
Mehman Səlimovun tutulmasının səbəbi nədir?
Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Turan-a faktı təsdiqləyib. O, başqa detalları açıqlamayıb. Mehman Səlimova qarşı istintaqın Hərbi Prokurorluq tərəfindən aparılmadığını nəzərə alsaq, güman etmək olar ki, həbs onun Müdafiə Nazirliyindəki fəaliyyəti ilə bağlı deyil.
Mehman Səlimov 1995-99-cu müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub. Qeyri-rəsmi mənbələrə görə, son illər bizneslə məşğul olub
Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun baş qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. Qeyd edək ki, Mehman Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, baş qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edildi.
Hərbi ekspert Üzeyir Cəfərov da onun işdən çıxarılması Nəcməddin Sadıqov haqqında verdiyi açıqlamalarla əlaqələndirir. O, “Azadlıq”a bildirib ki, Mehman Səlimov məhz həmin açıqlamalardan sonra hədəfə gəlib. Keçmiş nazir müavinin həbsinə gəlincə, Üzeyir Cəfərov bunun səbəbləri barədə heç deyə bilməyəcəyini söyləyib: “Açığı Mehman Səlimovun həbsi mən üçün gözlənilməzdir. Mehman Səlimov döyüş keçmiş cəsarətli zabit olub. Mən inanmıram ki, onu hərbi fəaliyyətinə görə həbs ediblər. Fikrimcə, Mehman Səlimovun həbsi onun sonrakı fəaliyyətilə bağlıdır. Qeyd edim ki, o, işdən çıxarılandan sonra bizneslə məşğul olurdu”.



