AXCP mitinqlərə qərar verdi

Əli Kərimli hakimiyyəti diktatorların faciəvi sonluğundan nəticə çıxarmağa səslədi

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) dünən ölkədəki hazırkı ictimai- siyasi vəziyyətin müzakirəsinə həsr edilən növbəti müşavirəsini keçirdi. Müsavat partiyasının qərargahında keçirilən tədbirə AXCP-nin Bakıdakı rayon şöbələrinin fəalları qatılmışdı.

Dünyanın diqqəti Azərbaycanda

Müşavirədə AXCP sədri Əli Kərimli məruzə ilə çıxış edərək dünyadakı son demokratikləşmə prosesləri kontekstində ölkədəki vəziyyəti təhlil etdi. O bildirdi ki, hazırda dünyanın diqqəti Azərbaycandadır. Hər gün dünyanın nüfuzlu qəzetləri, siyasi qurumları Azərbaycanla bağlı obyektiv və ardıcıl mövqe nümayiş etdirirlər.
ABŞ prezidenti Barak Obamanın iki gün əvvəlki müraciətinə toxunan Əli Kərimli bildirdi ki, o çıxışda təkcə ərəb dünyasına yox, bütün diktatorlara və xalqına zülm edənlərə mesaj var: “Bu mesaj da ondan ibarətdir ki, avtoritar, totalitar rejimlər ya islahata getməlidir, ya da demokratiya yolu kəsənləri inqilablarla yoldan kənara atacaq. Bu, təkcə ABŞ-ın mövqeyi deyil, bütün sivil Qərb dünyasının mövqeyidir”.

“Eurovision”un demokratikləşməyə töhfəsi

Azərbaycan təmsilçilərinin “Eurovision” yarışmasında qələbəsini yüksək qiymətləndirən AXCP sədri bu qələbəyə şərik çıxan hakimiyyəti sərt tənqid etdi. O dedi ki, heç bir məğlubiyyətə, uğursuzluğa görə məsuliyyət daşımaq istəməyən Azərbaycan hakimiyyətinin iki gəncin qələbəsini mənimsəməsi ikrah yaradan cılızlıqdır. Əli Kərimlinin sözlərinə görə, “Eurovision” qələbəsi demokratikləşməyə öz töhfəsini verib və verməkdə davam edəcək. Buna misal kimi o, dünya mətbuatında, yarışmanın nəticələrinə istinad olunmaqla Azərbaycan haqda obyektiv tənqidi məqalələrin dərcini göstərdi. Bildirdi ki, qarşıdakı yarışmaya qədər dünya birliyi Azərbaycanı demokratikləşməyə vadar edəcək.

Seçim edin…

Əli Kərimli, həmçinin hakimiyyəti “gözü çıxarılan qardaşlarından” – Liviya diktatoru Müəmmər Qəzzafidən, Hüsnü Mübarəkdən ibrət götürməyə çağırdı. Dedi ki, Azərbaycan hakimiyyətinin seçim imkanları var: ya qonşu Gürcüstandakı kimi, Şevardnadzesayağı ömrünü ailənin, sevdiklərinin əhatəsində və vətənində başa vurmaq yolu, ya da Qəzzafi kimi yaxınlarını və özünü fəlakətlə qarşı-qarşıya qoymaq.
“Mübarizəmiz xalqımızın azad olmasıyla nəticələnəcək”
AXCP sədri keçirilən aksiyaları da dəyərləndirdi. O, cəbhəçilərin fədakar mübarizəsini yüksək qiymətləndirərək qorxu mühitinin narazıların mütləq əksəriyyətinin meydanlara çıxmasına imkan verməməsindən təəssüfünü ifadə etdi. Eyni zamanda vurğuladı ki, bu fakta görə mübarizədən çəkilmək yox, daha prinsipial, daha qorxmaz və ardıcıl fəaliyyət olmalıdır: “Hakimiyyət anlamalıdır ki,  repressiyalarla azadlıq uğrunda mübarizəmizi dayandıra bilməyəcək. Onsuz da Azərbaycanda demokratiya qələbə qazanacaq. Bunu biz sadəcə, tezləşdirə bilərik. Feodal təfəkkürlü geridəqalmışlara bəşərriyyətin gələcəyində yer yoxdur. Azərbaycan xalqı azad olmalıdır və bizim mübarizəmiz  xalqımızın azad olmasıyla nəticələnəcək”.

Mitinqlərə davam…

AXCP sədrindən sonra digər müşavirə iştirakçılarının çıxışları dinlənildi, növbəti aksiyalarla bağlı mövqe müəyyənləşdi.
AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Asəf Quliyev repressiyaların əks-effekt yaratdığını, cəmiyyətdəki müxalif ovqatın daha da sərtləşdiyini bildirdilər. Çıxışlarda hakimiyyətin xüsusən gənclərə qarşı aqressiv davranışı qəddarlıq və anti-humanizm kimi tənqid olundu. Aksiyaların davam etdirilməsinin vacibliyini vurğulayan çıxışçılar bunu həm də məhbəsdəki silahdaşlarına dəstək kimi qiymətləndiriblər.
“Azərbaycanın müstəqilliyini qazanan bizlər bu ölkəni demokratiyaya da qovuşdurmağa iddialıyıq”, – deyə çıxışlarda vurğulanıb.
AXCP Rəyasət Heyətinin üzvləri Vaqif Pənahov, Seymur Həzi də çıxışlarında aksiyalarla bağlı mövqelərini ifadə ediblər. Çıxışçılar heç bir qorxu aparatının, ölümün belə böyük dəyərlər uğrunda aparılan mübarizənin önünü kəsmək gücündə olmadığını qeyd edərək, “qələbə bizim alın yazımızdır”, – deyə vurğulayıblar.
Daha sonra çıxışlarda yerli partiya fəallarının mövqeyi dinlənilib. AXCP-nin rayon şöbələrinin təmsilçiləri aksiyalara hazırlıq səviyyələri haqda məlumat veriblər. Ümumiyyətlə, çıxışların ümumi məzmunu mitinqlərə başlamaq ruhunda olub.
Partiyanın gəncləri adından çıxış edən Ilham Hüseynli də Azərbaycan hakimiyyətinin heç bir islahata meyl göstərmədiyini bildirərək, yalnız davamlı mübarizə ilə ölkənin firavanlığa qovuşacağını qeyd edib.

Natiq