Din və Demokratiya Mərkəzi 2011-ci il mayın 21-də Şüvəlan Cümə məscidinin dini icmasının üzvləri ilə “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirdi.
Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu öncə dindarların diqqətini ətraf mühitlə davranışa dair Quran etikasına cəlb edərək ayələr işığında ətraf mühitə müqəddəs Kitabımızın təlqin etdiyi münasibətdən danışdı. Çağdaş islam ilahiyyatçıları tərəfindən təbiətin, bütün varlıqlar aləminin yazılmamış Quran kimi vəsfləndirdiyinə diqqət çəkən məruzəçi qeyd etdi ki, təbiət öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan (“Məgər görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə…” – Hacc surəsi, 18) insanların da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə alınmalıdır.
N.Qasımoğlu iştirakçıların diqqətini həm də ona çəkdi ki, insanların istifadəsində olan torpaq, su, hava, od, meşə, çay, dəniz və s. Hamının ümumi sərvəti hesab olunsa da, bunların üzərində şəriksiz mülkiyyət hüququu, Quran məntiqinə görə, Tanrıya məxsusdur: “Onundur göylərdə nə varsa, yerdə varsa” (Həcc surəsi, 64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi mündəricəsi təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi təsdiq edir.
Qurumun sədr müavini Vasif Sadıqlı bədii ədəbiyyatımız və ekologiya məsələsindən danışdı. “Bədii ədəbiyyatımız bizə yüksək estetik şüur sahibi olmaqda kömək edir. Biz onun köməyi ilə təbiətin gözəlliyini, bu gözəlliyin səltənətini, cəlalını və ehtişamını daha yaxşı dərk edirik. Bu isə ona qayğı ilə yanaşmağı bir vəzifə kimi qarşımıza qoyur”. V.Sadiqli ədəbiyyatımızda canlı və cansız təbiətin struktur vahidlərinin şəxsləndirilməsinin ekoloji nəticələrindən danışaraq öz fikirlərini “Kitabi-Dədə Qorqud” dastanları, Nizami, Füzuli və müasir ədəbiyyatımızdan gətirdiyi sitatlarla əsaslandırdı.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova “Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda çıxış etdi. Bildirdi ki, Bakının əsas ekoloji problemlərdən biri atmosfer havasının çirklənməsidir. Son illər əsasən köhnə avtomobillərin sayının artması, poliqonlarda tullantıların yandırılması ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Məruzəçi ekologiya sahəsində vətəndaşların üzərinə düşən vəzifələrdən danışdı. Sonra mövzu ilə əlaqədar çıxış edən axund Şinasi Məmmədyarov tədbirin əhəmiyyətindən danışaraq xüsusi olaraq vurğulayıb ki, dini dəyərlərin ekoloji müstəvidə nəzərdən keçirilməsi dinimizin mahiyyətinə uyğun təbliğinə və bu istiqamətdə zəruri maarifləndirmə işinə də yaxşı töhfə verə bilər. Sonda icma üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində keçirilir. Bundan əvvəl bu cür tədbirlər Xəzər Universitetinin “Dünya” məktəbində, akademik Zərifə Əliyeva adına məktəbdə, 189 və 190 saylı orta məktəblərdə gerçəkləşdirilib.