Daha iki müsavatçı partiyanı tərk etdi
Seçki məhbusu Zakir Ismayılovun oğlu Tahir Ismayılov və veteran müsavatçı Nizami Sadıxov da qurultayın nəticələrinə, həmçinin yeni başqan Arif Hacılının qurultaydan sonra partiyada narazılara qarşı sərgilədiyi münasibətə etiraz əlaməti olaraq, Müsavatdan istefa verib.
Bu barədə “moderator.az”ın yaydığı məlumatda bildirilir ki, hər iki şəxs Müsavatın Suraxanı rayon təşkilatının üzvü olub. Onlar istefalarına səbəb kimi partiyada avtoritar idarəetməni və demokratiyanın boğulmasını göstəriblər. Onların sözlərinə görə, partiyada baş verənlər Suraxanı təşkilatında xəyal qırıqlığı yaradıb, kütləvi istefaların baş verəcəyi gözlənilir.
“Vurğun Əyyubun müzakirə mövzusuna çevrilməsi təsadüfi deyil”
Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli bəyan edib ki, əsas narazılardan biri olan və partiya rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirən Məclis üzvü Vurğun Əyyubu Müsavatdan uzaqlaşdırmağa çalışırlar.
“Sosial şəbəkələrdə partiyadan çıxarılacaq şəxslər haqqında məlumatların yayılması, onların əleyhinə kampaniyaların aparılması birmənalı olaraq, göstərişdir. Indi də Vurğun Əyyub sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib və düşünürəm ki, bu, təsadüfi deyil.
Sosial şəbəkələrdəki yazışmalar baş verə biləcək hadisələri göstərir. Məsələn, Səxavət Əlisoy haqqında orda yazılanlar artıq Divanın iclasında onun kənarlaşdırılacağına şübhə yeri saxlamamışdı, belə də oldu. Müsavatın bərpaçılarını bezdirirlər. Bu, çox avtoritar düşüncədir. Ancaq mən düşünmürəm ki, Vurğun Əyyubu partiyadan çıxara bilərlər. Bunun ətrafında məsələləri qızışdırmaq, Vurğun Əyyubun istefasına nail olmaq demək deyil. Çünki Vurğun Əyyub Müsavat Partiyasını bərpa edənlərdən və ən önəmli simalarından biridir”, – deyə Ellada Məmmədli APA-ya açıqlamasında bildirib.
Müsavatın əleyhinə kimin tapşırığı ilə yazırlar?
Müsavat başqanının müavini Səxavət Soltanlı “AzNews.az”a açıqlamasında Ellada Məmmədlinin Vurğun Əyyubla bağlı dediklərinə münasibət bildirib: “Kimlərsə sosial şəbəkədə kiminsə partiyadan çıxarılmasını, yaxud da qəbulunu da səsləndirə bilər. Mən bu fikirlərin konkret şəxslər haqqında səsləndirildiyini görməmişəm. Amma belə fikirlər səsləndirilir ki, Nizamnaməyə və partiyanın siyasi xəttinə qarşı çıxanlar qurumdan kənarlaşdırılsın. Biz bu fikirləri səsləndirənləri cəzalandıraqmı? Əgər belə şəxslərə qarşı fikirlər səsləndirənləri ”rəhbərliyin tapşırığı ilə yazırlar” deyə ittiham ediriksə, o zaman Müsavatın əleyhinə yazanlar, fəaliyyət göstərənlər kimin tapşırığı ilə bunu edirlər? Hər kəs fikir səsləndirəndə diqqətli olsun ki, yarana biləcək haqlı suallar qarşısında aciz duruma düşməsin”.
Səxavət Soltanlı vurğulayıb ki, Nizamnaməyə və partiyanın qərarlarına əməl etmək partiyanın hər bir üzvünün borcudur: “Bu borcu da hər kəsin hər kəsə xatırlatmaq borcudur. Hər kəsin hüquqları bərabərdir. Heç kimin xüsusi imtiyazi yoxdur”.
“Müsavatda nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacam”
Müsavat başqanlığına keçmiş namizəd Qubad Ibadoğlu Isa Qəmbərin qardaşı Rövşən Qəmbərin gələn ilin aprelində narazıların Demokratik Müsavat Partiyası yaradacaqları haqda söylədiklərinə münasibət bildirib: “Mən də sizin kimi bu məlumatı mətbuatdan almışam. Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm. Müsavatda qalmaq və son müşavirədə təqdim etdiyim yaxın dövr üçün barışıq naminə ”Təkliflər və eləcə də Müsavat Partiyasının işinin yenidən qurulması, gücləndirilməsi ilə bağlı Tövsiyələr Paketi”nin reallaşması istiqamətində çalışmaq niyyətindəyəm. Tərəfdarlarıma bir daha müraciət edərək onları partiyada qalıb yoluna davam etməyə çağırıram.
Eyni zamanda, bəyan edirəm ki, idarəetmə səviyyəsindən asılı olmayaraq Müsavat Partiyasında nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacam və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacam. Müsavatın yeniləşməsi üçün çalışacam. Hesab edirəm ki, Müsavat yeniləşməzsə, bu hakimiyyət də dəyişməyəcək. Odur ki, Müsavat Partiyasının sivil, şəffaf və demokratik partiayaya çevrilməsi üçün töhfələrimi əsirgəməyəcəm. Bu transormasiya dövründə əsas diqqətimi partiyadaxili demokratiyanın inkişafına yönəldəcəm”.
“Mövqe az və ya çox ola bilməz, o, ya olur, ya da ümumiyyətlə olmur!”
Müsavat başqanlığa keçmiş namizəd, partiyadan xaric edilən Səxavət Əlisoy Müsavat Partiyasında baş verənlərlə əlaqədar konkret mövqe sərgiləməyən üzvlərə işarə edərək, “facebook” səhifəsində bu haqda fikirlərini paylaşıb: “Mövqeyi olmayan kəslə mənə görə qoyunun və ya uzunqulağın əsla fərqi yoxdur. Mövqe az və ya çox olmur, o, ya olur, ya da ümumiyyətlə olmur! Bu gün bəzi zatlar mövqesiz qalmaqla guya ağıllı, müdrik olduqlarını göstərir. Belə deyil, dostlar, ya cəsarət ortaya qoyun, gerçək sifətinizi sərgiləyin, ya da gedin, birinin əlindən, digərinin də ətəyindən öpüb susun, el dili ilə desək, tüpürdüyünüzü yalayın”.


