İndi AXCP liderinə şər-böhtan deyən adam bir vaxtlar belə yazırdı
“Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. Bu, yalnız mənim qənaətim deyil, faktdır, hadisədir, tarixdir, gerçəklikdir”
“Yeni Müsavat” qəzeti və bu qəzetin baş redaktoru Rauf Arifoğlu yenə də AXCP və onun lideri Əli Kərimliyə qarşı şər kampaniyasına start verib. Artıq bu kampaniya ənənə halını alıb və hakimiyyətin vəziyyəti pisləşən kimi Arifoğlu qollarını çırmayıb düşür ortalığa. Hərçənd, hər belə canfəşanlıq sonda baş redaktorun daha çox ifşa olunması ilə bitir. Yenə də adamın özünü ifşa etdiyi günlərdir.
Arifoğlu AXCP və onun liderinə qarşı ilk dəfə deyil ki, kampaniya aparır. Əvvəlki illərdə də belə hallar tez-tez təkrarlanıb. Elə də uzaq tarix deyil, çoxlarının xatirində olar – 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində onun qəzeti Əli Kərimlini, hətta Süleyman Dəmirəllə görüşmək üçün rüşvət verməyə qədər çox absurd işlərdə ittiham edirdi (1999-cu ildə Əli Kərimli AXCP sədrinin birinci müavini kimi Türkiyənin o zaman prezidenti olan Süleyman Dəmirəllə görüşmüşdü).
İnsaf naminə, həmin vaxtlarda Arifoğlu hakimiyyəti, onun başında durmuş keçmiş prezident Heydər Əliyevi və indiki ölkə başçısı Ilham Əliyevi də tənqid edirdi. AXCP və onun sədri də hakimiyyətə indi hansı münasibətdədirsə, aşağı-yuxarı o münasibəti bəsləyirdi. Yəni, Arifoğlunun AXCP liderinə qarşı o vaxtkı şər-böhtan, qarayaxma kampaniyasının motivi fərqli – müxalifətdaxili idi.
2003-cü ilin məlum hadisələrindən (İlham Əliyev saxtakarlıq və zorakılıqla hakimiyyəti qəsb edəndən) sonra Arifoğlu həbsə düşdü və elə həbsxanadaca etiraf etdi ki, cəmi bir neçə il qabaq üzərinə ağıla gələn-gəlməyən hər cür ittiham yağdırdığı Əli Kərimli qeyrət nümunəsidir və Xalq Cəbhəsini, müxalif cameəni, demokratik düşərgəni irticadan qoruyub.
Arifoğlunun o vaxt qəzetində çap etdirdiyi və sonradan “Demokratiya məhbəsdə” adlı kitabına daxil etdiyi həmin tərifləri sitat gətirəcəyik. Hələliksə, kiçicik bir qeyd: AXCP və onun liderinin Əliyevlər hakimiyyətinə münasibəti sərtləşib ki, yumşalmayıb. Arifoğlu ilə isə ortada hər hansı şəxsi ədavət və düşmənçilik yoxdur, bütün mübahisələr ictimai-siyasi kontekstdə yaşanıb və yaşanır. Hərçənd, Arifoğlu hər dəfə mübahisə mədəniyyətinin olmadığını göstərərək, təhqirə, şər-böhtana əl atır.
Arifoğlunun Əli Kərimliyə qarşı bu cür davranışının səbəbini bilmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Onun bir müddət əvvəl səsləndirdiyi “Mən Əli Kərimlidənsə Ilham Əliyevi seçərəm” fikri bütün qaranlıq mətləblərə işıq salır. Son canfəşanlığı ilə sübut etmək istəyir ki, seçiminə sadiqdir, İlham Əliyevə qarşı olanı düşmən gözündə görür, o adamla mübarizədə hər cür vasitədən istifadəyə hazırdır.
İndi isə Arifoğludan vəd etdiyimiz sitatlar:
– Doğrudan da, Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. Çox sevinirəm ki, mənim Əli Kərimliyə və onun təşkilatındakı dostlarıma olan inamım yanılmadı və çox məmnunam ki, partiyadakı (Müsavatı nəzərdə tutur-red.) bəzi dostlarımın onlara münasibəti tam yanlış çıxdı. (“Demokratiya məhbəsdə” kitabı, səh 40, “Yeni Müsavat” qəzeti 23.10. 2003).
– Əli Kərimli Elçibəyin və bizim hər birimizin Cəbhəsini əldən verməmək, irticadan qorumaq, saxlamaq üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu – bir Cəbhəni qorumaq üçün. Və bütün sınaqlardan çıxdı. Bizimlədir. Bizimkidir. Və Əli Kərimli 16 oktyabrdan sonra 1993-cü ilin 4 iyunundan sonra Müsavatın AXC-yə etdiyinin əvəzini qaytardı. (“Demokratiya məhbəsdə” kitabı, səh. 75, “Yeni Müsavat” qəzeti 21.11.2003).
– Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var, o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənaətim deyil, belə olsaydı, öz subyektiv fikrimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir. Biz gerçəyi söyləməkdən çəkiniriksə, faktı danırıqsa, hakimiyyətdəki yalançılardan fərqimiz nədir? (“Demokratiya məhbəsdə” kitabı, səh. 60, “Azadlıq” qəzeti 25.03.2004).
İndi Arifoğlu faktı, qənaəti,ÿgerçəkliyi, tarixi satışa çıxarıb. Biz “bazar olsun” demirik. Çünki haram qazancı heç kimə arzulamırıq…
Arif


