı bilir ki, Rauf Arifoğlu da “müxalifət”dədi. Bəli, Rauf Arifoğlu  AXCP-yə müxalifətdədi. Məsələn, “ Yeni  Müsavat”  qəzetinin ötən sayında əsas yazılar AXCP və onun liderinə həsr olunub.  İlham Əliyevdən yazmaq məqamı gələndə təbi intihar edən adamın, Əli Kərimliyə şər atmaq məqamı gələndə  təbi şıllaq atır.  Rauf Arifoğlu  hər gün “Səs”i , “Yeni Azərbaycan”ı utandırır.  Onlara “nümunə” göstərir ki, müxalifəti necə şərləmək lazımdı.  Sadəcə olaraq Rauf əfəndi “şərin komandası”nı təmsil etdiyinə görə “ehtiyat skamya”da adamı qalmayıb. Ya  Zahid Oruc, Aydın Mirzəzadə, Siyavuş Novruzov kimi “legioner”lərdən istifadə etməlidir, ya da başqa “idman növü” ilə məşğul olan Azər Əsgərovu komandaya salmalıdır.  İstənilən halda  Rauf əfəndinin qapısı boş qalıb. Bütün sərrast toplar “qol”a çevrilir. 

Ötən yazımızda faktlarla göstərmişdik ki, Rauf Arifoğlu Əli Kərimli haqqında hansı xoş sözləri deyib. 

“Doğrudan da, Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi.  Əli Kərimli Elçibəyin və bizim hər birimizin Cəbhəsini əldən verməmək, irticadan qorumaq, saxlamaq üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu – bir Cəbhəni qorumaq üçün. Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var, o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənaətim deyil, belə olsaydı, öz subyektiv fikrimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir” deyə, Rauf Arifoğlu “Demokratiya məhbəsdə” kitabında yazır.

İndi “Yeni Müsavat” şefi bəyan edir ki, Əli Kərimli haqqında dediklərindən imtina edir. Biz buna təəccüblənmirik. Rauf Arifoğlu bütün həyatını “təsdiq-inkar” formasında yaşayıb. İnsan özündən imtina edəndə, sözündən də  imtina edir.

Amma cənab redaktora bir sualımız var:  İlham Əliyev haqqında dediklərindən də imtina edirmi? İlham Əliyevi asıb-kəsdiyinə görə tövbə edirmi?

Çünki, arxivdə Rauf Arifoğlunun müxalifətçi vaxtlarının maraqlı məqamları var . Hökuməti yıxıb-sürüyən məqalələr hələ də qalır. 

Görünür,  “tövbə qapıları” açıq olan vaxtı Rauf Arifoğlu özünü içəri sala bilib. Nə olsun ki, bir vaxtlar o qapının kandarında gəzməyə də tövbə etmişdi.

İstənilən halda Rauf Arifoğlunu qiymətləndirmək lazımdı. Əli Kərimliyə, real müxalifət birliyinə qarşı müxalifətdə olduğunu təsdiqlədi. İndi o iqtidarda olan ən “görkəmli”  müxalifət təmsilçisidi. 

Akif