Bu qədər ləyaqətsizlik necə mümkün olur?
Son günlər AXCP-yə qarşı “səlib yürüşü” yenidən start götürüb. Artıq hakimiyyət bütün insani dəyərlərə tüpürərək, bütün ləyaqətsizliyi qəbul edərək, mübarizə insanlarının doğmalarını hədəf seçib. AXCP Təşkilat Şöbəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlunu şərləyib həbs edəndən sonra, AXCP Naxçıvan şöbəsinin fəalı Hicran Qasımovu həbs etdilər. Ancaq bununla da kifayətlənmədilər və hicran bəyin həyat yoldaşı və anasını da saxladılar. Sonradan məlum oldu ki, bu 2 qadını 13 saat ac-susuz saxlayıblar, zorla polis maşınına mindirblər və psixoloji işgəncəyə məruz qoyublar. Naxçıvanın daxili işlər naziri isə bu xanımlara deyib ki, bir də ayağınız Naxçıvana dəysə, sizi həbs edəcəm. Bəli, 21 illik Əliyev hakimiyyətinin Azərbaycana gətirdiyi dəyər bundan ibarətdir. 2014-cü ildə Azərbaycan hakimiyyəti ailə başçısının mübarizəsinə görə, ananı və həyat yoldaşını həbs edə bilir. Bu ləyaqətsilziyin ən son həddi, hüquqsuzluğun zirvəsi, əxlaqsızlığın görünməmiş formasıdır.
Bu ölkədə düz danışmaq, haqqı təlbə etmək, vicdanını satmamaq təhlükəlidir. Hakimiyyət rəqiblərinə iyrənc formada mübarizə aparır. Mənliyi olan, özünə hörmət edən adam qadını qisas vasitəsinə çevirə bilərmi?
Gecə-gündüz Azərbycandakı inkişafdan danışırlar. Görünür, bu inkişaf qeyri-insani rəftarın zirvəyə dırmaşmasında ifadə olunur.
Bu, təkcə bir mübarizə insanına qarşı münasibət deyil. Bu həm də Azərbaycan hakimiyyətinin xalqa nifrətinin göstəricisidir. Bu adamlar o qədər azğınlaşıblar ki, şərlənmiş insanların taleyi üzrənidə xoşbəxt ola bilirlər.
Son günlər AXCP-yə qarşı aparılan repressiya hakimiyyətin siyasi cinayətkarlıqla məşğul olduğunu sübuta yetirdi.
Bu qədər repressiya, təzyiqlərdən sonra AXCP-nin ayaqda olması, təslim olmaması rejimi narahat edir. Hakimiyyət istəyir ki, susdura və sındıra bilmədiyi yeganə gücü sıradan çıxarsın. Bunu isə ancaq şərəfsiz mübarizə ilə həyata keçirmək olar. Azərbaycan xalqı anlamalıdır ki, bu təkcə cəbhəçilərin susdurulması deyil, həm də xalqın tamamən kölələşdirilməsi üçün aparılan əmliyyatdır.
Bu sətirlərin yazıldığı zaman məlum oldu ki, AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli şərlənərək həbs olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təsəvvür edin ki, Asif Yusifli əməliyyatdan yeni çıxıb, əsa ilə gəzir, sağlamlığını Qarabağ müharibəsində itirib. Hakimiyyət isə bütün bunlara baxmayaraq öz iyrəncliyini davam etdirir.
Yəni, bu hakimiyyət üçün qadın, qoca, əlil, qazi olmağın heç bir mənası yoxdur. Bütün mənəvi dəyərlərdən məhrum olmuş adamlar üçün, mənəviyyat adamları dəyərsizdir.
Bugün dünyanın heç bir yerində, heç bir hakimiyyət bu qədər cılızlığı özünə sığışdıra bilməz. Bu qədər açıq qanunsuzluq, insanların şərlənməsi heç bir ölkədə baş vermir. Bu diktatura deyil, insan cəmiyyətinə yad olan münasibət formasıdır.
Bütün bu qeyri-insani davranış ona görə mümkün olur ki, bu adamlar bütün insani dəyərləri “boşayıblar”. Bunlar mənəviyyatsızlıq “subay”larıdılar.
Ancaq bu qədər repressiya və təzyiq vasitələri AXCP-nin daha da böyüməsini təmin edəcək və yeganə alternativ olduğunu təsdiqləyəcək.
Bir gün gələcək bu cinayətlərə görə hamı cavab verməli olacaq. Haqqın məhkəməsindən heç kim qurtula bilməyəcək.
Bugün yaxınları ilə şantaj olunan cəbhəçilər, xəstə vəziyyətdə həbs olunan Qarabağ qazisi yeni tarix yaradırlar. Bu hadisələrdən sonra hakimiyyətə qarşı nifrət daha da artacaq. Hər bir insanın həbsi onun yaxınlarının da bu prosesə qoşulmasına, hakimiyyətin iç üzünün açılmasına xidmət edəcək.
Azad


