
Hüseyn Abdullayev Ramiz Mehdiyevlə Kəmaləddin Heydərova da xəbərdarlıq etdi
Keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev yeni müraciət yayıb. Hüseyn Abdullayev “facebok” səhifəsində yaydığı müraciətdə ölkə başçısı Ilham Əliyev, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ünvanına sərt ittihamlar irəli sürüb. Hüseyn Abdullayevi hiddətləndirən anasının yanına buraxılmamasıdır: “Dəyərli bacı-qardaşlarım və çox hörmət bəslədiyim ağsaqqal, ağbirçəklərim!
Yəqin razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm vərən hər bir insan, heç zaman yaşlı qadından intiqam almaz və yaxud, yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz və əminəm ki, buna qarşı kəskin şəkildə mənə etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o necə sülhsevər və hər hansı zorakılığa qarşı çıxan insandır. Onu da xüsusilə qeyd edirəm ki, mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə hazır olan birisidir”.

Keçmiş deputat buna görə Ilham Əliyevi sərt ittiham edərək yazır: “Amma dərin ikrah hissi ilə deməliyəm ki, sadaladığım dəyərlər məsuliyyət hissini tam itirmiş Ilham Əliyev üçün tamamilə əhəmiyyətsiz bir anlayışa çevrilmişdir. Belə ki, artıq bir neçə gündür bu avtoritar rejimi təmsil edənlər heç bir səbəb göstərmədən anamın Almaniyaya gelib məni görməsinə mane olur. Bunun adı acizlikdir, qorxaqlıqdır və əlbəttə ki, insanlıq duyğularını tamamilə itirməkdir.
Əziz dostlar, heç problem yoxdur, qoymurlar qoymasınlar. Onsuz da yaşlı olan anam neçə vaxtdır yorulub bu uzaq yolları gedib-gəlməkdən. Və mən də hesab edirəm ki, hələlik gəlməsin və qalsın öz vətənimizdə. Amma mən buradan Ilham Əliyevə, Ramiz Mehdiyevə və o avantürist psevdobəstəkar Kamala bəyan edirəm ki, əgər mənim anamın, ya da başqa bir ailə üzvlərimin başından bir tük əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvləri daşıyacaq. Eyni zamanda onları əmin edirəm ki, Hüseyn Abdullayev nə qədər öz xalqına ürəkdən bağlıdır, o qədər də haqsızlığa və despotizmə qarşı mübarizəsini aparacaq”.
Son olaraq Hüseyn Abdullayev ölkə başçısına onun keçmişinə qara yaxmamağı məsləhət görüb. O, bildirib ki, Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir.



