Körpələr-kölələr məsələsi

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Insanları ucaldan, onları özlərindən sonrakı uzun zamanlar boyu unudulmaz qılan, yaşadan ali ideallardır. Istedad və intellekt insanı mənəvi mənada uzunömürlü edə bilmək üçün çox azdır. Insan həm də bəşəri ideallarla, yüksək mənəvi dəyərlərlə həmişəyaşarlıq qazanır. Ehtiramla xatırlanır. 

Azərbaycanda bunu dərk etməkdə çətinlik çəkənlər var. Hətta onlar az deyillər, çoxdurlar, çoxluqdadırlar. Belələri düşünürlər ki, istədikləri qədər yalan danışa, həqiqəti sırtından vura, yaltaqlıq edə bilərlər, üç-beş alaçiy şeir, bir-iki ortabab hekayə, mahnı, rəsm… onsuz da onların bu pis əməllərini unutduracaqdır. Amma baxın, unutdurmur.

Müxtəlif zamanlarda istedadlarını, intellektlərini asanlıqla, heç bir vicdan sızıltısı keçirmədən maddiyyata dəyişdirənlərin yarğılanması başlayıb. Bəli, bu ağrılı prosesdir, əksəriyyət uzun müddət ideallaşdırdığı, “dahi”, “əvəzolunmaz” saydıqları adamların tənqid hədəfinə çevrilməsini sinirə bilmir, onlarla bağlı əsl həqiqəti qəbul etmək bir yana qalsın, sadəcə, eşitməyə belə, çətinlik çəkir.

Hətta son zamanlar yazılarında mənəvi ideallardan dəm vuran, yalanın, yaltaqlığın mənəvi normaya çevrilməsindən tez-tez şikayətlənən bir çoxlarının artıq həmin adamların –  psevdoşair-yazıçıların, psevdo ziyalı-ziyanlıların gözlənilməz şəkildə müdafiəsinə qoşulduqlarını görürəm. Guya, onlar əsl mədəniyyət hadisəsi olublar, onlardan sonra yaranan nə varsa zay, keyfiyyətsiz, yararsızdır. Mən belələrini də başa düşürəm. Illər uzunu ədalət, haqq, hüquq bağırıb, hətta bir çoxları vəhşi kapitalizmin mənəvi dəyərlər üzərində qələbəsindən yanıqlı-yanıqlı danışıb, yazılarını Sol düşüncənin daşıyıcısı olan dönməz, əyilməz yaradıcı adamlardan sitatlarla, onların zalım güc qarşısında mətanətlə dayanması barədə örnək həyat hekayələri bəzəyib,  indi oliqarxların çirkli pullarından qidalanan saytların girovuna çevriliblər, kompleks keçirirlər, öz vicdanlarını rahatlatmaq üçün də əqidəsini deputat mandatına dəyişən şairin, istedadını komfort və karyera vasitəsinə çevirən yazıçının “vəkili” rolunu məmnuniyyətlə üzərlərinə götürürlər. Hələ biri var, məddahlıq ədəbiyyatının “parlaq” nümayəndələrini göyün yeddinci qatına qaldırarkən, çox ağır şərtlər altında azad ədəbiyyat nümunələri yaradan yeni ədəbi nəsil nümayəndələrini öz aləmində “körpələr” (həmin müəllifin öz təbiri ilə desək, bioloji yox, sosial yaş mənasında) adlandırmaqla onları aşağıladığını düşünür, yeni nəsil yazarlarının yazdığını ucdantutma “cızmaqara” hesab edir. Olsun. “KÖRPƏLƏR”i söyüb, amma KÖLƏLƏRI müdafiə etməyi özünə rəva görmək – bu, əsla təəccüblü deyil, davamlı şəkildə oliqarx şirəsi içməyin məntiqi sonudur!

Amma kim nə deyir desin, bu, bütün zamanların dəyişməz həqiqətidir: özünü mənəvi ideallardan məhrum edib, bəşəri dəyərlərdən yoxsul qalıb böyük sənət yaratmaq mümkünsüzdür. Sistemlərin “şar” kimi üfürüb doldurduğu, kütləyə əvəzedilməzlər kimi sırıdığı, “xalq şairi”, “xalq yazıçısı”, “xalq artisti”, “xalq rəssamı” vəzifəsinə təyin etdiyi “böyüklərin” ömrü elə həmin Sistemlərin ömrü qədərdir. Sistemlər çökdükcə bu “böyüklər” də havaya buxarlanır, kirli, tozlu arxivə gömülürsə, rişxəndlə dediyiniz “körpələr”in nə günahı var?!

Axı əvvəldə də yazdıq: həmişəyaşarlığın, əbədi uğurun həlledici şərti nə istedaddır, nə intellekt. Həlledici şərt həyatını və yaradıcılığını yüksək mənəvi ideallar, ali dəyərlər üzərində qurmağa, onların ayaqda qalmasına, zəfər qazanmasına nail olmaqdır. Yalan və yaltaqlıqla, Şər ələkçisinə qılverənliklə, tarixin və insanlığın utancı, üzqarası olan rejimlərə, zülmə züytutanlıqla nə qədər uzağa getmək olardı ki?! Həmin rejimlərlə bərabər onların yaratdığı kölələr ordusunun da ədəbiyyat, mədəniyyət səhnəsindən silinib getməsi, yaddaşlardan yoxa çıxmasında hansı gözlənilməzlik var? Bu bəyəm həmişə bilinən bir Son deyilmi?

Ən əsası: indi buna görə günahı onların özündə axtarmaq əvəzinə suçu yeni nəslin üzərinə atmaq, mənəvi köləliklə  hesablaşmağı, onun ləğvini, mənəvi kölələrin vicdanlardakı yarğısını top-tüfənglə qarşılamaq nə qədər məntiqli, nə qədər normaldır?!