«20 min abonentin nömrəsinin işlək vəziyyətə gətirildiyi barədə deyilənlər həqiqətə uyğun deyil»
Rabitə və Informasiya Texnologiyaları Nazirliyi “Catel” şəbəkəsini bərpa etməyə çalışır. “OLAYLAR”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nazir müavini Iltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda nazirlik bununla bağlı həm özünün, həm də digər operatorların köməyindən yararlanır: “Bugünə qədər 20 minə yaxın abunəçinin nömrəsi işlək vəziyyətə gətirilib. Bu işdə ”Bakı Telefon Rabitəsi” Istehsalat Birliyinin xidmətlərindən istifadə olunub. Digər “Catel” abunəçiləri üçün də mobil rabitə xidmətini bərpa etmək üçün “Catel” rəhbərliyi ilə müzakirələr aparılır. Konkret hansı qərarın verilməsi yaxın günlərdə dəqiqləşəcək”.
Abonentlərin verdiyi məlumatlarda isə nazir müavininin bəyanatının həqiqətə uyğun olmadığı üzə çıxır. Belə ki, əslində barəsində danışılan 20 min abonentin nömrələrinə “sönmə əməliyyatı” toxunmayıb. Bunlar 447 və 448 indeksli simli stasionar tipli “Catel” (ev) nömrələridir. Onlar söndürülmədiyi üçün də bərpa olunmayıb. Əvvəlki qaydada çalışırlar. Söndürmə əməliyyatına isə 415, 417, 418 indeksli stasionar və 040 kodlu mobil nömrələr məruz qalıb. Qeyd edək ki, yuxarıda sadalanan indeksli və kodlu nömrəni daşıyan abonentlərin sayı 100 min nəfərdir. Bu tipli nömrələrin aylıq abunə haqqı 10 manatdır. Beləliklə, “Catel” şirkəti aylıq 1 mln manat gəlirdən məhrum olur. Onun təhcizatçıları və distribüterlərinə ciddi ziyan dəyir. Abonentlərə (istehlakçılara) gəlincə, onlara dəyən ziyan daha böyükdür və onun dəyərini tam qiymətləndirmək xeyli çətindir. Çünki onlar rabitəsiz və internetsiz qalıblar. Məlum olduğu kimi, bu tipli nömrələrdən əsasən xırda və orta sahibkarlar istifadə ediblər. Sahibkarların biznes telefonunun söndürülməsi onun fəaliyyətinin iflic edilməsinə bərabərdir. “Catel” abunəçilərinə dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə gəlincə, nazir müavini bu məsələnin ölkə qanunvericiliyinə uyğun həll ediləcəyini bildirib: “Bizim vəzifəmiz mövcud lisenziyalar çərçivəsində xidmətin təşkilinə şərait yaratmaqdır. Məlum texniki problemlər var ki, hazırda onun həlli o qədər də asan deyil. Nazirliyin ”Catel”i məhkəməyə vermək səlahiyyəti yoxdur”.



