20-21 noyabr tarixində Batumidə keçirilmiş Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun VI illik assambleyası qalmaqalla yadda qaldı. Belə ki, Azərbaycandan gedən hökumətyönlü QHT (GONGO) təmsilçiləri toplantıdan qabaq Azərbaycanda insan haqlarına dair zalda təşkil olunmuş şərgi-stendrləti dağıtdı, hətta vicdan məhbusu İntiqam Əliyevin fotosunu cırdı. Toplantı zamanı isə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinə dair qətnamənin qəbul edilməsinə qarşı çıxdı və Ermənistan nümayəndələrinin səsverməyə qatılmamaqla göstərdikləri kömək sayəsində qətnamənin qəbuluna imkan vermədi. Məsələnin ən rəzil tərəfi isə budur ki, Azərbaycan GONGO təmsilçiləri bütün bu əməllərini “ermənilər üzərində qələbə” kimi təqdim etdilər. Toplantıda əslində nələrin baş verdiyi, ermənilərin əlinə əslində kimlərin – azərbaycanlı vicdan məhbusları ilə bağlı stendlər quranların və o qətnaməni təklif edənlərinmi, yoxsa bunlara qarşı çıxanlarınmı – oynadığına indiyədək yazılanlar və aparılan ictimai müzakirələrlə xeyli aydınlıq gətirilib. İndi isə diqqətinizə batumi toplantısında qəbulu nəzərdə tutulmuş, amma bizim GONGO-ların buna imkan vermədiyi qətnamədə nələrin yazıldığını təqdim edirik. Oxuyub əlavə nəticəni özünüz çıxararsınız.
***
Azərbaycan, vətəndaş cəmiyyətinə son basqıları ilə özünün müasir, demokratik dövlət və Avropanın etibarlı şərq tərəfdaşı olmaq arzuları üzərində istehza edir.
Təxminən bir il əvvəl hakimiyyət tərəfindən başlayan vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət mühitinin məhdudlaşdırılması prosesinin davamı olaraq, bu yaxınlarda, 17 oktyabrda Azərbaycan Milli Məclisi onların əməliyyatlarını tənzimləyən qanunlara çox uzağa gedən əlavələr etdi. Prezident Əliyev tərəfindən təsdiq edilmiş bu əlavələr müvafiq dövlət orqanlarına səlahiyyət verəcək ki, yerli QHT-lərə verilən hər beynəlxalq qrantı fərdi qaydada təsdiq etsin. İndi nazirliklərin qrantın məqsədəuyğunluğunu müəyyən etmək, hər hansı bir qrant “dövlət maraqarı ilə ziddiyət təşkil edəcəyi halda”, onu təsdiqdən imtina etmək səlahiyyəti var. Bütün donor təşkilatlar ölkədə fəaliyyət göstərmək üçün icra hakimiyyətində əvvəlcədən qeydiyyatdan keçməlidir. Bu ilin əvvəlindən müstəqil QHT-lər tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilmiş qrantların heç biri təsdiq edilməyib. Beləliklə, vətəndaş cəmiyyəti qruplarının fəaliyyəti imkansız olub. 20-dən çox təşkilat beynəlxalq donor institutlara, beynəlxalq və yerli QHT-lərə açılmış cinayət işlərinin tərəfinə çevrilmiş, onların bank hesablarına həbs qoyulmuş, qeyri-qanunu sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə üzləşmişlər.
Son bir neçə il ərzində hakimiyyət artan xətlə vətəndaş cəmiyyəti üçün fəaliyyət imkanlarını məhdudlaşdırıb, fəalları saxlayıb və həbs edib. 15 may tarixindən 14 noyabr tarixə qədər Avropa Şurasının Nazirlər Komitəsinin sədri olaraq Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasındakı vətəndaş azadlıqları və demokratiya prinsiplərinə məhəl qoymayıb.
May ayında, Avropa Şurası Nazirlər Komitəsinə sədrlikdən əvvəl Avropa Birliyi və digər beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini müstəqil seçki müşahidəçisi Anar Məmmədlini (2013-cü il oktyabr ayında, Kişinyovda keçirilən Vətəndaş Cəmiyyəti Forumundan sonra həbs edildi), əsgər ölümlərinə etiraz edən NİDA gənclər qrupu üzvlərini və digər siyasi məhbusları, dustaq edilmiş fəalları azad etməyə çağırdı. Lakin vəziyyət daha da pisləşməyə doğru getdi və hakimiyyətin siyasətinə qarşı çıxan hüquq müdafiəçiləri bu yaxınlarda həbs edildi və onlara hökm oxundu. Həbs edilənlər arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi Arif Yunus, İnsan Haqları Klubu vətəndaş cəmiyyəti qrupunun rəhbəri Rəsul Cəfərov, gündəlik “Azadlıq” qəzetinin məşhur yazarı Seymur Həzi də var. Leyla Yunus və Rəsul Cəfərov həbs edildikləri ərəfədə Azərbaycanda həbs edilmiş 90-dan artıq bloqqer, fəal, jurnalist və siyasi partiya üzvlərinin siyahısını hazırlayırdılar.
Biz Azərbaycan hakimiyyətini aşağıdakılara çağırırıq:
– Vətəndaş cəmiyyətinə qarşı davam edən basqıları dayandırmaq, vətəndaş cəmiyyəti təşkilatlarının normal, qanuni fəaliyyəti üçün mühit formalaşdırmaq və özünün beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə:
– Siyasi motivlərlə ittiham edilən və saxta ittihamlarla həbs olunan hüquq müdafiəçiləri, jurnalistlər, siyasi fəallar və digər vətəndaş cəmiyyəti fəallarının azad edilməsi üçün təcili addımlar atmağa:
– Saxlanılan jurnalistlərin, siyasi və ictimai fəalların öz hüquqlarından istifadəsinə, xüsusi ilə də seçdikləri vəkillə təmin olunmasına, ailələri ilə görüşməsinə və digər ədalətli tədbirlərə çıxışını təmin etməyə:
– Kriminal diffamasiya qanunlarını ləğv etməyə, dinc etirazlara icazə verməyə, icazəsiz dinc aksiyaları təşkil və iştiraka görə sərt cəzaların ləğv edilməsinə.
Fundamental hüquq və azadlıqların təmin olunması, o cümlədən haqsız olaraq həbs edilmiş ictimai-siyasi fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin dərhal azad edilməsi məsələsi Avropa Birliyi və Azərbaycan arasındakı görüşlərin əsas hissəsinə çevirilməlidir.
Avropa Qonşuluq Siyasəti İnkişaf Hesabatlarında Azərbaycana edilmiş tövsiyyələrə necə əməl olunduğuna dair monitorinq və hesabatlılıq kifayət qədər təmin edilməlidir.
Assosiyasiya Sazişi və ya 1996-cı ildə imzalanmış Strateji Müasirləşmə Tərəfdaşlığı çərçivəsində AB-Azərbaycan əlaqələrində danışıqlar üçün insan hüquqları sahəsində açıq və ölçülə bilən inkişaf şərt kimi qoymalıdır.
İnsan hüquqları pozuntularında, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması üçün qanuni mühiti daratlmaqda, vətəndaş cəmiyyətinə basqılarda iştirak etmiş, siyasi motivlərlə ittihamlar irəli sürən və həbslər həyata keçirən rəsmilərə müəyyənləşdirilmiş sanksiyalar nəzərdən keçirilməlidir.