Fəzail Ağamalı çətin sual qarşısında

Deputat hansı məsələdə Əliyevlə Elçibəyi eyniləşdirdi?

Bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Müstəqillikdən danışanda təbii ki, ilk növbədə yada 1991-ci ildə müstəqillik aktına imza atan deputatlar düşür. Martın 7-də Ali Sovetdə keçirilən səsvermədə 254 lehinə, 6 nəfər bitərəf olmaqla, cəmi 43 istiqlalçı deputat SSRI-nin saxlanmasıyla bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, ölkəmizin dövlət müstəqilliyinə səs verib. Məhz bundan sonra xalq hərəkatının təzyiqi və istiqlalçı “43-lər”in səyi nəticəsində 1991-ci il avqustun 30-da Ali Sovet dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə, oktyabrın 18-də isə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib.
“Yeni Müsavat” qəzetinə açıqlamasında millət vəkili Fəzail Ağamalı müstəqillik aktına imza atanların “istiqlalçı deputat” adlandırılmasının əleyhinə olduğunu bildirib: “Kim verib onlara ”istiqlalçı deputat” adını?! Xalq ayağa qalxmışdı və xalqın içindən çıxan deputatlar konstitusiya aktının qəbuluna nail oldular. Xalqın iradəsi ortada olmasaydı, bu aktı qəbul edə bilməzdilər. O istiqlalı qazanan Azərbaycan xalqı idi. Istiqlalı reallaşdıranlar xalqın arzularını reallaşdıran millət vəkilləri idi. “Istiqlalçı deputat” etiketlərini işlədirsiniz. Sonra bu etiketlər onların başına bəlaya çevrilir. Mənim kifayət qədər arqumentim var. Millətin nailiyyətini 10 nəfərin, 100 nəfərin adına yazmaq düzgün deyil”.
Əgər Fəzail Ağamalı xalqın nailiyyətinin bir neçə nəfərin adına yazılmasının əleyhinədirsə, o zaman Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adına bağlanması cəhdini necə izah edir? Elə bu sualla onun özünə müraciət etdik.
Fəzail Ağamalının fikrincə, istiqlalçı deputatlarla H.Əliyevi müqayisə etmək doğru deyil: “O, xalqın iradəsi ilə hakimiyyətə gəlib və Azərbaycanın parçalanmasının qabağını alıb”.
Belədə əks arqument ortaya qoyula bilər ki, o zaman Heydər Əliyev də tək deyildi. Onun yanında Rəsul Quliyev, Sirus Təbrizli, Əli Insanov və digərləri var idi. Bəs onların xidmətlərini hara yazaq? Bu suala isə Ağamalının cavabı belə olub: “Onlar Heydər Əliyev amilinin ətrafında birləşmişdilər. Heydər Əliyevin göstərişlərini yerinə yetirirdilər”.
Fəzail Ağamalı maraqlı müqayisə də apardı: “Necə ki, 1988-1992-ci illərdə Milli Azadlıq Hərəkatının lideri Elçibəy idi… Onun ətrafında olanları – Isa Qəmbəri, məni və başqalarını Elçibəylə eyniləşdirmək olmaz. O zaman qabaqda gedən Elçibəy idi”.
Beləliklə, Fəzail Ağamalı suala konkret cavab verə bilmədi.

Elmin