Rauf Arifoğlu təkcə susmayıb, həm də müxalifəti söymək vədi verib

Real müxalifətə bütün çamurlar artıq “Yeni Müsavat”dan atılır; Daha etibar hüseynovlara, hafizlərə, azər həsrətlərə ehtiyac qalmayıb

Dünya çox ədalətlidir. Heç kim  gerçək üzünü axıra qədər gizlədə bilmir. Zaman hamının kimliyini şəffaf şəkildə ictimailəşdirir. Elə vəziyyət yaranır ki, təqdimat üçün “şəxsiyyət vəsiqəsi”nə ehtiyac olmur.

Bu gün AXCP-yə qarşı ən iyrənc metodlarla mübarizə aparılır. Hakimiyyət bütün komandası ilə Milli Şuranı və AXCP-ni hədəf seçib. Bu baş verənlər tarixin bütün dövrləri üçün ən ləyaqətsiz addım kimi qiymətləndiriləcək. 

Çox təəssüf ki, hakimiyyət bu “iyrənc ssenari”ni  satılmışların hesabına həyata keçirir. Yəni, bu gün real müxalifət düşərgəsinə bütün çamurları “Yeni Müsavat”ın vasitəsilə atırlar. Artıq hakimiyyətin Etibar Hüseynovlara, Hafiz Hacıyevlərə, Azər Həsrətlərə o qədər də ehtiyacı qalmayıb. Bu adamlar 3-cü dərəcəli olublar. Çünki, Rauf Arifoğlu onların hamısının “yük”ünü çəkməyi boynuna götürüb.  Bəli, Rauf Arifoğlu əməli fəaliyyəti ilə sübut edir ki,  iyrəncliklərin hələ kəşf olunmamış formalarını kəşf etməyə hazırdı. Son olaraq isə, “Batumi qələbəsi”ni qeyd etdi və ağalarına göstərdi ki, siyasi məhbusların şəkillərini cırmağa da yardımçı ola bilər.

Amma bütün bunlar kifayət etmir. Sifarişçilər daha artığını tələb edirlər. Ona görə də Rauf Arifoğlu yeni “ixtira”ya imza atdı. Son vaxtlar qeyri-insani üsullarla həbs olunmuş cəbhəçiləri ləkələməyə başladı. Bu adam sübut etməyə çalışdı ki, cəbhəçilərin həbsi “şou”dur və partiya daxilindəki ziddiyyətlərdən doğur. Bəli, Rauf Arifoğlu Müsavat partiyasındakı ab-havanı AXCP-yə transfer etməyə cəhd etdi.  Guya, partiya daxilindəki bir qanad, o biri qanadı zərərsizləşdirir və bunu hakimiyyətin dəstəyi ilə edir.

Əslində, bu “ixtira”ya görə Rauf Arifoğluna mandat düşür. Çünki, şərlənmiş insanların taleyi üzərində belə hekayə qurmaq, hakimiyyətin də ağlına gəlməzdi.

Ancaq Rauf Arifoğlunun “şər dirijor”luğu əks effekt verdi. Artıq “Yeni Müsavat” və “Səs” qəzetlərində AXCP-yə qarşı yazılan məqalələrin oxunma sayı bərabərləşib. Elə düşünməyin ki, “Səs” qəzeti “Yeni Müsavat”ın yanına qalxıb. Xeyr, “Yeni Müsavat” “Səs”in yanına düşüb. Indi ictimai-rəydə “Yeni Müsavat”la “Səs”in avtoriteti eyniləşib. Bu eynilik təkcə müxalifətə qarşı yazılan məqalələrin oxunma sayında ifadə olunmur. Həm də hər iki qəzetdə tənqid dozasının eyni olması müşahidə olunur. Yəni, “Səs” qəzeti kimi “Yeni Müsavat”da Ilham Əliyevdən, Kəmaləddin Heydərovdan, Ramiz Mehdiyevdən, Ramil Usubovdan və digərlərindən yazmağa “tövbə” edib.

Indi Rauf Arifoğlunun “Yeni Müsavat”ı ilə hakimiyyətin oxunmayan bütün media orqanları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. 
Rauf Arifoğlunun rəhbərliyi ilə start götürən kampaniyanın məqsədi, diqqəti hakimiyyətin üzərindən yayındırmaq və siyasi məhbusları gündmədən çıxarmaqdır.

Bir sözlə Rauf Arifoğlu hazırki şəraitdə hakimiyyəti güllələrdən qoruyan “bronijilet” rolunu oynayır. Maraqlı burasıdır ki, Rauf Arifoğlu özünə lider saydığı Isa Qəmbəri də tənqid etməkdən çəkinmir. Adam bildirir ki, isa Qəmbər Müsavatı böhrana saldı.

Əslində indiki vəziyyətdə Rauf Arifoğluna qarşı ən böyük nifrəti müsavatçılar sərgiləməlidir. Çünki, Rauf Arifoğlu bu partiyanı darmadağın etdi və Siyavuş Novruzov kimi admlardan müsahibə alaraq, Müsavatın taleyini müzakirəyə çıxardı.

Bu gün Rauf Arifoğlunun aşa bilmədiyi yeganə sədd AXCP-dir və bu təbiidir. AXCP səddini 20 illik hakimiyyət aşa bilməyibsə, onun əlaltıları necə aşa bilər?

Indi Rauf Arifoğlu “bükə bilmədiyi qolu sıxmaq”  keyfiyyətində olmadığı üçün, həmin qolu “dişləmək”lə məşğuldu.
Bu gün AXCP-yə qarşı repressiyalara “don” geyindirmək də, bu “dişləmənin” görsənişidir. “Yeni Müsavat” qəzeti AXCP-də müxtəlif qanadlar axtarır. Bu bədbəxt anlamır ki, AXCP  vahid qanadı olduğuna görə bu günə qədər yaşayıb. Rauf Arifoğlu kimi qanadı hakimiyyətin əlində olanlar isə AXCP-nin yüksəkdən uçmasına mane ola bilməz. Çünki azad səmalar  “xəstə quş”ları qəbul etmir.
Bəs, Rauf Arifoğlu şeytanı heyrətləndirən addımları niyə atır?

Bugünlərdə müsahibə verən “Yeni Müsavat” şefi bildirib ki, parlamentdə təmsil olunmaq istəyir. Hətta, başqa iddialarının da olduğunu bildirib.
Bir mandata görə, çoxlu pula görə şərin keşikçisinə çevrilməyə dəyərdimi? Bu günə qədər düşərgəsini dəyişənlər çox olub. Ancaq bu adamlar susmaqları qarşısında aldıqları ənamla kifayətləniblər. Rauf Arifoğlu isə təkcə susmaq üçün razılaşmayıb, həm də söymək vədi verib. Yəqin, AXCP-yə qarşı  şər-böhtan kampaniyasını işıqlandırmağın ənamı daha böyükdür.

Hakimiyyət sevgisi, vəzifə hərisliyi, pul düşkünlüyü  hakimiyyətdə olanları diktatora çevirir. Bu puldan, vəzifədən pay umanlar isə, diktatorun uşaqlarına çevrilirlər. “Ögey ata”ya qarşı bu qədər sevgiyə tarix az-az təsadüf edir.

Bu gün AXCP mübarizənin bütün dövrlər üçün örnək ola biləcək  tarixini yaradır. Həm diktatorla, həm də dikatorun uşaqları ilə vuruşur. Haqq mütləq qalib gələcək və şərin qoşunu  təzim etmək üçün sıraya düzüləcək.

Akif