Azər Qasımlı
REAL Hərəkatının İdarə Heyətinin üzvü
Bu gün çoxlarının beynində bir sual var: Rusiyaya qarşı Qərbin sanksiyaları, dünya bazarında neft qiymətlərinin kəskin şəkildə düşməsinin Azərbaycana ciddi təsiri olacaqmı? Ümumiyyətlə Azərbaycanda siyasi dəyişikliklər mümkündürmü? Mümkündürsə, bu nə zaman baş verəcək və bu dəyişiklikləri şərtləndirən hansı amillər var?
Balans siyasətinin sonu
Demokratikləşməyə təkan verəcək vacib amillərdən birincisi – dünya siyasətində baş verən fundamental dəyişikliklər nəticəsində balanslaşdırılmış xarici siyasətin tükənməsidir. Neçə illərdi Azərbaycan iqtidarı balans siyasətini həyata keçirir. Balans siyasətini uğurla həyata keçirmək üçün iqtidar Rusiya ilə Qərb arasında sərt münasibətlərin olmasında heç bir zaman maraqlı olmayıb. Çünki belə bir vəziyyət yarandıqda Azərbaycan iqtidarının hər iki tərəf arasında oynamaq imkanları daralır və buna görə də siyasi risklər artır. Bu gün Qərb ölkələrinin sanksiyaları və dünya bazarında neft qiymətlərinin surətlə düşməsi nəticəsində Rusiya iqtisadiyyatında ciddi problemlər yaşanır. Rus rublu surətlə dəyərdən düşür, kiçik və orta şirkətlər müflis olma dərəcəsinə çatıb, xarici kapital ölkədən qaçır, artıq bu rəqəm 150 milyarda yaxınlaşıb, sonuc etibarilə də 2015-ci ildə iqtisadi artım 0-ın üzərində gözlənilir.
Slans inqilabı
Digər tərəfdən, ABŞ-da baş verən slans inqilabının nəticəsi olaraq dünya siyasətində neft və qaz erası bitməkdədir. ABŞ artıq qaz hasilatına görə “Qazprom”u qabaqlayaraq dünyada birinci yerə çıxıb, irəlidə isə neft və qaz ixrac edən ölkəyə çevriləcək. Slans inqilabı bitməmiş ABŞ bu gün alternativ enerji inqilabını da yaşamaqdadır. Sonuc etibarilə ABŞ-ın daxili bazarında dünyanın ən ucuz energetikası yarandı. Bütün bunlar ABŞ-ın qlobal birinciliyini daha da möhkəmləndirəcək. Amma ən əsası odur ki, neft və qaz – artıq dünya siyasətinin, qeopolitikanın əsas faktorlarından biri olmayacaq. Çünki bir tərəfdən slans yataqlarının dünyanın bir çox bölgəsində və ölkəsində mövcud olmasıdır, digər tərəfdən isə alternativ enerji ilə bağlı olan texnologiyalar gələcəkdə Avropa ölkələrində, müəyyən müddətdən sonra isə dünyanın əksər ölkələrində geniş şəkildə tətbiq ediləcək. Bütün bunların yaxın gələcəkdə iqtisadiyyatı əsasən neft satışından asılı olan ölkələrə, o cümlədən də Azərbaycan iqtidarına sarsıdıcı təsiri olacaq, balanslaşdırılmış xarici siyasəti isə təbii ki, mümkünsüz edəcək.
Sosial gözləntilərin sonu
İkinci amil – ölkədə sosial gözləntilərin kəskin şəkildə azalmasıdır. Neft satışından eldə ediləcək gəlirlər 10 il əvvəl əhalinin böyük hissəsində sosial gözləntilər yaratmışdı. Azərbaycanda neft gəlirlərinin pik dövrü artıq arxada qaldı. Nəticədə neft özü ilə bərabər bir tərəfdən ölkəyə zənginlik, digər tərəfdən isə sosial gözləntilərə rəğmən dərin sosial uçurum və ədalətsizlik gətirdi. Üstəlik, neftin qiymətinin dünya bazarında düşməsi və ölkəmizdə neft hasilatının azalması yaxın 3 il ərzində iqtisadiyyatda böyük problemlər yaradacaq. Dünya bazarında mövcud qiymətlərlə iqtidar yalnız 2 il ərzində büdcəni indiki səviyyədə saxlaya bilər. Daha sonra büdcə kəsirlərini aradan qaldırmaq məqsədi ilə infrastruktur layihələrini azaltmaq məcburiyyətində qalacaq, bu da öz növbəsində işsizlik yaradacaq. Bundan başqa, Azərbaycan iqtidarı kiçik və orta biznesin və əhalinin üzərinə əlavə sosial yük qoymaq, dövlət xərclərini azaltmaq məqsədi ilə büdcə təşkilatlarında çalışanları ixtisar etmək məcburiyyətində qalacaq. Sonuc etibarilə sosial gözləntilərin tamamən düşməsi siyasi tələblərin artması ilə nəticələnəcək. Siyasi tələblərin artması və infrastruktur layihələrin azalması nəticəsində elitanın parçalanması baş verəcək, çünki piroq daraldıqca piroqu yeyənlərin sayında da ixtisarın olmaması mümkünsüzdü. İlk növbədə də rayon elitalarının loyallığı sarsılacaq.
Orta təbəqə
Üçüncü amil – son 20 ildə neft dollarları nəticəsində formalaşan orta sinfin mövcudluğudur. Orta sinif əsasən kiçik və orta biznes, özəl sektorda və banklarda çalışanlardan ibarətdi. Qazandığı mülkiyyətin toxunulmazlığını arzulayan orta sinif siyasi dəyişikliklərdə maraqlıdır və siyasi açılıma əslində çoxdan hazırdı. İndiyənə qədər başqa ölkələrdə baş verən siyasi dəyişikliklər ya yuxarıdan, siyasi elitalar tərəfindən həyata keçirilib, məsələn qardaş Türkiyədə İsmət İnönünün siyasi iradəsi nəticəsində, ya da ki, siyasi iradə olmadıqda altdan, sosial partlayışlar və ya siyasi etirazlar nəticəsində, yəni hakimiyyət dəyişikliyi nəticəsində mümkün olub, məsələn Ukraynada olduğu kimi.
Bir sözlə ölkəmizdə yetişən siyasi dəyişikliklər yalnız bir faktora dirənəcək – ölkə başçısının siyasi iradəsinə. Bu olmadıqda altdan siyasi dəyişikliklərin baş verməsi qaçılmazdı.


