Hakimiyyətin AXCP-ni hədəf seçməsi təsadüfi deyil

Təşkilata olan basqılar, həbslər iqtidarın repressiv siyasətinin tərkibidir

Son günlər AXCP-yə qarşı “səlib yürüşü” yenidən start götürüb. Artıq hakimiyyət bütün insani dəyərləri ayaq altına alaraq, mübarizə insanlarının doğmalarını hədəf seçib. AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlunu şərləyib həbs edəndən sonra, AXCP Naxçıvan şöbəsinin fəalı Hicran Qasımovu həbs etdilər. Ancaq bununla da kifayətlənmədilər və Hicran bəyin həyat yoldaşı və anasını da saxladılar.

AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin gülünc iddia ilə hələ də həbsdə saxlanılmasının da bir adı var.

Bundan başqa, AXCP mətbuat Xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilovun da qondarma ittihamlar həbsi, heç şübhəsiz, bəlli məqsədlərə xidmət edir. Bundan başqa, Qarabağ döyüşlərində əlil olmuş AXCP sədrinin müşaviri Asif Yusiflinin də reallıqdan uzaq ittihamlarla saxlanılması mənzərəni tamamlayır. 

Bir sözlə, vətəndaş cəmiyyətinin təmsilçilərinə olan basqılardan sonra 2-ci zərbəni alan AXCP-dir. Bu təşkilatın fəalları bir-birinin ardınca həbs olunurlar.

Namizəd Səfərov: “Hakimiyyət fəal mövqe tutan şəxsləri çəkinmədən 37-ci ilə uyğun olaraq həbsə atır”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov bildirdi ki, son 20 ildə insan hüquq və azadlıqları hazırkı kimi məhdudlaşdırılmırdı. Hakimiyyətin siyasi iqtidarını qorumaq üçün bütün repressiv tədbirlərə əl atdığını deyən N.Səfərov vurğulayıb ki, hakimiyyət ona ünvanlanan istəklərə məhəl qoymayaraq repressiyaları daha da gücləndirməkdədir: “Hakimiyyət vətəndaş cəmiyyətində fəal mövqe tutan şəxsləri çəkinmədən, bütün etirazlara baxmadan həbsə atır. Ictimai fikir hakimiyyət üçün heç bir əhəmiyyət kəsb etmir.  Dünyanın və beynəlxalq təşkilatların nə deməsindən asılı olmayaraq hakimiyyət kimi gəldi həbs edir. Son həbslər buna misaldır. Mən bunu qətiyyətlə pisləyirəm”.

Milli Şurada son həblərin də ciddi müzakirə olunduğunu deyən N.Səfərov vurğuladı ki, hazırda yaşananlar 37-ci ili xatırladır.

Rövşən Əhmədli: “Hakimiyyətin repressiyaları ilə barışmayanların önündə AXCP üzvləri gəlir”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hesab edir ki, bu gün cəmiyyətdə müqavimət göstərən hər bir təşkilat, hər bir fərd hakimiyyətin hədəfindədir. Hazırda Milli Şuranın demokratik düşərgənin əsas güc mərkəzi olduğunu deyən R.Əhmədli bildirdi ki, bu təşkilatda isə ən fəal partiya AXCP-dir: “Milli Şuranın keçirdiyi hər iki mitinqdə AXCP-nin fəal şəkildə iştirakı, mitinqin uğurlu alınmasında rolu danılmazdır. Bütün bunlar hakimiyyətin nəzərindən yayına bilməz. Bu gün bir çoxları müxalifət adına iddia edə bilərlər. Amma mahiyyətləri etibarı ilə onlar hakimiyyətin siyasətini yürüdən bir qurum kimi çıxış edirlər. Bütün bunların fonunda hakimiyyətə qarşı olan bütün təşkilatlar hədəfdədir. Ona görə AXCP-nin fəal üzvlərinin həbsi təbii görsənir. Hakimiyyət bir cizgilər cızıb. Iqtidarın siyasətinə qarşı çıxan hər bir təşkilat repressiyalara hazır olmalıdır”.

R.Əhmədli bildirdi ki, hakimiyyətin apardığı siyasətə alternativ fikir söyləyənlər, qanunsuzluq və ədalətsizliklə barışmayanlar hədəfdədir. “Hakimiyyət bu siyasətlə, repressiyalarla barışmayanların üstünə gəlir. Onları ailələri ilə imtahana çəkir. Bu mübarizəni aparan insanların önündə də AXCP üzvləri gəlir. Bu mübarizədə olan hər bir kəsi də repressiya və təqib gözləyir”, deyə R.Əhmədli vurğuladı.

Xəyal