Oqtay Əsədov başda olmaqla deputatlar Avropa Parlamentinin ünvanına sərt ittihamlar səsləndirdilər
Milli Məclisin dünənki iclasında Avropa Parlamenti hədəfə alınıb. Deputat Çingiz Qənizadə bildirib ki, Avropa Parlamentinin rəhbəri Martin Şultsun və ondan əvvəlki digər açıqlamalar bir mərkəzdən idarə olunur. Onun sözlərinə görə, bu açıqlamalarda 5-6 adamın adı çəkilir ki, dövlət hansısa addımlar atmağa məcbur olsun:”Qanun hamı üçün qanundur və heç kəs ayrıseçkiliyə məruz qala bilməz. 15-20 nəfər tanınmış şəxsin həbsdə olduğu halda, əsasən bir-iki nəfərin adı davamlı çəkilir. Sanki vaxtilə bunlar onlara xidmət edib, indi onlar bunlara xidmət edirlər”,- deyə Çingiz Qənizadə əlavə edib.
YAP-çı deputat Siyavuş Novruzov da iddia edib ki, Avropa strukturları Azərbaycanla bağlı ədalətsiz qərarlar qubul edir. YAP-çı deputat həmçinin bildirib ki, heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. “Biz hər dəfə bir addım atdıqca bu təşkilatlar bizim üstümüzə gəlirlər. Təsəvvür edin, Allah eləməmiş Amerikada öldürülən uşaq Azərbaycanda öldürülsəydi, bunu gecə-gündüz telekanallarda şərhsiz yayardılar”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Deputat Sabir Rüstəmxanlının sözlərinə görə isə Avropada dəbdəbəli adlar altında anti-Azərbaycan təşkilatları var və onların hücumları təəccüblü deyil. Sabir Rüstəmxanlının fikrincə, bütün bunlar Yaxın Şərqə, Islam dünyasına qarşı kampaniyanın tərkib hissəsidir: “Ən qorxulusu isə odur ki, Avropa bu təzyiqləri ”Avropa dəyərləri” altında ikili standartlarla həyata keçirir. Ermənistanın davranışlarını görməzliyə vurur, Azərbaycana qiymət verməyə çalışır. Bu, böyük mənada əslində səlib yürüşünün davamıdır. Bu gün 92 ölkədə gizli fondların təşkilatları var ki, dövlət içində dövlət qurular. Azərbaycan elə də böyük dövlət deyil, böyük problemi var, bundan istifadə edirlər. Bu təzyiqlər üzümüzə gələn ildə bir az da artacaq. Ona görə dövlət orqanlarının xalqla, gəncliklə, mətbuatla daha ehtiyatlı olması, təzyiqləri azaltması lazımdır. Kənar bizim dövlətə, biz də öz vətəndaşımıza təzyiq edirik. Bunun qarşısı alınmalıdır”.
Vitse-spiker Bahar Muradova da çıxışında Avropa strukturlarını ittiham edərək deyib: “Bəzən deyirlər ki, Azərbaycanda bizim tərəfdaşımız azadlıqda qalmayıb. Sizin tərəfdaşlarınız Azərbaycanda yalnız Leyla Yunus, ya onun kimi məqsədlərə xidmət edən 5-6 nəfərdir? Xahiş edərdik ki, onlar tərəfdaşlıqla bağlı mövqelərini sərf-nəzər etsinlər, biz də işimizi bilək. Biz heç kəsə təzyiq göstərmirik. Hər kəs törətdiyi əmələ görə cəzasını almalıdır. Kimsə hesab edirsə ki, dövlətin mənafeyini satıb həyatını sürəcək, biz buna imkan verməyəcəyik”.
Spiker Oqtay Əsədov isə Avropa strukturlarının mötəbərliliyini şübhə altına alıb. Spiker bildirib ki, həmin təşkilatların müstəqilliyi yoxdur:”Bu baxımdan “mötəbər təşkilatlara” bel bağlamaq olmaz. Bir “STOP” komandası ilə hərəkət edirlər. Bu mənada dövlətlərlə əlaqə qurmalıyıq. O təşkilatlara bel bağlayan belsiz qalar. Avronestin, Avropa Parlamentin adı var özü yox. Biz bunlarla niyə işləməliyik? Bizə təzyiqlər çox olacaq. Bunun da səbəbləri çox dərindir?.
Deputat Əli Hüseynli isə iddia edib ki, Martin Şults Azərbaycanı təhqir edib: “Rəsmi sayta onun bəyanatında Azərbaycan hökuməti deyil, Azəri hökuməti əksini tapıb, bu da onun münasibətini göstərir”.